Simsar.az | bizi özünüzə Simsar bilin
Dövlət qurumları 31 suala cəmi 2 cavab verib

Media Hüququ İnstitutu Azərbaycanda ifadə azadlığının durumu ilə bağlı aylıq hesabat açıqlayıb 

Hesabatda deyilir ki, “Gündəlik Azərbaycan” və “Realnı Azerbaydjan” qəzetlərinin həbsdə olan qurucusu Eynulla Fətullayevlə bağlı məhkəmə prosesləri bitmək bilmir: “Hazırda karserdə saxlanılan jurnalistin vəkilləri onunla bağlı bütün qərarların ədalətsiz, sifarişli olduğunu bildirirlər. 

Tənqidçi medianın azsaylı nümayəndələri davamlı olaraq basqı altındadır. Fevralda təkcə sərt siyasi məzmunlu mövqeyi ilə seçilən “Xural” qəzetinə qarşı 5 məhkəmə prosesi davam edib, həftəlik nəşrin üzərinə ödənilməsi çox zor olan təzminat yükü qoyulub. Jurnalistlərə qarşı fiziki və ya psixi basqıların ardı-arası kəsilmir. Ötən ay peşə fəaliyyətini yerinə yetirən 7 jurnalist basqıya məruz qalıb. Həmin faktların, eləcə də əvvəlki aylarda baş verən belə olayların ədalətli araşdırılması təmin olunmayıb”.

“Teleradio düzənlənməsi” bölümünə görə, teleradio yayımı səhəsində dövlət tənzimlənməsini həyata keçirən Milli Televiziya və Radio Şurasının fəaliyyətindən narazılıq artır: “Fevralda Teleradio Şurasının 103.3 FM tezlik resursu üzrə elan etdiyi müsabiqənin nəticəsindən narazı qalan “Obyektiv Televiziya və Radio Yayım Şirkəti” və “Radio Obyektiv” bu qurumu məhkəməyə verib. İddiaçılar müsabiqənin nəticələrinin qanunsuz olduğunu, bu səbəbdən nəticələrin ləğvini xahiş ediblər”.

“İnformasiya azadlığı” bölümündə xatırladılır ki, Azərbaycan prezidenti “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası”nı təsdiqləyib: “Həmin sənədə görə, informasiya sahibləri açıqlanması qanunla qadağan olunmayan hüquqi aktları, hüquqi aktların layihələrini və məhkəmə aktlarını elektron informasiya sistemləri vasitəsilə sorğular verilmədən internet informasiya ehtiyatlarında yerləşdirməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, kassasiya və apellyasiya instansiyası məhkəmələrinin bütün qərarları, habelə aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da bir aydan gec olmayaraq açıqlanmalıdır.


“İnformasiya əldə etmək haqqında” qanunun işləyişində ciddi problemlər var. Qanunla açıq hesab olunan bilgilərin saytlara yerləşdirilmə faizi aşağıdır. Dövlət qurumları onlara ünvanlanan sorğuları qanunauyğun şəkildə cavablandırmır. Fevral ayında Media Hüququ İnstitutunun dövlət qurumlarına göndərdiyi 31 informasiya sorğusunun yalnız 2-nə cavab verilib”.

9 Mart, 2011  20:04 Baxılıb: 1416

Bu bölmədə