Simsar.az | bizi özünüzə Simsar bilin
DEPUTAT ERMƏNİ İLƏ DOST OLDUĞUNU TƏKZİB ETDİ

Rasim Musabəyov “Facebook”da dost siyahısını gizlədib

Qaynar.info “Facebook”da erməni istifadaçilərlə dostlaşan bəzi azərbaycanlıların adlarını açıqlayıb. Məşhur erməni rejissor Georgi Vanyanın “Facebook” azərbaycanlı dostları sırasında deputat Rasim Musabəyov da var. 

Azərbaycan torpaqlarını 20 ildir işğalda saxlayan bir ölkənin vətəndaşları ilə dostluq əlaqələri qurmaq təbii ki, müsbət qarşılana bilməz. Qanunverici orqanda təmsil olunan şəxs tərəfindən isə belə bir addım atılması isə ümumiyyətlə qəbuledilən deyil.

Ermənilər belə münasibətdən istifadə edib torpaqların işğalda qalmasına baxmayaraq, azərbaycanlıların onlara sıcaq münasibət göstərməsi faktından özlərinə sərf edən şəkildə istifadə edərlər. Məsələn, deyə bilərlər ki, Qarabağ azərbaycanlının olsaydı, o bizimlə dostluq yox, düşmənçilik edərdi.

Deputatın “Facebook” dostları arasında erməni nümayəndəsinin olması məhz bu məntiqdən acınacaqlı haldır.

R.Musabəyov isə Simsar.az-a açıqlamasında barəsində yazılanı ciddi cəhdlə təkzib edir: “Barəmdə deyilənlər səhvdi. Belə bir şey ola bilməz. Mən erməni ilə heç vaxt dostluq etmərəm”.

Həqiqəti ortaya çıxarmaq məqsədi ilə R.Musabəyovun “Facebook”dakı dostlarının siyahısı ilə tanış olmaq istədik. Deputat dost siyahısını gizlətdiyindən, buna nail ola bilmədik.

Aylin

1 Mart, 2011  18:35 Baxılıb: 1584

Bu bölmədə