Simsar.az | bizi özünüzə Simsar bilin
Maliyyə naziri: “Azərbaycanın 2011-ci il dövlət büdcəsinə yenidən baxıla bilər”

Dünya bazarlarında neftin qiymətinin artması fonunda Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılacağını istisna etmir.

Simsar.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, bu ilki büdcənin icrasında heç bir problem müşahidə olunmur: “Lakin neftin qiymətinin bahalaşması fonunda dövlət büdcəsinə yenidən baxılacağını istisna etmirik. Əvvəlki illərdə olduğu kimi, makroiqtisadi şərait buna imkan verərərsə, məsələyə baxıla bilər”.

Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transfertlərə gəldikdə isə, S.Şərifov qeyd edib ki, dövlət büdcəsinə neft sahəsindən daxilolmalar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi şəklində köçürülür: “ARDNŞ o qədər də xam neft satmır ki, orada bir o qədər artım olsun. Şirkət daha çox neft məhsulları realizə edir və bu məhsulların satışı da əksər hallarda yerli bazarda həyata keçirilir. Ölkədə isə neft məhsullarına olan qiymətlərin artımı müşahidə olunmur. Buna görə biz ARDNŞ-ın daxilolmaları üzrə əhəmiyyətli dərəcədə artım gözləmirik”.

ABƏŞ-ə gəldikdə isə nazir bildirib ki, konsorsiumda müəyyən pay bölgüsü var və bura daxil olan xarici şirkətlərin payına mənfəət neftinin 20-25%-i düşür və bu istiqamət üzrə də ciddi artım gözlənilmir: “Büdcəyə daxilolmaların bir çox hissəsi Dövlət Neft Fondunun payına düşür”.

Qeyd edək ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsinin gəlirləri 12,061 mlrd. manat, xərcləri isə 12,748 mlrd. manat səviyyəsində təsdiq olunub.

25 Fevral, 2011  18:39 Baxılıb: 1557

Bu bölmədə