Simsar.az | bizi özünüzə Simsar bilin
“İSTƏYİRƏM Kİ, HAKİMİYYƏT ÜZÜNÜ XALQINA ÇEVİRSİN"

Sizə “cib müxalifəti” deyirlər, xatırlatmasına İlyas İsmayılovun “kimsə kiminsə cibinə giribsə, Allah ona lənət eləsin” cavabı 

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun Simsar.az saytına müsahibə verib.

- Ərəb dünyasında baş verən inqilablar insanların demokratiya uğrunda mübarizəsinin, xarici qüvvələrin təsirinin, yoxsa, başqa faktorların göstəricisidir?


- Hadisələrə kənardan qiymət vermək çətin və qeyri-ciddi görünür. Keçmiş təcrübədən çıxış edib, bəzi mülahizələr söyləmək olar. Birdən-birə o qədər insanın ayağa qalxması həqiqətən düşündürücüdür. Yəqin ki, səbəb olub. Korrupsiya, hakimiyyətin siyasətindəki yanlışlıq, hüquq pozuntuları, bir sözlə, haqsızlıq ortaya belə nəticə çıxarıb. Belə durumu ərəb ölkələrinin hamısına şamil etmək olmaz. Ona görə də ərəb ölkələrindəki siyasi fəallığın səbəbləri oxşar deyil. Tunisdən fərqli olaraq, Liviyada ciddi sosial problemlər yoxdur. Şübhəsiz, xaricdən də proseslərə müəyyən təsirlər var.

- İqtisadi-siyasi durumuna görə Azərbaycan ərəb ölkələrinin hansına daha çox oxşayır?

- Azərbaycan həmin ölkələrinin heç birinə bənzəmir. Niyə də bənzəməlidir? Mən heç bir yaxınlıq görmürəm. Həmin ölkələrdə olmamışam. Bu mənada müqayisə aparmaq qeyri-ciddi olardı. Suala cavab verməkdən çəkinmirəm, sadəcə sözümün məsuliyyətini daşıyıram. Paralellər apara bilmərəm.

- Bəzi müxalifət liderləri bildirirlər ki, ərəb ölkələrində yaşananların Azərbaycanda baş verməsi üçün ilkin şərait var. Siz necə hesab edirsiniz?

- Hərə müxtəlif fikirdə ola bilər. Əvvəla, biz ikimiz də azərbaycanlıyıq. Azərbaycanda yaşayırıq. Kimin nə deməsindən asılı olmayaraq vətənimizi sevməliyik. Allah eləməsin belə hadislər Azərbaycanda baş versin. Nəticələri öncədən görmək mümkün deyil. Biri o birindən narazı qala bilər. Əlbəttə, hakimiyyətin qüsurları var: korrupsiya baş alıb gedir; insan hüquqları tapdanır... Amma inqilab baş versə, hər şeyimizi itirərik.

- Hakimiyyətin qüsurlarından dolayı insanların küçələrə çıxmaq ehtimalı nə qədərdir?

- Qəzetlərin birində politoloq Zərdüşt Əlizadənin çox gözəl təhlilini oxudum. Rəqəmlərə istinad etmişdi. Deyir ki, Azərbaycanda kasıbçılıq var, amma yaxşı yaşayanların da sayı az deyil. Bakıda bu qədər ev tikilir, satılır... Yəni Azərbaycanda elə bir şərait yoxdur ki, ciddi nəsə olsun.
Biz ərəb ölkələrində baş verənlərin Azərbaycanda baş verməsini arzulamamalıyıq. İstəyirəm ki, hakimiyyət üzünü xalqına çevirsin. Son vaxtlar korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məni sevindirir.

- Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin ərəb ölkələrində baş verənlərlə əlaqəsi varmı?

- Bir az uzaqdan başlamaq istəyirəm. Düşünürəm ki, Azərbaycanın iki böyük problemi var. Birinci, Dağlıq Qarabağdır. Bu də tam bizdən asılı məsələ deyil. Gec-tez bu problem həll olunacaq. Buna ümid edirəm. İkinci problem korrupsiyadır. Bu problem daha dəhşətlidir. Hətta müharibədən də. Müharibədə düşmənin kim olduğunu bilirsən və onun sonu olur. Amma korrupsiyada cinayətkarın kim olduğu bilinmir. Ağac qurdu kimi dövləti içindən yeyirlər. Korrupsiyanın nəticəsində insanlar dövlətə, vətənə etibarlarını itirirlər. Korrupsiya şəraitində dövlət aparatı dövlətə, millətə yox, cinayətkarlara qulluq edir. Azərbaycanda belə bir vəziyyət var. Görmədiniz, Daxili İşlər Nazirliyində işləyən şəxs insanları oğurlayıb ailələrindən pul alırdı. Bu nə deməkdir?...

- Azərbaycandakı korrupsiya sovet dövründən qalma ənənədir, mövcud sistemin siyasətidir, yoxsa insanların təbiətinin məhsulu?


- Stalinin dövründə korrupsiya olmayıb. Sistemlik də deyil. İnsanların özündən çox şey asılıdır. İnsan var təbiəti elədir ki, qanunun aliliyini istəyir, insan var nə qədər yaxşı şəraiti olsa da, haram yola meyllidir. Burada insan təbiətini nəzərə almaq lazımdır. İndi mübarizə başlayıb. Şadam ki, təşəbbüs yuxarıdan - prezidentdən gəlib. Biz yuxarıdan gələn göstərişləri icra etməyə adət etmişik. Prezident yuxarıdan göstəriş veribsə, bunu uğurla axıra çatdırmaq lazımdır. Arzu edirəm ki, bu, kampaniya xarakteri daşımasın, silkələnək və daha da təmizlənək. Biz parlamentdə qanun qəbul etmişik ki, vəzifəli şəxslər gəlirləri barədə hesabat versinlər. Hesab edirəm ki, nəinki gəlirlər, hətta xərclər barədə də hesabatlar verilməlidir. Bəzən görürsən adi bir məmur bahalı maşın sürür, bir-neçə milyonluq villa tikdirir… Belələrindən hesabat tələb olunmalıdır ki, xərclədikləri pulları haradan qazanıblar?

- Barmağınızı hansısa konkret nazirliyə, komitəyə uzada bilərsinizmi orada korrupsiya kök salıb və onun rəhbəri cəzalandırılmalıdır?

- Ad açıqlamaq istəmirəm. Korrupsiya cəmiyyətin hər tərəfində var. Təkcə bir qurumda korrupsiya olsaydı, nə vardı ki…

- Təmsil olunduğunuz parlament qanunları qəbul edir, samma icrasına nəzarət etmək funksiyasını həyata keçirmək səlahiyyətinə malik deyil. Belədə qanunların görüntü xarakteri daşıdığı qənaəti formalaşr. ..


- Milli Məclis qanunverici orqandır, icraedici yox. Korrupsiya ilə mübarizəyə dair qanunlar qəbul etmişik. Parlamentin nəzarət funksiyası büdcənin xərclənməsinə yönəlib. Amma vəzifəli şəxslərə nəzarət etmək funksiyamız yoxdur.

- Deputat həmkarlarınızdan biri bildirib ki, nazirlər deputatları saya salmır, hətta telefon zənglərinə belə cavab vermirlər. İlyas İsmayılov belə problemlə üzləşib?



- Ola bilsin, kimsə belə problemi yaşayıb. Mənimlə bağlı bu hal baş verməyib. Nazirlər məni çox hörmətlə qarşılayırlar, nazir və müavin səviyyəsində sorğularıma cavab verirlər. Telefon danışıqlarım da olur. Görünür, keçmiş fəaliyyətimlə bağlı məni tanıyırlar.

- Jurnalistlər öz aralarında söhbətləşəndə sizin adınızı aktiv olmayan deputatlar arasında hallandırırlar…

- Siz nə danışırsınız? Yəqin mənim fəaliyyətimi yaxından izləmirsiniz. Başqaları kimi mən publikaya işləmirəm. Hüquqşünasam və Milli Məclisin funksiyasını yaxşı bilirəm. Parlament seçkilərində mənim bir rəqibim var idi, Dağlıq Qarabağ probleminin həllini öz üzərinə götürmüşdü. Mənsə deputat kimi, üzərimə düşən vəzifəni yerinə yetirirəm.


- Deputatı olduğunuz dairədəki hərbi hissələrin aid olduğu Şəmkir Korpusunda bu günlərdə faciə yaşandı. Yeddi əsgərimizi itirdik. Deputat həmkarlarınız müdafiə nazirini sərt tənqid etdilər.Olayla bağlı sizin də mövqeyinizi bilmək maraqlı olardı.

- Əzizim, hər şeyi şişirtmək, qara rəngdə görmək doğru deyil. Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə olanlar orduda baş verir. Bizim dediklərimizi düşmən eşidir. Müsbət nə varsa, qoruyub inkişaf etdirməliyik. “Ordu batıb, bitin içindədir” söyləmək də düzgün deyil. Ordumuzun büdcəsi Ermənistanın dövlət büdcəsi qədərdir. Hərbi sənaye kompleksi yaradılıb. Əlbəttə ki, belə olaylar pis aura yaradır. Prezident faciəli hadisə barədə qərar verdi. Günahkarlar cəzalandırılacaq.

- Partiya sədrləri korrupsiyaya qurşananların adlarını çəkirlər. Siz vəziyyətə daha çox nəzəri baxımdan aydınlıq gətirməyə çalışırsız. Fərqli yanaşmanızda nəsə bir ciddi səbəb var?

- Bəzən deyirlər ki, İlyas İsmayılovdan söz almaq mümkün deyil. Mən hüquqşünasam və qanundan çıxış edib danışıram. Özümə hörmət edirəm. Bilmədiyim nəsə haqqında niyə danışmalıyam? Ehtimalla danışmağı sevmirəm. Dəqiq bildiklərimi deyirəm.

- Boş-boş danışan partiya sədrləri var?

- Mən ad çəkmək istəmirəm, amma onların da içərilərində boş-boş danışanlar var.

- Siz MSK-da təmsil olunması üçün müavininiz Elxan Şükürlünün adını parlamentə təqdim etdiniz. Amma Ədalət Partiyası MSK-dan kənarlaşdırıldı. Hüquqşünas kimi bunu necə qiymətləndirirsiniz?

- Elxan Şükürlünün adını parlamentə göndərmişdik. Qəbul etmədilər və o yeri Ana Vətən Partiyasına verdilər. İzah edəndə müəyyən şeylərlə razılaşmalı olursan. Deyirlər ki, Ana Vətən Partiyasının parlamentdə iki deputatı var, amma Ədalət Partiyasının bir. Hesab edirdik ki, bizə də yer verəcəklər. İndi mən neyləyim ki, Ədalət Partiyasına MSK-dan yer vermədilər. Çox təəssüf edirəm. Elxan Şükürlü çox ləyaqətli adamdır və ondan yaxşı MSK üzvü olardı.

- İlk gündən müşahidə olunurdu ki, MSK və parlament Ədalət Partiyasından Oqtay Hümbətlini komissiyada görmək istəyir. Partiya isə buna zidd qərar qəbul etdi. Ola bilərmi ki, sırf cəza naminə partiyanızı MSK-dakı yerindən məhrum etdilər?

- Bu sualı qərar qəbul edən insanlara ünvanlayın. Mən etirzamı bildirdim. Danışmamaq da etirazın bir formasıdır. Parlamentin sonuncu iclasında danışmadım. Sadəcə, özümə sığışdırmadım. O barədə Fazil Mustafa danışdı.

- MSK-dakı keçmiş nümayəndəniz Oqtay Hümbətli mətbuata açıqlamasında bildirib ki, siz onunla telefon danışığında «Elxan Şükürlü məni boğaza yığıb» demisiniz.

- İnanmıram ki, Oqtay müəllim belə fikir işlətmiş olsun. Çünki mən onunla bu barədə danışmamışam.

- Oqtay Hümbətli partiyaya gəlir?

- Yox, gəlmir. Yəqin bizdən inciyib.

- Açıqlamısndan belə hiss olunur ki, Elxan Şükürlü də sizdən inciyib. Hətta sizi mandatınızdan imtina etməyə çağırıb. Niyə həmin məsələdə sona qədər prinsipiallıq göstərmədiniz?

- Gücüm nəyə çatır, onu da etdim. Siz cavansınız. Belə danışmaq sizə də Elxan Şükürlüyə də asandır. Yaşa dolduqca hər şeyi dərk edəcəksiniz. Mən maksimalist deyiləm, utopiyanı qəbul etmirəm. Avantürizmin tamamilə əleyhinəyəm. Mən həyata real baxan siyasətçiyəm.

- Siz həmişə real olmusunuz yoxsa, yaşlaşandan sonra?

- Çalışmışam həmişə real olum. Siyasət mümkün olanı əldə etmə məharətidir. Mümkün olmayan şeyin dalı ilə gedib özünü də, insanları da yormağın mənası yoxdur. Mən avantürizmin də əleyhinəyəm. Avantüristlər hakimiyyətə gəlsə, insanlara fəlakət gətirərlər. Utopiyada yaxşı niyyət var, amma əldə etmək mümkün deyil.

- Mümkün olan deputat mandatı əldə etməkdir. Buna nail olmusunuz. Mümkün olmayan isə Azərbaycanda prezident postunda əyləşməkdir. Ona görə də siz birinci ilə qane olmusunuz. Yanaşmam düzdür?

- Xalq arxanda dursa, prezident də olmaq olar. Mümkün olmayan da olmur. Sadəcə, şərait yetişməlidir. Mümkün olmayan işin dalınca gedib insanları bədbəxt etmək olmaz.

- İlyas İsmayılov üçün mümkün olmayan çox şey var?

- Prezident olmaq istəyirdim, ola bilmədim. Heç vaxt maddiyyatın dalınca qaçmamışam, mənəviyyatı üstün tutmuşam. Bu saat Qarabağı azad etməyi elə istəyərdim... Sərkisyanı özündən razı görəndə yuxumu da itirirəm. İstəyirəm Qarabağı alım, amma mümkün deyil də.

- Mövcud siyasətdən narazı kontingent istəyir ki, müxalifət partiyası sədri hakimiyyətin ünvanına sərt tənqidlər işlətsin, deputatdısa mandatından imtina etsin ki, onu real müxalifət adlandırsınlar. Siz loyal mövqe tutursuz. İctimai rəydə barənizdə «cib müxalifəti» anlayışı formalaşıb. Bu anlayışa münasibətiniz necədir?

- Biz cəmiyyətin hansısa təbəqəsinin səviyyəsinə enməməliyik. Cəmiyyətin səviyyəsini, siyasi şüurunu qaldırılmaqla məşğul olmaq lazımdır.
Kimsə sərt danışır, deyirlər ki, o, əsl müxalifətçidir. Sərt danışmaq, söyüş söymək qəhrəmanlıq deyil. İnsanların taleyilə oynamaq olmaz. Çox təəssüf ki, bizdə müxalifət anlayışı da monopoliyaya götürülüb. Mən deputat seçiləndən sonra dedilər ki, Ədalət Partiyası müxalifət deyil. Məndən qabaq siz də deputat seçilmişdiniz. Özü də bir deyil, bir neçə adamla təmsil olunurdunuz. Kimsə kiminsə cibinə giribsə, Allah ona lənət eləsin. Kimsə hansısa maddi marağa görə mənliyini satıbsa, mən elə adamlara nifrət edirəm.

- İndiki şəraitdə mitinqlərin keçirilməsinə ehtiyac varmı?

- Nəyə görə mitinq keçirməliyəm? Bayaq dediyim kimi, mümkün olanın dalınca getmək lazımdır. Xalqın qarşısına çıxıb onları nə səbəbə döyüdürməliyəm?

- Ədalət Partiyası üzvlərinin sayı imkan verirmi, ciddi aksiyalar keçirsin?

- Əlbəttə imkan verir. Siz ondan narahat olmayın. Vaxtilə başqa partiyalarla birlikdə mitinq keçirəndə belə qərara gəldik ki, hər təşkilat mintinqə ayrı-ayrılıqda adam çıxarsın və sıralar arasında da məsafə olsun. Həmin vaxt mitinqə 800 adam çıxarmışdım. Amma başqa partiyaların adamları çox idi. Məlum oldu ki, onlar pul xərcləmişdilər. Mən o yolla gedən deyiləm. Viktor Hüqonun belə bir sözü var. İnsanların böyüklüyü onun boyu ilə ölçülmədiyi kimi, millətlərin də böyüklüyü onun sayı ilə müəyyən olunmur. Bu yanaşmanı Azərbaycandakı partiyalara da aid etmək olar.

- Əvvəllər mətbuat yazırdı ki, İlyas İsmayılov Rusiyanın adamıdır . Amma oğlunuz Etimad İsmayılov Rusiyada həbs olundu və cəza çəkir. İstərdim bu məsələyə də aydınlıq gətirəsiniz.

- Bir ata kimi onu deyə bilərəm ki, oğlumun həbsi məni çox ağrıdır. Çünki o, günahsızdır. Cinayəti olsaydı, özüm ondan üz döndərərdim. Etimad İsmayılov Çelyabnski vilayətində kənd təsərrüfatı ilə bağlı koorporasiyada işləyib. Koorporasiyanın keçmiş rəhbərinin cinayət xarakterli əməllərinə görə, oğlumu sifarişlə həbs etdiriblər. Məqsədləri odur ki, Etimad cəza çəksin, özləri isə 40 milyonu yesin.
Qaldı ki, mənim Rusiyanın adamı olmağımla bağlı deyilənlərə, bu, bədxahların işidir. İlyas İsmayılov heç vaxt heç kimin adamı olmayıb. Mən özümün adamıyam. İndi Rusiyada iki milyondan çox azərbaycanlı yaşayır. Çoxu da bazarlarda işləyir. Amma mən SSRİ-də mühüm bir nazirliyin şöbə müdiri olmuşam və böyük əraziyə rəhbərlik etmişəm. İndi Rusiyada çox pis proseslər gedir. Hətta mənə müəyyən şəxslər deyirlər, İlyas, yaxşı ki, oğlunu öldürməyiblər.

Ruslan XƏLİL

24 Fevral, 2011  18:09 Baxılıb: 2271

Bu bölmədə