Simsar.az | bizi özünüzə Simsar bilin
MSK -nın sədri yenə Məzahir Pənahov oldu

Natiq Məmmədov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova isə katib seçiliblər

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edib. İclasda qurumun sədri, müavini və iki nəfər katibi seçilib. Belə ki, qurumun sədri Məzahir Pənahov, onun müavini Natiq Məmmədov, katiblər isə Mikayıl Rəhimli və Arifə Muxtarova seçiliblər.


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev MSK üzvlərinə tövsiyələrini verib.


Xatırladaq ki, indiyə qədər Məzahir Pənahov MSK sədri, Şaitdin Əliyev onun müavini, Natiq Məmmədov katib olub. Digər katib vəzifəsi isə boş idi.


Fevralın 22-də Milli Məclis tərəfindən MSK üzvlüyünə seçilmiş 18 nəfərlik siyahıda bu şəxslərin adları yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bir siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan – Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

24 Fevral, 2011  17:24 Baxılıb: 1490

Bu bölmədə