Simsar.az | bizi özünüzə Simsar bilin
FHN-in 18 əməkdaşı işdən xaric edilib

Fövqəladə Hallar Nazirliyində kollegiya iclası keçirilib

Fevralın 18-də Fövqəladə Hallar Nazirliyində 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. 

Simsar.az nazirliyin saytına istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kollegiya iclasında çıxış edərək nazirliyin fəaliyyətinin ayrı-ayrı sahələrində 2010-cu il ərzində görülmüş işlər barədə məlumat verib, həlli vacib məsələlər, qarşıda duran vəzifələrdən danışıb.

Kəmaləddin Heydərov bildirib ki, dünyanı bürümüş böhran proseslərinə baxmayaraq, Azərbaycanın bugünkü durumu, dayanıqlı inkişaf templəri Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar və düzgün iqtisadi siyasətin nəticələridir. Nazirin sözlərinə görə, FHN 2010-cu ildə qarşısında duran vəzifələrin öhdəsindən, əsas etibarilə, gəlib, Nazirliyin Aparatı, qurumları normal ştat rejimində işləyib, infrastrukturun inkişafı prosesləri uğurla davam etdirilib.

Ölkənin taxıla olan tələbatının ödənilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir, eyni zamanda, 2010-cu ilin yaz aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranmış təhlükəli vəziyyətlə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə fövqəladə hadisə rayonuna cəlb olunmuş Nazirliyin qüvvələrinin xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlərə toxunub, həmçinin, Nazirliyin qüvvələrinin beynəlxalq xilasetmə əməliyyatlarında yaxından iştirak etdiyini vurğulayıb.

Nazir çıxışında Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən FHN tərəfindən həyata keçirilən tədbirlər barəsində də danışıb. Qeyd edib ki, 2010-cu ildə Nazirliyə daxil olmuş 58 müraciət Nazirliyin əməkdaşlarının qanunsuz hərəkətləri barədə olub, bu müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılıb.

Həmin müraciətlər, eləcə də daxil olmuş əməliyyat məlumatları əsasında aparılmış araşdırmalar zamanı cinayət xarakterli hallar aşkar edilmiş 15 material hüquq-mühafizə orqanlarına, əsasən, Respublika Baş Prokurorluğuna göndərilib, həmin materiallar əsasında 12 cinayət işi başlanıb. Həmin cinayət işlərindən 4-ü Nazirliyin vəzifəli şəxslərinin korrupsiya əməlləri ilə bağlı olub, 2 cinayət işi üzrə istintaq başa çatıb və Nazirliyin 4 əməkdaşı məhkum olunub. Bundan başqa, 2010-cu ildə aparılmış araşdırmaların nəticəsi olaraq Nazirliyin 48 əməkdaşı barədə intizam tənbehləri görülüb, onlardan 18 əməkdaş xidmətdən (işdən) xaric edilib, 2 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 əməkdaş vəzifəsindən azad edilib, 24 əməkdaş barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

Nazir onu da bildirib ki, digər cinayət işləri isə özünü FHN-in əməkdaşı və ya Nazirliyin vəzifəli şəxslərinin yaxın adamları kimi təqdim edərək Nazirliyə işə düzəltmək adı ilə vətəndaşları aldadaraq onlardan pul almış şəxslər barəsində olub.

Kəmaləddin Heydərov bildirib ki, korrupsiya hüquqpozmalarının aşkar edilməsi və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması işi FHN sistemində daim diqqət mərkəzindədir və bundan sonra da davam etdiriləcək.

18 Fevral, 2011  23:42 Baxılıb: 3291

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası