Simsar.az | bizi özünüzə Simsar bilin
Xocalı faciəsinin 19-cu ildönümü onlarla ölkədə qeyd olunacaq

Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə dünyanın onlarla ölkəsində tədbirlər, anım mərasimləri, sərgi və konfranslar keçiriləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə anım mərasimləri, dəyirmi masa və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş olunacaq.

Ukrayna, Belarus, Estoniya, Litva, Latviya və Moldovada, Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək tədbirlərə bu ölkələrdəki Azərbaycan diasporu ilə yanaşı, türk, yəhudi icmalarının, eləcə də ölkələrin ictimai-siyasi təşkilatlarının, parlament nümayəndələrinin qatılacağı gözlənilir.

Türkiyənin bir sıra şəhərlərində də anım mərasimləri, konfrans və dəyirmi masalar təşkil olunacaq. Bu qəbildən tədbirlər Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də təşkil olunacaq. Misir, Birləşmiş Ərəb Əmirlikləri, İsraildə Xocalı faciəsi ilə bağlı elmi-praktik konfranslar keçiriləcək, fotosərgilər təşkil olunacaq.

Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə tədbirlər ABŞ Corc Vaşinqton, Hyuston, Vaterloo, Florida, Kanadanın Toronto universitetlərində, Avstraliya və Yeni Zelandiyada da keçiriləcək.

18 Fevral, 2011  22:16 Baxılıb: 2202

Bu bölmədə