Simsar.az | bizi özünüzə Simsar bilin
Dəmiryolçular 2010-cu ilin yekunlarını müzakirə etdi

İclasda şəffaflığın daha da artırılması, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlərin intensiv şəkildə davam etdirilməsi tapşırılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2010-cu ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, tədbirdə “Azərbaycan Dəmir Yolları”nın sədri Arif Əsgərov geniş məruzə ilə çıxış edib. O, bildirib ki, 2010-cu ildə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ölkəmizin həyatında mühüm yer tutan nəqliyyat sektorunda genişmiqyaslı islahatlar həyata keçirilib, böyük nailiyyətlər əldə edilib. Belə ki, ölkə başçısı 6 iyul 2010-cu il tarixində “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”ni təsdiq edib: “Bu tarixi bir sənəddir və Proqramda Azərbaycan polad magistralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb”.

Arif Əsgərov deyib ki, 2010-cu il ərzində dəmir yolu stansiyalarından 14,9 milyon ton yük göndərilib. Halbuki 2009-cu ildə isə bu rəqəm 13,2 milyon ton təşkil edib. Onun sözlərinə görə, ötən il 1 milyon 655 min ton çox yük göndərilib və bu göstərici əvvəlki illə müqayisədə 12,5 faiz artıb. Ümumi yük daşımaları isə 2010-cu il ərzində 22,3 milyon ton olub və əvvəlki ilə nisbətən bu daşımalar 1 milyon 551 min ton və yaxud 7,5 faiz artıb.

QSC sədri deyib ki, ötən il yol üzrə sərnişin daşımaları 4 milyon 802,4 min nəfər təşkil edib. O cümlədən, birbaşa əlaqə 316,8 min nəfər, yerli əlaqə 1 milyon 946,8 min nəfər olub.

Arif Əsgərov iclasda dəmir yolunda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının yanvarın 27-də keçirilmiş geniş iclasında verilmiş tapşırıqlardan da danışıb. O qeyd edib ki, yanvarın 27-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib. İclasda əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları vurğulanıb, bu sahədə olan mövcud problemlərin aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Bundan başqa, fevralın 17-də Nəqliyyat Nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı toplantı keçirilib. Kollegiyanın işində dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq nazirliyinin müvafiq strukturlarının fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda duran vəzifələr təhlil olunub, qarşıya mühüm vəzifələr qoyulub. Arif Əsgərov deyib ki, şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlərin bundan sonra da intensiv şəkildə davam etdirilməli, həmçinin dəmir yolunda təhlükəsizlik məsələlərinə diqqət artırılmalıdır.

18 Fevral, 2011  22:02 Baxılıb: 1705

Bu bölmədə