Simsar.az | bizi özünüzə Simsar bilin
Malta xarici işlər naziri Azərbaycana gələcək

Vaqif Sadıqov etimadnaməsini Malta prezidenti Corc Abelaya təqdim edib

Fevralın 17-də Azərbaycan Respublikasının İtaliyadakı, eyni zamanda Malta Respublikasındakı səfiri Vaqif Sadıqov etimadnaməsini Maltanın Prezident Sarayında prezident Corc Abelaya təqdim edib. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Vaqif Sadıqov Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycana səfər etməklə bağlı dəvətini Corc Abelaya çatdırıb.
Vaqif Sadıqov Azərbaycan və Malta arasında sabit əməkdaşlığın mövcud olduğunu, bununla belə, ikitərəfli əlaqələrin bütün sahələr üzrə, xüsusən də siyasi, iqtisadi, habelə turizm və mədəniyyət sahələrində genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. O, Malta baş nazirinin müavini, xarici işlər naziri Tonio Borqun Azərbaycana səfərinin gözlənildiyini və bu səfərin Azərbaycan və Malta arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyini söyləyib.
Vaqif Sadıqov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı da ətraflı məlumat verib. O, danışıqların indiyədək heç bir nəticə vermədiyini və ölkəmizin ərazisinin Ermənistanın işğalı altında qalmaqda davam etdiyini təəssüflə qeyd edib.
Corc Abela Azərbaycana dəvətə görə Azərbaycan prezidentinə təşəkkürünü bildirib və Maltanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Malta prezidenti iki ölkə arasında əməkdaşlıq üçün bir çox istiqamətlərdə, xüsusən də informasiya texnologiyaları, ticarət, səhiyyə, təhsil və digər sahələrdə zəngin potensialın mövcud olduğunu dilə gətirib və ikitərəfli əlaqələrin daha sürətli inkişafına təkan vermək məqsədilə hazırda baxılmaqda olan saziş layihələri üzrə işin sürətləndirilməsini vacib sayır.

18 Fevral, 2011  21:49 Baxılıb: 1428

Bu bölmədə