Simsar.az | bizi özünüzə Simsar bilin
QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi bəyanat yaydı

Bəyanatda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətindəki tədbirlər dəstəklənir

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi son günlər korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətindəki tədbirlərlə bağlı bəyanat yayıb. 


Lent.az-ın məlumatına görə bəyanatda deyilir ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasda və Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının son iclasında ölkə rəhbərliyinin səsləndirdiyi fikirlər rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması ilə bağlı səslənmiş fikir və mülahizələr dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə ilə bağlı fəaliyyətinə yeni impuls verib. Bu sahədə atılan addımlar ictimaiyyət tərəfindən təqdir olunur və dəstəklənir. Elə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi də bu təşəbbüsləri korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin, institusional təsisatların, qanunvericilik bazasının yaradılması, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirilməsi sahəsində normativ aktların qəbul edilməsi, vətəndaş cəmiyyəti institutları ilə tərəfdaşlıq istiqamətində atılmış addımların davamı kimi qiymətləndirir.

Bəyanatda dövlət orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini dəstəklənməklə yanaşı bu prosesin davamlı olacağı və qanunçuluq çərçivəsində aparılacağına inam ifadə olunur. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi hesab edir ki, korrupsiya hüquqpozmalarına görə, ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb olunması ilə yanaşı, bu addımlar institusional islahatlarla müşayiət olunmalı, vətəndaş cəmiyyəti institutları ilə daha sıx əməkdaşlıq istiqamətində təşəbbüslər edilməlidir. Dövlət orqanları korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirərkən və Şəffaflığın artırılması və korrupsiyaya qarsı mübarizə üzrə Milli Strategiyada bəyan edilmiş prinsipləri, yerli və beynəlxalq təşkilatların bir sıra tövsiyələrini rəhbər tutmalı və bu zaman əsas insan hüquq və azadlıqlarına ziyan vuran addımlardan çəkinməlidirlər.

Şəbəkə həmçinin hesab edir ki, korrupsiyaya qarşı mübarizə həm də norma yaradıcılığı sahələrini əhatə etməlidir. Bu baxımdan Milli Məclisə daxil olan layihələrin ilkin antikorrupsion ekspertizasının keçirilməsi və bu ekspertizada ixtisaslaşmış QHT nümayəndələrinin və ekspertlərin iştirakı təmin olunmalıdır: “Hesab edirik ki, vətəndaş cəmiyyəti üzvləri, biznes strukturları, sıravi vətəndaşlar, bir sözlə bütün ictimaiyyət korrupsiya ilə mübarizəyə cəlb edilməli, onların rəyləri və fikirləri öyrənilməlidir”.

18 Fevral, 2011  20:28 Baxılıb: 1638

Bu bölmədə