Simsar.az | bizi özünüzə Simsar bilin
Faiq Ağayevlə şahidin ifadəsi üst-üstə düşməyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə zərərçəkmiş şəxslər - Azər Musayev və Ramil Bayramov ifadə veriblər. Onlar hadisə zamanı təqsirləndirilən şəxslər tərəfindən təhqir olunduqlarını və bıçaqlandıqlarını bildiriblər. Daha sonra prosesdə hadisənin yeganə şahidi olan Ziyad Əliyev ifadə verib. Ziyad Əliyev ifadəsində həmin gün Faiq Ağayevlə birlikdə “Məxməri” çay evində viski içdiklərini bildirib. Hadisə zamanı isə Natəvan Şərifovanın əlində olan pivə butulkasını aldığını deyib. 


Xatırladaq ki, xalq artisti Faiq Ağayev ifadəsində həmin gün içki içmədiklərini bildirib.


Proses fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, 2010-cu il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.


Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM) 126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.


Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.

18 Fevral, 2011  18:59 Baxılıb: 1807

Bu bölmədə