Simsar.az | bizi özünüzə Simsar bilin
Dilarə Əliyeva Elçin Əlibəylini müdafiə etdi

“Gəlsinlər Elçinlə debata...”

“Kim nə istəyir, onu da yazır. Onu demək istəyirəm ki, dəlinin biri quyuya bir daş atıb. Həmin məsələdir. Biz özümüz də xəbərin içindəyik, bilirik ki, xəbəri kimlər və necə yayırlar. Təbii ki, Elçini istəməyən qüvvələr var, insanlar var. Çünki o, həmişə sözü üzə deyir. Düzünü deyən insanları da sevmirlər”. Bu açıqlamanı Lent.az-a Elçin Əlibəylinin yaxın qohumu, aktrisa Dilarə Əliyeva verib.

Dilarə Əliyeva Azad Azərbaycan telekanalının (ATV) sabiq bədii rəhbəri Elçin Əlibəylinin məclislərin birində “Sarı gəlin”i erməni dilində oxuduğu üçün işdən çıxarılmasına münasibət bildirib: “Heç kim yazmır ki, Elçin məclislərin birində “Sarı gəlin”i ermənilərin necə təhrif etdiyini deyib. Elçin deyib ki, ermənilər, onlarda muğam olmaya-olmaya bizim “Sarı gəlin” mahnısını götürüb bəsit cümlələrlə bayatı halına salıblar. O, həmin məclisdə başqa şeylərdən danışa bilərdi, təbrik edə bilərdi, içində o yanğı olduğu üçün “Sarı gəlin” mahnısı oxunanda bu mövzuya toxunub. Bunu da bu şəkildə qələmə veriblər, əvvəlini-axırını silib, ortadan çıxarış ediblər, mətbuata bu şəkildə sızdırıblar. Mən bunu nə qohumu kimi, nə yaxını kimi demirəm. Sadəcə olaraq bir vətəndaş kimi, onunla bir evdə yaşayan insan kimi deyirəm ki, onu günahlandıran insanlar ən azı Elçin qədər Azərbaycan tarixini mükəmməl bilsinlər. Gəlsinlər Elçinlə debata, heç nə demirəm, işğal olunan torpaqların adlarını sadalasınlar...”

D.Əliyeva Elçin Əlibəylini xidmətlərini diqqətə çatdırıb və bu məsələnin şişirdilməsində maraqlı insanların olduğunu deyib: “Elçinin efirdə “Sarı gəlin”ə həsr etdiyi veriliş necə olacaq? Elçin təklif edib ki, təqvimə “Sarı gəlin” günü salaq. Ən azı onun qədər araşdırma aparsınlar. Onda biz erməni rolları oynayan aktyorları güllələyək də! Erməni dilində xəbər oxuyan diktorları öldürək. “Romeo mənim qonşumdur” filminə baxmayaq. Efirdə musiqişünaslar danışır, erməni kəlməsini tələffüz edib, müzakirə aparırlar. Əlbəttə ki, erməniyə elə öz dilində cavab vermək lazımdır”.

Aktrisa Elçin Əlibəylinin vəzifəsindən kənarlaşdırılmadığını iddia edib: “O ki qaldı Elçinin kanaldan uzaqlaşmasına, Elçin fevralın 7-dən ərizəsini yazıb. İşdən uzaqlaşmayıb, akademik məzuniyyətə çıxıb. Bəlkə bu kimlərəsə absurd gələcək ki, nə oldu? Elçin çox savadlı şəxsiyyətdir, həqiqi elm adamıdır. Elçini çox adam sevmir, onların arasında müğənnilər var, televiziya işçiləri var, Elçin onların dəyər daşımadıqlarını üzlərinə dediyi üçün dözə, həzm edə bilməyiblər...”

18 Fevral, 2011  15:25 Baxılıb: 2370

Bu bölmədə