Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Ədliyyə Nazirliyi korrupsiya ilə mübarizə məqsədilə tabe qurumlarda yoxlamalar aparıb

Azərbaycan Ədliyyə Nazirliyi korrupsiya ilə mübarizə məqsədilə monitorinq qrupları yaradıb və nazirliyə tabe qurumlarda yoxlamalar aparılıb.

Bu barədə nazirliyin ötən ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, yoxlamalar zamanı aşkar edilən bir çox nöqsanların yerində həllinə nail olunub, nazirliyə, xüsusilə "qaynar xət"lərə daxil olan korrupsiya ilə bağlı şikayətlərin dərhal araşdırılması və zəruri işlərin operativ görülməsi təmin olunub.

Qeyd olunub ki, Prezidentin korrupsiyaya qarşı qəti mübarizənin aparılmasına dair tələblərinin hər bir ədliyyə işçisinə və hakimə çatdırılması məqsədilə regional müşavirələr keçirilib, korrupsiyaya şərait yaradan hallar təhlil olunaraq onların aradan qaldırılması üçün tədbirlər müəyyən olunub.

Bu istiqamətdə əlavə təsirli tədbirlərin davam etdirildiyi vurğulanıb.

Kollegiya iclasında bildirilib ki, ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 milyonu ötüb.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılıb, dövlət büdcəsinə 10 milyon manata yaxın vəsait köçürülüb.

Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınıb, 221 mətbu nəşr uçota götürülüb.

Bununla da ölkədə QHT-lərin sayı 3500-i, KİV-lərin sayı isə 4300-ü ötüb.

Ötən il nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 163 normativ hüquqi akt layihəsi hazırlanıb, 1752 akt hüquqi ekspertizadan keçirilib.

2010-cu ildə məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik yeniləşib, icraata daxil olmuş 120 minə yaxın icra sənədinin 85 faizi nin icrası tam təmin olunub.

Hüquqi və fiziki şəxslərə 75 milyon manat vəsait ödətdirilib. İcra qanunvericiliyinin tələblərini pozan 1315 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 220 şəxs inzibati qaydada həbs olunub, 209 şəxs barəsində cinayət işi başlanıb.

Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

18 Fevral, 2011  03:34 Baxılıb: 1737

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası