Simsar.az | bizi özünüzə Simsar bilin
QHT-lərdə audit aparılması könüllü olacaq

Azay Quliyev: “Şura QHT-lərin məcburi auditə cəlb olunması barədə müddəanı Nazirlər Kabinetinin qərarından da çıxarmağa çalışacaq”

“Biz Prezident Administrasiyasında da müzakirə apardıq və belə qərara gəldik ki, QHT-lər məcburi auditə cəlb olunmasın”.


Simsar.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikası yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib. O qeyd edib ki, bu gün Azərbaycanda QHT-lər böyük maddi imkanlara malik olmadığından məcburi auditə cəlb edilməsi düzgün deyil: “Audit zamanı pozuntu aşkarlanarsa, QHT 2500 manat cərimə ödəməlidir. Bəs, QHT-lər bu pulu necə ödəyəcək?” 


Azay Quliyev onu da bildirib ki, bu gün Auditorlar Palatasından da cavab alıblar və gələcəkdə QHT-lərin audit prosesinə könüllü olması istiqamətində müzakirələr aparılacaq. Onun sözlərinə görə, Şura Nazirlər Kabinetinin 2007-ci il tarixli qərarından da QHT-lərin məcburi auditə cəlb olunması barədə müddəanın çıxarılması istiqamətində iş aparacaq: “Biz bu maddənin də sənəddən çıxarılmasına nail olacağıq və çalışacağıq ki, QHT-lərdə audit aparılması könüllü olsun. İndiki zamanda QHT-lər özləri auditin keçirilməsini istəyirsə, belə bir təkliflə çıxış edib audit təşkil edə bilər”.

17 Fevral, 2011  21:03 Baxılıb: 1668

Bu bölmədə