Simsar.az | bizi özünüzə Simsar bilin
Sahibkarlığa Kömək Milli Fondu «Birlik Bank» və «Debüt Bank»ın borcları ilə bağlı Baş Prokurorluğa müraciət edib

APA-ECONOMICS. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Birlik Bank» və «Debüt Bank»ın Fonda olan borcları ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

«APA-ECONOMICS»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, bu iki bankın Aəzrbaycan Mərkəzi Bankı tərəfindən lisenziyalarının ləğv edilməsi və nəticədə bu təşkilatların bank xidmətlərini göstərə bilməməsi ilə əlaqədar «Birlik Bank» və «Debüt Bank» SKMF-in müvəkkil kredit təşkilatları sırasından çıxarılıb: «Bu təşkilatlar 2008-ci ilin sonunadək Fondan aldığı kreditlərin geri qaytarılmasını təmin etmədiyinə görə, SKMF Baş Prokuroluğa müraciət edib. Qalan müvəkkil kredit təşkilatları vəsaitlərin qaytarılmasını vaxtı-vaxtında təmin edir».

Ş.Abdullayev onu da qeyd edib ki, hər ay Fonda təxminən 6-7 mln. manat məbləğində vəsait geri qaytarılır və 2011-ci ilin əvvəlindən SKMF-ə 10 mln. manat geri qaytarılıb.

Bundan başqa, Ş.Abdullayev qeyd edib ki, 2010-cu ilin sonunda SKMF-in müvəkkil kredit təşkilatları sırasına «Azər-Türk Bank» ASC də daxil olub və hazırda Fondun müvəkkil kredit təşkilatlarının sayı 35-ə çatıb. Bunların arasında 30 bank və 5 bank olmayan kredit təşkilatı var.

«SKMF yeni müvəkkil kredit təşkilatları cəlb etmək və bununla da siyahını genişləndirmək niyyətindədir. Hazırda Fondda 3 kredit ittifaqının müraciətinə baxılır. Sözügedən müraciətlər SKMF-in Müşahidə Şurasının növbəti yığıncağında müzakirə olunacaq», - deyə Ş.Abdullayev bildirib.

17 Fevral, 2011  18:38 Baxılıb: 2974

Bu bölmədə