Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT Baş katibinə və Təhlükəsizlik Şurasına məktub ünvanladı

Aqşin Mehdiyev: “Ermənistan təkcə təcavüzkar roluna görə deyil, həm də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz nəzarətinə görə beynəlxalq hüquq qarşısında dövlət məsuliyyəti daşıyır”

Vaşinqton. İzabel Levin-APA. Azərbaycanın BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistan prezidenti Serj Sərkisyanın açıqlamaları və atəşkəs rejiminin Ermənistan Silahlı Qüvvələri tərəfindən davamlı pozulması ilə bağlı qurumun Baş Katibi və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT informasiya xidmətinin nümayəndəsi bildirib.

“2010-cu ilin dekabr və 2011-ci ilin yanvar aylarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki əsgəri öldürülüb, iki əsgər və bir mülki şəxs ağır yaralanıb. Bu hadisələrin fonunda Ermənistanın rəsmiləri aqressiv bəyanatlar verməyə davam edərək açıq şəkildə münaqişənin sülh yolu ilə həlli perspektivlərinə qarşı çıxaraq vəziyyəti gərginləşdirməyə cəhd ediblər,” deyə Aqşin Mehdiyev prezident Serj Sarkisyanın yanvarın 17-də verdiyi bəyanata münasibət bildirərkən qeyd edib.

“Həmişəki kimi tarixi saxtakarlıqlar və təhrif olunmuş faktlarla dolu olan bəyanatında prezident Serj Sarkisyan aydın şəkildə bildirib ki, İrəvanın münaqişənin həlli prosesi ilə bağlı rəsmi mövqeyi ümumi şəkildə qəbul olunmuş azadlıq, ədalət və sülh prinsiplərinin davamlı inkarına əsaslanır”.

Səfir Aqşin Mehdiyev prezident Sarkisyanın yanvarın 27-də verdiyi müsahibəni xatırladaraq qeyd edib ki, Ermənistan prezidenti bir daha təsdiq edib ki, erməni tərəfi münaqişənin həlli prosesini işğal etdiyi və etnik təmizləmə apardığı Azərbaycan ərazilərinin ilhaqına nail olmaq üçün vasitə kimi görür.

“Başqa sözlə, qeyri-real iddialarda israr edən Ermənistan sülh prosesini pozmaq niyyətini gizlətmək üçün o qədər də böyük səy göstərmir. Bu sülh prosesinin əsas formulu Ermənistanın qanunsuz işğalına son qoymaq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək və Dağlıq Qarabağın erməni və Azərbaycanlı icmalarının Azərbaycan Respublikası tərkibində dinc yanaşı yaşamasını təmin etməkdir.
Həmin gün “Ordu Günü” münasibətilə verdiyi başqa bir bəyanatda Ermənistan prezidenti Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirərkən törətdiyi iyrənc cinayətlərlə rüsvayçı və utanmaz şöhrət qazanan erməni silahlı qüvvələri vasitəsilə açıq təhdidlərə əl atır”, deyə Mehdiyev bildirir və əlavə edir ki, dünya Ermənistan Silahlı Qüvvələrinin işğalçı hərəkətlərini “hərbi cinayətə və bəşəriyyət əleyhinə cinayətlərə bərabər olan xüsusi təhlükəli aktlar” kimi qiymətləndirdiyi halda, Ermənistan dövlət başçısı bu aktları onun millətinə və ölkəsinə müasir tarixdə yol açan “şanlı qələbə” adlandırır”.
Səfir Mehdiyev məktubunda həmçinin qeyd edir ki, Ermənistan Respublikası təkcə təcavüzkar roluna görə deyil, həm də Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində qanunsuz nəzarətinə görə beynəlxalq hüquq qarşısında dövlət məsuliyyəti daşıyır.
“Ermənistanın başlıca vəzifəsi ilhaq və etnik təmizləməyə əsaslanan destruktiv siyasətə son qoymaq, sülh prosesinə mane olan cəhdlərdən əl çəkmək, Azərbaycan ərazilərinin işğalına son qoymaq və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququnu tanımaq və təmin etməkdən ibarət olmalıdır”.

17 Fevral, 2011  16:32 Baxılıb: 1505

Bu bölmədə