Simsar.az | bizi özünüzə Simsar bilin
«Ölkə müxalifəti zəifləyib, sıraları seyrəlib» Müsahibə

Sülhəddin Əkbər: «Azərbaycanda korrupsiyaya qarşı mübarizə əmri İlham Əliyev Davosda olarkən verilib»


Son günlər dünyada, bölgədə və ölkə daxilində maraqlı siyasi proseslər cərəyan etməkdədir. Ərəb ölkələrində start götürən etirazlar artıq iki diktatorun devrilməsilə nəticələndi. Son bir neçə gündə qonşu İranda da etirazlar baş qaldırıb. Digər tərəfdən isə Rusiyada yaşanan terror xofu Azərbaycana da sirayət edib. ABŞ, Böyüş Britansiya və İsrailin terror xəbərdarlığından sonra sonuncu Bakıdakı səfirliyini birgünlük bağladı.  
Politoloq Sülhəddin Əkbərlə söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə çalışdıq. İlk sualımız ərəb ölkələrində baş verənlərlə bağlı oldu.
- Ərəb ölkələrində baş verən etiraz aksiyaları daha bir diktatoru - Hüsnü Mübarəki tarixin arxivinə göndərdi. Uzun illər prezidentlik etmiş Tunis prezidenti Ben Əli və Misir prezidentinin qısa müddət ərzində devrilməsi, eyni prosesin digər ərəb ölkələrində də davam etməsi həmçinin təəccüblə qarşılanır. Sizcə, baş verənlər xarici qüvvələrin sifarişidir, yoxsa həqiqətənmi ərəblərdə birdən-birə demokratik cəmiyyət qurmaq sevdası baş qaldırıb?
- Hər hansı ölkədə böyük miqyaslı hadisələr baş verəndə burada daxili və xarici qüvvələrin təsiri, marağı olur. Xalq hərəkatının olduğu ölkələrdə daxili faktorlar üstünlük təşkil edir. Mənə elə gəlir ki, Tunis və Misirdə baş verənlər uzun illər yığılıb qalmış xarlq narazılığının ifadəsi idi. Xarici təsirlərə gəldikdə isə bu proseslərdə maraqlı tərəflər kimi görünən ABŞ, İsrail və Avropa Birliyi o qədər də aktivlik nümayiş etdirmirdilər. Ərəb xalqları köhnə iqtisadi-siyasi sistemdə yaşamaq istəmirlər.
- Xalq etirazlarının digər ölkələrdə də davam edəcəyi proqnozlaşdırılır. Müxtəlif ölkələrin adları çəkilir. Qeyd olunur ki, növbəti dəyişiklik İranda, hətta MDB ölkələrində baş verəcək. Siz necə hesab edirsiniz dəyişiklik Misirlə kifayətlənəcək, yoxsa bunun davamı olacaq?
- Tunis və Misirdəki proseslər Əlcəzair, Yəmən, İordaniyada
getməkdədir. Qeyri-ərəb ölkəsi olan İranda da etirazlar başlayıb.
Yəni etiraz dalğası ərəb ölkələri coğrafiyasından kənara çıxacaq. Dünyada gedən qloballaşmanın nəticəsi olaraq xalqlar anlayırlar ki, inkişaf demokratiyadan keçir. İnqilablar tez zamada bütün dünyaya yayılır. Ehtiyacı olan xalqlar ondan yararlanırlar. MDB ölkələrinə gəlincə burada geo-strateji vəziyyət bir qədər fərqlidir. MDB-dəki avtoritar-totalitar rejimlərin hamisi kimi ABŞ deyil, Rusiya çıxış edir. MDB ölkələri üçün Rusiya daxilindəki proseslər daha təsirli olacaq. Bu il Rusiyada parlament, gələn il isə prezident seçkiləridir. Kiçik də olsa müxali hərəkatlar özünü göstərir. Terror hadisələri bu ölkənin daxili sabitliyini pozub. Medvedev-Putin çəkişməsi Rusiyada seçkiqabağı vəziyyəti daha da çətinləşdirəcək. Həm ərəb ölkələrində, həm də Rusiyada baş verənlər Azərbaycana da təsirsiz ötüşməyəcək.
- Bir neçə gün öncə ABŞ, Böyük Britaniya və İsrail hökumətləri Azərbaycanda terror təhlükəsinin ola biləcəyi barədə bəyanat yaydılar. Artıq İsrailin Bakıdakı səfirliyi bağlanılıb. Sizcə nə baş verir? Təhlükə ehtimalı nə dərəcə realdır? Varsa, bu hansı tərəfdən ola bilər?
- İlk növbədə Azərbaycanın daxili və xarici qüvvələrlə münasibətlərinə və şəraitlərə nəzər salmaq lazımdır. Azərbaycan-İran, İran-Qərb dövlətləri, eləcədə İsrail, həmçinin Azərbaycan-Qərb, eləcədə İsrail münasibətlərinin səviyyəsini müzakirə etsək təhlükələr barədə düşünmək olar. İranda atom üzrə alimlərə qarşı sui-qəsdlərin olması, giber-hücumlar, Masallı rabitə qovşağındakı partlayış Bakıda terror riskini artırır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Əfqanıstanda anti-terror əməliyyətlarında iştirak edib. Bu da istər-istəməz terror təşkilatlarının diqqətini Azərbaycana yönəldir. İranda Böyük Britaniya səfirliyi fəaliyyətini dayandırıb. Az sonra İsrailin də Bakıda səfirliyini bağlaması arasında hansısa bağlılığın olması mümkündür. Görünür, bu ölkələrin Azərbaycanda terror aktlarının ola biləcəyi barədə məlumatları var. Azərbaycanın həmin ölkələrdə münasibətdə etimad səviyyəsi aşağı düşüb. Həmçinin məlum xarici dövlətlərin buradakı potensialı elə bir həddə deyil ki, onlar terror riskini sıfra endirə bilsinlər. Ona görə də diplomatik korpuslar Bakıdakı fəaliyyətlərini dayandırmaq kimi addımlar atırlar. Bu da Azərbaycanda terror ehtimalının nə dərəcədə yüksək olduğunu göstərir.
- Son vaxtlar Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi müşahidə olunur. Bəziləri bunu hakimiyyətin Ərəb ölkələrində baş verən etirazlardan sığortalanmaq cəhdi, bəziləri isə hansısa layihənin tərkib hissəsi hesab edir. Siz necə hesab edirsiniz, həqiqətənmi korrupsiyaya qarşı mübarizəyə başlanılıb, yoxsa bu görüntüdür?
- Artıq dünya dövlətləri bəyan edirlər ki, avtoritar-qapalı dövlətlər müasir dünyada inkişafın qarşısını alan yeganə maneələrdir. Bu cür ölkələr silah qaçaqmalçılığı, narktotik ticarəti, insan alveri, çirkli pulların yuyulması üçün əlverişli məkandır. Heç də təsadüfi deyil ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin startı dövlət başçısı İlham Əliyev Davosda olarkən verilib. Davosu idarə edənlər dünyanın super gücləridir. Həmin güclərin sayəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır.
Nə qədər ki, ölkədə iqtisadi, siyasi, hərbi islahatlar aparılmayıb, korrupsiyaya qarşı mübarizənin də hansısa nəticə verəcəyinə inanmıram. Bu kampaniya xarakteri daşıyır və cəmiyyətdəki narazılığı aradan qaldırmayacaq. Azərbaycan hökuməti dünyanın avtoritar dövlətlərində baş verənlərdən nəticə çıxarmaq istəyirsə daha dərin düşünməlidir. Bir məsələ aydındır ki, 20-30 ildən artıq hakimiyyət başında duranlar bu dalğanın qarşısında duruş gətirə bilmirlər. Misir prezidenti özünün və oğlunun növbəti seçkilərdə iştirak etməyəcəyini bəyanlasa da, xalq bununla sakitləşmədi. Yəni Azərbaycan hakimiyyəti də başa düşməlidir ki, xalqı razı salan addımlar atılmasa, görüntü xarakterli islahatların aparılmasının heç bir mənası yoxdur. Hakimiyyətin atadan oğula ötürülməsi ənənəsinə artıq son qoyulmalıdır.
- Son vaxtlar ölkədə müxalifət daxili inteqrasiyanın güclənməsi müşahidə olunur. Hətta bəxi partiyalar indidən 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlaşırlar. Bu mənada fikirlərinizi bilmək rmaraqlı olardı. Növbəti prezident seçkiləri ənənəvi seçkilərdən biri olacaq, hakimiyyət üçün rəvan keçəcək yoxsa?
- Mən düşünmürəm ki, seçkilər hakimiyyət üçün rəvan keçəcək. Bu tip rejimlər dünyanı idarə edən güclərin siyasi-iqtisadi maraqlarına cavab vermir. Məsələn, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmağa can atmır. Əgər üzv olsa bu təşkilata digər üzv dövldətlərin məhsulları Azərbaycan ərazisinə asan daxil olmalıdır. Bu isə yerli oliqarxların maraqlarına cavab vermir. Ərəb dövlətlərində, İranda baş verən etirazlar, Rusiyada gedən və güclənməsi gözlənilən proseslər deməyə əsas verir ki, Azərbaycanda da demokratikləşmə sürətlənəcək. Ölkədə narazılıq heç vaxt bu səviyyədə olmayıb. Məncə, Azərbaycanda xalq hərəkatına ehtiyac var. Bunu dəfələrlə səsləndirmişəm. Tunis və Misirdəki hadisələr göstərdi ki, bu cür rejimlərə yalnız xalq hərəkatı ilə qalib gəlmək mümkündür. Bu da aslıdır müxalifətin bu strategiyanı nə qədər mənimsəməsindən. Hakimiyyət və ona xidmət edən təşkilatlar da sakit oturmayacaqlar. Onlar müxtəlif variantlara, hətta regional parçalanmalara rəvac verəcəklər. Siyasi strukturlarda yuxarıdan aşağı parçalanmalar yaradacaqlar. Çalışacaqlar ki, müxalifət, vətəndaş cəmiyyəti, media daxilində bu parçalanmanı aparsınlar.
- Xalq hərəkatını təşkil və idarə edə biləcək müxalif qüvvələr varmı? Liderlər varmı ki, bu hərəkatın önündə durub onu irəli, məqsədə doğru aparsın?
- Avtoritar hakimiyyətin təzyiqləri nəticəsində ölkə müxalifəti zəifləyib, sıraları seyrəlib. Ölkədə demokratik seçkilər keçirilmədiyindən cəmiyyətin demokratiyaya olan inamı azalıb. Azərbaycanda həm narazılıq artır, həm də inamsızlıq. Əsas vəzifə bu inamsızlığı aradan qaldırmaqdır. Bunun üçün isə müxalifətin birləşməsi lazımdır. Sosial şəbəkələrin fəaliyyətindən, gənclərdən çox şey asılıdır. Təşkilatlanmış strukturlardan olan dini kəsimi kənarda qoymaq yanlışlıq olardı. Onların getdikcə radikallaşmasına imkan vermək olmaz. Azərbaycanda gələcək dəyişikliklərdə müxalifət, gənclik və dindarlar aparıcı rol oynayacaqlar. Cəmiyyətin digər təbəqələrində də təşkilatlanmalar gedir, amma hələlik bu ilkin mərhələdədir. Liderlərə gəldikdə, onlar cəmiyyətdən gələn sosial mesajlara diqqətlə yanaşmalıdırlar. Əks təqdirdə xarlq hərəkatı yeni qəhraman tapıb çıxaracaqlar.
- Müsavat Pariyasından istefa verəndən sonra müəyyən siyasi planlarınızın olduğunu bildirmişdiniz. Bu planların icrası ilə bağlı nə kimi addımlar atılır?
- Planlarımız qüvvədə qalır. Bu mənada vaxtınızı alıb həmin planı təkrarlamaq istəmirəm. Hesab edirik ki, indiki mərhələdə müxalif qüvvələrin indiki mərhələdə əsas məqsədi demokratiyaya keçid olmalıdır. Bundan ötrü xalq hərəkatı yaradılmalıdır. Bunun üçün ictimai-siyasi zəmin hazırlamaq üçün demokratik qüvvələrin birliyi olmalıdır. Bu istiqamətdə biz cəmiyyətin aktiv kəsimi, partiya liderləri ilə görüşürük, müzakirələr aparırıq. Müzakirələrin nəticəsində müəyyən qənaətə gələndən sonra siyasi qərarlarımızı verəcəyik. Əgər siyasi partiyalar sosial tələblərə adekvat cavab verməsə, Azərbaycanda demokratik inkişaf problemli olacaq. Vaxt itirəcəyik və bu da hakimiyyətin xeyrinə işləyəcək.

Ruslan XƏLİL


16 Fevral, 2011  23:11 Baxılıb: 1592

Bu bölmədə