Simsar.az | bizi özünüzə Simsar bilin
Həsən Həsənov Avropa Birliyinə irad bildirib

“Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq dillə bəyan olunmaması Avropadan olan alim və jurnalistlərin ərazi bütövlüyümüzü pozan yazılar yazması ilə nəticələnir”

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Polşa Respublikasının Torun şəhərində 3-4 fevral tarixində təşkil edilmiş XVIII İqtisadi Forumda iştirak edib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq 18 ildir ki, hər il təşkil edilən Torun Beynəlxalq İqtisadi Forumu zamanı müxtəlif sahələr üzrə geniş müzakirələr aparılır.

Torun Forumu çərçivəsində keçirilən “Şərq tərəfdaşlığının gələcəyi” mövzusuna həsr olunmuş konfransda çıxış edən Həsən Həsənov Azərbaycanın Avropa Birliyi, onun strukturları və Birliyə üzv olan ölkələrlə əməkdaşlıq etdiyini söyləyib. Həsən Həsənov deyib ki, milli qanunlarımızın Avropa standartlarına uyğunlaşdırılması üçün müvafiq Avropa strukturları, o cümlədən Venesiya Komissiyası ilə uğurlu əməkdaşlıq aparılır, insanlararası təmaslar daha da genişlənir. O, Azərbaycanın öz nefti və qazı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Həsən Həsənov ölkəmizdə Avropa Birliyinə inteqrasiya məsələsinə xüsusi önəm verildiyi, bu baxımdan gələcəkdə vizasız rejimə keçid və açıq bazarlar haqda düşünüldüyünü nəzərə çatdırıb.

Səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub, Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib. Münaqişənin bütün Avropanın təhlükəsizliyinə hədə olduğuna diqqət çəkən Həsən Həsənovun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyin bəziləri tərəfindən açıq dillə bəyan olunmaması tərəfdaşımız Avropadan olan alim və jurnalistlərin Azərbaycanın ərazi bütövlüyünü pozan yazılar yazması ilə nəticələnir. Hətta Avropa Parlamenti deputatları işğal altında olan Dağlıq Qarabağa Ermənistandan keçməklə etdikləri səfərləri normal sayırlar. Bu cür yazı və səfərlərin Azərbaycan Respublikası üçün qəbuledilməz olduğu və ölkəmizin haqlı qınağına səbəb olduğu çıxışda qeyd olunub.

16 Fevral, 2011  22:37 Baxılıb: 1892

Bu bölmədə