Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda 617 347 nəfərin əmək pensiyasının sığorta hissəsi indeksləşdiriləcək

 APA-ECONOMICS. “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan prezidentinin sərəncamı ölkədə 617 347 nəfər əmək pensiyaçısına şamil olunacaq.

“APA-ECONOMICS”in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib ki, 2010-cu ildə istehlak qiymətlərinin 5,7%-lik indeksi qeydə alınıb. Həmin göstəricinin əmək pensiyalarına təsirini aradan qaldırmaq məqsədilə əmək pensiyalarının sığorta hissəsinin həmin həddə indeksləşdirilməsini təmin etmək üçün ölkə prezidenti “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam verib.

Sərəncama əsasən, DSMF tərəfindən 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcək. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Ümumilikdə isə artımlar fərqli olacaq, yəni kimin əmək pensiyasının sığorta hissəsi daha yüksəkdirsə, onun pensiyasının artımı daha yuxarı olacaq.

S.Müslümovun sözlərinə görə, ümumilikdə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,4 mln. manat, il ərzində isə 18 mln. manat əlavə vəsait tələb olunacaq. Bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb. S.Müslümov deyib ki, maliyyələşmənin həyata keçirilməsi üçün heç bir problem yoxdur. Bu artımdan sonra o, Azərbaycanda orta aylıq pensiya məbləğinin 114 manata çatacağını da söyləyib.

Fond sədri onu da əlavə edib ki, ölkə prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3%-lik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7%-lik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8%-lik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5%-lik artım tətbiq edilib.

16 Fevral, 2011  17:54 Baxılıb: 1634

Bu bölmədə