Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda “Mədəniyyət” kanalı fəaliyyətə başlayıb

Kanalın təntənəli açılışı Bakı vaxtı ilə 20.45-də Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Bu gün Azərbaycanda yeni “Mədəniyyət” kanalı açılıb. APA-nın məlumatına görə, “Mədəniyyət” kanalının açılışı saat 20.45-də Beynəlxalq Muğam Mərkəzində baş tutub. Kanalın təntənəli açılışından dərhal sonra 3-cü Muğam müsabiqəsinə start veriləcək. Sabahdan isə “Mədəniyyət” kanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının (“Mədəniyyət” televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə ötən il avqustun 4-dən sentyabrın 4-dək elan edilib. Lakin müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə Şuranın qərarına əsasən müsabiqə baş tutmamış hesab edilib. MTRŞ-nın sentyabrın 6-da verdiyi qərara əsasən, "Televiziya və radio yayımı haqqında" qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq “Mədəniyyət” televiziya kanalının açılması üçün sentyabrın 7-dən oktyabrın 7-dək müsabiqə elan edilib.

Müsabiqədə yalnız bir iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti iştirak edib. Şura "Televiziya və radio yayımı haqqında" qanunun 15.5-ci və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq AzTV-ni müsabiqənin qalibi elan edib.

15 Fevral, 2011  02:08 Baxılıb: 1716

Bu bölmədə