Simsar.az | bizi özünüzə Simsar bilin
Valentin olmaq istəyənlər və istəməyənlər

Tanınmışlar imperatora qarşı çıxan keşişin hərəkətinə qiymət verdilər

Roma imperatoru II Kladius Romanı öz qanunları ilə idarə edən zalım hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun üçün ən böyük bir problemə çevrilmişdi.

İmperator düşünürdü ki, romalı kişilərin sevdiklərini və ailələrini tərk etmək istəməmələri orduya ciddi zərbədi. Buna görə də, o, Romadakı bütün evlilikləri ortadan qaldırdı. Rahiblər Valentin və Marius isə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür.

Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz “tanrı”ları üçün qeyd edilən Luperkalia bayramını keçirirdilər.
Xristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü “Valentin günü”, yəni sevgililər günü kimi bayram etməyə başladılar.


Bu gün fevralın 14-dür, yəni “Sevgililər günü”, yəni “rahib Valentinin günü”. Tanınmış müxtəlif peşə sahibləri arasında sorğu keçirib, Valentinin o dövrdə atdığı addıma münasibətlərini öyrəndik. Bilmək istədik ki, rahib Valentinin yerində olsaydılar, necə hərəkət edərdilər?


“Bütün xalqlar Valentinə haqq qazandırır”

Millət vəkili Nizami Cəfərov Valentinə haqq qazandırır:

-O tarix yaşandı, keçdi, amma möhtəşəm tarix idi. İnsan öz sevgisi, məhəbbəti uğrunda mübarizə aparmağı bacarmalıdır. Əgər bir keşiş iki sevəni qovuşdurmaq üçün nigahlarını kəsibsə, bunun nəyi pisdir ki?!
İmperatora qarşı çıxan, sevgini təbliğ edən həmin keşiş, Valentin bu gün də tarixdə yaşayır. Bütün xalqlar da ona haqq qazandırır.

“Valentin olmaq istəməzdim”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli iki insan araslndakı vasitəçiliyi uğursuz hesab edir:

-Müxtəlif cəmiyyətlərdəValentinin şəxsiyyəti ilə bağlı fikirlər birmənalı deyil. Bir tərəfdən həyata keçirdiyi hümanitar missiya olub, digər tərəfdən isə insanlar arasında qanunsuz nigahlar kəsib. Tarixi bu gündən yanaşmaq düzgün olmazdı. Sevənləri qovuşdurmaq pis iş deyil. Mənə görə, sevən insan üçün ilin 365 günü sevgi günüdür.Əgər kimlərsə, öz nigah gününü, bu günü bayram kimi qeyd etmək istəyirsə, qoy etsin.
Valentin olmaq istəməzdim. İki insan arasında vasitəçilik missiyasını öz üzərimə heç vaxt götürməzdim. İki insan arasında üçüncü şəxs sonda həmişə pis vəziyyətdə qalır.


“Çox nahaq yerə bu günü Bakıda qeyd etmirlər”

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bu günü qeyd edir:

-Çox nahaq yerə belə bir günü Bakıda qeyd etmirlər. Amma bu günü Bakıda qeyd edənlər var. Mən şəxsən bu günü qeyd edirəm. Ancaq rahibin yerində olsaydım, imperatora qarşı çıxmazdım

“Avropalılar “14 fevral”ı özündən uydurub”

“Simsar” Teatr studiyasının rejissoru və aktyoru Qurban Məsimov fevralın 14-nü sevənlər günü kimi qəbul etmir:

-Avropalılar bu günü özündən uydurub. Yalan söhbətdi, hələ Valentinə qədər Romada sevənlərin nigahını kəsənlər var idi. Mən bu günü qəbul etmirəm. “Leyli Məcnun”, “İlham və Fərizə”, “Fərhad və Şirin” bu insanların şərəfinə keçirilən sevgililər günü olsaydı, mən bunu qəbul edərdim.

“Dedim:-Mən səni sevirəm...”

Şair-dramaturq Vaqif Səmədoğlu bu mövzuda özünü demokrat insan hesab edir:

-Mən demokratam. Evləndirərdim də, boşayardım da.
Səhər tezdən durub mətbəxdəki qab-qacağı yaxşıca yudum, sonra yüngülvari yemək və bir stəkan qəhvəli südü qoyub məcməyin üstünə, apardım Nüşabə xanıma. Burnunun ucundan öpüb, oyatdım,dedim: “Mən səni sevirəm...”

“İmperatora qarşı çıxmaq olmaz”

Müğənni Elza Seyidcahan qovuşmayan sevgiləri əsl sevgilər hesab edir:

-Sevənləri qovuşdurmaq gözəl bir haldı. Ancaq imperatora qarşı çıxmaq olmaz. İmperatora qarşı çıxmaq xalqı başqa səmtə apara bilər. Qadağaları pozmaq olmaz. İmperatorun razılığı ilə həmin insanlar həm orduda xidmət etməli idilər, həm də onun razılığı ilə sevdiklərinə qovuşmalı idilər. Böyüklərin xeyir duası vacibdir. Tanrıdan sonra millətin başçısı və valideynlərin xeyir duası lazımdır.
Belə günlərin əleyhinə deyiləm, amma düşünürəm ki, əsl sevgilər qovuşmayan sevgilərdi. Həmin sevgilərin günü keçirilsə daha yaxşı olardı. Məsələn, Leyli Məcnun kimi, İlham və Fərizə kimi.

“İndi isə zaman başqa, məkan başqa, insanlar başqa”

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri, yazıçı Mehriban Vəzir əxlaq çərçivəsindən kənar bütün qadağaların əleyhinədi:

-Mən Valentinin yerinə olsam, nə edərdim? Bilmirəm, mən də həmin qaydaları pozardım yoxsa yox?
Ancaq mənəviyyat, əxlaq həddini aşmayan bütün qadağaların əleyhinəyəm. İndi isə zaman başqa, məkan başqa, insanlar başqa. Hər bir insanın öz hissləri, duyğuları var. Heç kimə bu barədə heçnə demək olmaz.


“Biri birini sevən insanlara kömək etmək savabdır”

Yazar Şərif Agayar sevən iki gənci qovuşdurmağın savab olduğunu deyir :

-Biri-birini sevən insanlara kömək etmək savabdır. Sevgi sözü bir az gülməlidir, ancaq neyləmək, o yaşın o tələbi var. Sevgi xoşbəxtlik gətirmədiyi kimi, sevməmək də insanın həyatında yaxşıya doğru nəsə dəyişmir. Belə deyək, sevməməkdənsə şübhəsiz ki, sevmək yaxşıdı. Ancaq əlası odur ki, insanın bu sevgisi qovuşmaqla yekunlaşmasın, adiləşməsin. Əks cinslə, uşaqla, gözəl bir çiçəklə başlayan sevgi tanrıya doğru getməlidir. Getmirsə, şəxsən mənim marağımda deyil.
Rəhmətlik Valentin də hər halda sevənlər üçün fədakarlıq edib. Yoxsa onu ilin-gunun bu vaxtı kim idi xatırlayan.


“14 fevral”-ın kökündə yad ünsürlər dayanır”

Mənəvi Dünya İctimai Birliyinin sədri Şahin Həsənov özgə mədəniyyətlərin suni şəkildə başqa mədəniyyətlərə daxil olmasının əleyhinədir:

-Bu günün kökündə yad ünsürlər dayanır. Bu cür yad mədəniyyətə məxsus bayramların ölkəmizdə mənasız şəkildə dəbə salınmasının əleyhinəyəm. Mənəvi ümunitet olmalıdır.
Müqəddəs Qurani-Kərimdə buyurulur ki: “Başqalarının mədəniyyətini kor-koranə təqlid etməyin”. Təbiiki mən rahibin yerində olmaq istəməzdim. Qeyri-qanuni kəsilən nigahların əleyhinəyəm.

Aynurə Həsənova

14 Fevral, 2011  22:17 Baxılıb: 2071

Bu bölmədə