Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilər Rusiyanın cənubuna iddia edirlər: xain nökər Ağasının iki böyük diyarını qopara biləcəkmi?

Düşmənimizin şimaldakı qənimləri kimlərdir?

“Bir azdan Novorossiysk şəhəri Novoarmyansk adlandırılacaq, onlar torpaqları, mənzilləri alırlar, bələdiyyəyə, milisə işə düzəlirlər. Lakin rusca bilmirlər və 3 hərfli sözdə 5 səhv edirlər”. Milli.Az xəbər portalı bildirir ki, bu həyəcanlı açıqlama Rusiyanın Novorossiysk şəhərində yaşayan kazakların şəhərin erməniləşməsi əleyhinə yaydığı bəyanatdandır.

Elə bu günlərdə isə Stavropol kazakları ermənilərin aşının suyunu verməyə müvəffəq oldular. Fəqət yerli milis bu cənnət şəhərindəki erməniləri kürüyüb atmağa imkan vermədi. Yerli kazak icmasının fəalları toplaşdılar və bu mətni bəyanat kimi hazırlayaraq şəhərin hər tininə buraxdılar: “Ermənilər öz vətənlərində yaşamalıdırlar. Onlar buradan rədd olmalıdırlar. Ermənilər Qafqazda azərbaycanlılara, gürcülərə, Türkiyədə türklərə böyük baş ağrısı oldular.

Tarixdəki bütün qəhrəman xalqları erməni hiyləsi yıxdı. Onlar bu gün kazaklara barmaq uzadırlar, sabah Rusiya onların ağrısını çəkəcək. Kim deyir ki, onlar öz ağalarına qarşı sədaqətlidirlər. Onlar həmişə ağalarından istifadə ediblər, sonra da onlara qarşı namərdlik ediblər. Onlar kişi kimi savaşmağı bacarmırlar. Xəyanətlə erməni qardaşdır. Biz xəyanətləri bağışlamadığımız kimi, erməniləri də bağışlamayacağıq”.

Nəhayət ki, Rusiyada "ayılanlar" tapılır...

Yəqin ki, bu sətirlər hər bir azərbaycanlının ermənilərə olan qəzəbindən dolayı ürəkdən tikan çıxarır. Biz əski sovet uşaqları əlində silah, at belində çaparaq gələn və düşmən saydığına heç bir aman verməyən kazaklarla ümumi düşmənimizin olduğuna haradasa sevinməyə başlayırıq. Nəhayət qos-qoca Rusiyada ermənilərin sözünü deməyən bir icma mövcuddur. Onlar ermənilərə səmimi qəlbdən nifrət edirlər və erməniləri özlərinin və  torpaqlarının qənimi sayırlar. On-laynda axtaranda son dönəmlərdə ermənilərlə kazakların qarşıdurmalarına dair çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

Məsələn, 2002-ci ildə Slavyansk-na-Kubani şəhərində kazaklarla ermənilər arasında dava düşüb. Kazaklar bu davada 50 ermənini yaxşıca əzişdirib. 2005-ci ildə isə Novorossiyskdə kazaklarla ermənilər arasında qarşıdurma baş verib. İki yüzə yaxın kazak Krasnodar diyarının Novorossiysk şəhərində ermənilərə hücum edib. Erməni millətindən olan şəxslər, onlara məxsus avtomobil, kafe və dükanlar hücumlara məruz qalıb. Hadisəyə səbəb isə kafelərdən birində baş vermiş insident olub. Erməni və yunanlardan ibarət qrupla şəhər kazaklarının atamanı Vladimir Petruşinin başçılıq etdiyi kazakların arasındakı dava münaqişəyə nöqtə qoymayıb. Həmin vaxt atamanın ciddi xəsarət alaraq xəstəxanaya aparılması, əməliyyatdan sonra salamat qalması heç də ermənilərin vəziyyətini yüngülləşdirməyib. Novorossiyskdə bütün şəhər boyu antierməni məzmunlu vərəqələr yapışdırılıb. Milisin həmin vərəqələri divarlardan yığışdırmağa bir müddət cəsarəti çatmayıb.

Adamyeyən ermənilər...

Kazak-erməni münaqişələrinin tarixi haradasa Qarabağ münaqişəsinin tarixi qədər qədimdir. Çünki ermənilər məhz kazakların çörəyinə bais olduqları, onların iqtisadi vəziyyətlərini çətinləşdirdikləri, onları təsir altında saxlamaq üçün çara yardım etdikləri üçün kazakların gözündən düşüblər. Kazaklarla ermənilərin «tanışlığı» İkinci Yekaterinanın erməniləri Krım xanlığından Don ətrafına köçürməsi ilə başlayıb. Yekaterinanın məqsədi Krım xanlığında iqtisadi cəhətdən fəal əhali olan erməniləri Dona köçürməklə, Krım xanlığının iqtisadi durumunu ağırlaşdırmaq, bununla da mərkəzə boyun əymək istəməyən krımlıları asılı vəziyyətə salmaq olub. Yekaterinanın ermənilərə ticarət və sənətkarlıq üçün əlverişli mühit, təmtəraqlı həyat vəd etməsi onları Dona köçməyə şirnikləndirib. Onların Dona köçməsilə Don kazaklarının qiyaməti başlayıb. 

Elə bu səbəbdəndir ki, ermənilər barədə ən kəskin həqiqətləri də elə kazakların dilindən eşidirik. Ermənilər haqqında ataman İvan Vasilyeviç Bezuqlıy belə deyib: «Ermənini qonaq dəvət edirsən, üzünə xoş baxan kimi az qalır səni yemək əvəzinə yesin».
Kazaklar dahi rus şairi Aleksandr Puşkinin ermənilər barədə yazdıqlarını xatırlatmağı sevirlər: «Sən qulsan, sən oğrusan, sən ermənisən». Kazaklar internet forumlarda əminliklə deyirlər ki, hətta klassiklər belə ermənilərin iyrənc mahiyyətindən xəbərdar olublar.

Ermənilərin Tanrısı İsa Məsih yox, puldur

1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ zamanı rusların (xüsusilə də, Mixail və Raisi Qorbaçovların-r.) ermənilərə etdiyi yardımlar nəticəsində ikincinin dirçələrək ətrafdakı hər kəsə dil uzatdığını xatırladan Kuban kazaklarının forumlardakı çıxışlarından birinin mətni belədir: «Kubanda ermənilərə hörmət eləmək üçün bir səbəb belə tapmaq olmur!!! Orduda xidmət etmirlər! Uşaqlıqdan hamısı oğrudurlar! Onlarda oğrular hörmətli adamlardır!!! Ancaq ruslar kimi sadəlövhlər Spitak və Leninakanı bərpa etməkdə onlara kömək edə bilərdilər! Nankorlar!!! Onlarda Tanrı İsa Məsih yox, puldur».

Ermənilərlə bağlı digər şərh isə belədir: «Kazak-erməni qarşıdurmasında məsələ kiminsə aranı qatmaq istəməsində deyil, sadəcə xalqın səbri tükənir! Onlar burada olduqca yaxşı heç nə olmayacaq. Krasnodardakı Anit restoranına girsəniz, özünüz başa düşərsiniz. Buradakı hər bir erməni qanuni oğrudur, yəni hörmətli adamdır».

Kazaklar ermənilərə olan «sevgiləri»ni təkcə məhəlli davalarla izhar etmirlər. Onları bəzən ermənilərin məskunlaşdıqları hər bir ərazidə öz «tarixi izləri»ni qoymaq vərdişləri də cana doydurub. Novorossiysk qəbristanlığındakı qədim pravoslavlara məxsus xaçlı qəbirlərin xaçlarının sökülərək qriqoryan xaçları ilə əvəzlənməsi yerli kazakların diqqətindən yayınmayıb. Onlar erməni fitvasına öz ənənəvi metodları ilə cavab veriblər. Erməni qəbirlərini dağıdıblar. "Jivaya Kuban" qəzetinin yazdığına görə, naməlum şəxslər Novorossiysk qəbiristanlıqlarında abidə daşlarını dağıdıblar. Ermənilər 50 abidə daşının dağıdıldığını bildiriblər. Şəhər milis idarəsi isə 22 abidə daşının dağıdıldığını bildirib: onların 17-si ermənilərə məxsus olub.

Naxçıvan-na-Donu, yaxud kazaklar niyə ermənilərə nifrət edirlər?

Kazaklar ermənilərin onlarla necə eyni ərazilərdə məskunlaşdıqları barədə yazdıqları tarixi uydurma adlandırırlar. Ermənilərin həmin tarixlə bağlı variantı belədir: XVIII əsrin sonlarında adıgeylər arasında İslam dini yayılmağa başlayıb və dağ erməniləri olan çerkesoqaylar üçün təhlükə yaranıb. 1836-cı ildə onlar general-mayor baron Q. F. fon Zassa müraciət edərək Rusiyanın tabeliyinə keçiblər. 1837-ci ildə Proçnookopskaya stanitsasının yanında dağ ermənilərinin məskəni yaranıb.
1839-cu ildə ermənilər Urup çayının mənsəbinə doğru köçüblər. Orada Erməni kəndinin əsasını qoyublar. 1848-ci ildə məskənin adını dəyişərək «qədim Ermənistan»ın paytaxtının şərəfinə Armavir qoyublar.

Yerli kazaklar ilk olaraq ermənilərin Rusiyanın cənubunda yerləşdirilməsinin təhlükəli olduğunu başa düşüblər. Ruslar kazakların ermənilərə nifrətlərinin, azərbaycanlılara hörmətlərinin səbəbini forumlarda belə izah edirlər: «Kazakların həmişə ermənilərə hücum etməsinin, azərbaycanlılara isə normal yanaşmalarının səbəbi sadədir. Sonuncular bazarlardan başqa heç nəyə iddia etmirlər. Gəlib pul qazanıb evlərinə gedirlər. Ermənilər isə məqsədyönlü surətdə burada möhkəmlənirlər ki, gələcəkdə ərazi iddiaları irəli sürə bilsinlər. Eyni şeyi onlar artıq Gürcüstan, Azərbaycan və Türkiyəyə qarşı ediblər. Növbəti hədəf yüz faiz Rusiya olacaq. Ermənilər Rusiyanın cənub vilayətlərinə iddia edirlər, özlərinin uydurduqları xəritələrdə Rusiya ərazilərini «Qədim Ermənistan»ın ərazisi kimi işarələyirlər».

Kazaklar yaxşı xatırlayırlar ki, ermənilər rus çariça II Yekaterinanın iltifatı saysində 1779-cu ildə Rostov-na-Donu şəhərinin yaxınlığında öz şəhərlərini - Naxçıvan-na-Donunu yaradıblar. Şəhərin adı əvvəllər Naxçıvan olub, 1838-ci ildə isə dəyişdirilərək Naxçıvan-na-Donu adını alıb. 1928-ci ildə isə Naxçıvan-na-Donu Rostov-na-Donunun rayonlarından birinə çevrilib. Əslində ermənilərin Donda Naxçıvan yaratmalarının da səbəbi Azərbaycana məxsus Naxçıvana olan tarixi iddialarından qaynaqlanırdı. Guya onlar bu yolla Naxçıvan toponiminin ermənilərə aid olduğunu isbat eləmək istəyirdilər.

Qisas qiyamətə qalmaz

Kazakların sayları az olduğundan, onlardan hər hansı birinə qarşı törədilən xoşagəlməz aktlar milli zəmində münaqişəyə gətirib çıxarır. Elə bu səbəbdəndir ki, kazaklar Rostov-na-Donuda anadan olmuş kazak, 90-cı illərdə Azərbaycanda da kifayət qədər populyar şəxs olan Azərbaycan Kommunist Partiyası MK-nın ikinci katibi və DQMV üzrə Respublika təşkilat komitəsinin sədri Viktor Polyaniçkoya qarşı törədilən terror aktını da unutmayıblar. Polyaniçko məhz erməni hərbi qruplaşması tərəfindən 1993-cü ildə həmin dövrdə Şimali Osetiya və İnquşetiyanın müvəqqəti administrasiyasının rəhbəri olarkən qətlə yetirilib.

Həmin anadək Polyaniçko bir neçə dəfə erməni terrorçularının sui-qəsdi ilə üzləşib. 1990-cı ildə ermənilərin ekstremist terror təşkilatı olan ASALA, Dağlıq Qarabağın erməni liderləri və «Artsağın azadlıq ordusu» adlandırılan qrupun üzvləri ilə birlikdə sui-qəsdlərin təşkili ilə bağlı qərarlar qəbul ediblər. Onların tərtib etdiyi siyahıdakı adlardan biri də məhz Polyaniçkonun adı olub. 1990-91-ci ildə ermənilər Polyaniçkoya qarşı 6 sui-qəsd təşkil ediblər. Polyaniçko əsasən Dağlıq Qarabağdan erməniləri deportasiya etməkdə günahlandırılıb. Polyaniçkoya qarşı törədilən terror aktına dair «Yol» işi adını almış cinayət işi indiyədək açılmayıb. Və kazaklar Polyaniçkonun intiqamını ermənilərdə qoymayacaqları barədə bəyanatlarını hər il 1 avqustda – Polyaniçkonun anım günündə səsləndirirlər.

Erməni kazak görməsə ölməz

Adları tarixə bəlli olandan bu yana həmişə azad yaşamaq istəyən, qanuna tabe olmayan kazakların ermənilərə qarşı addımlarını sıravi azərbaycanlılar sevinc hissi ilə qarşılayırlar. Onların Rusiyada yaşayan azərbaycanlılara qarşı normal münasibəti isə həmyerlilərimiz tərəfindən iftixarla xatırlanır. Son illərdə Rostov-na-Donuda tikinti materiallarının alqı-satqısı ilə məşğul olan həmyerlimiz Ceyhun Cəfərov kazaklarla bağlı Milli.Az-a deyib: «Son bir ildə Rostovdakı tikinti materialları bazamızdan gəlir götürə bilmirdik. Çünki yerli ermənilər bizə aman vermirdilər. Deyirdilər ki, bazanı bağlayaq və Rostovdan rədd olaq. Biz onların xəbərdarlıqlarına məhəl qoymurduq. Onlar isə hər dəfə bazaya hücum təşkil edir, malları korlayır, bazanı yandırırdılar. Bazanın işçilərini döyür, ölümlə hədələyirdilər. Bir gün ermənilərin hücumundan sonra əzilmiş vəziyyətdə evə dönərkən qonşuluqda yaşayan kazaklardan biri məsləhət gördü ki, yerli atamanlardan biri Konakova kömək üçün müraciət edək. Biz ermənilərlə bağlı başımıza gələnləri Konakova danışdıq. Bildirdik ki, biz heç kəsə mane olmuruq və heç kəsin də çörəyini əlindən almırıq. Bura da sadəcə ailələrimizə çörək aparmaq üçün gəlmişik. Ataman diqqətlə dinlədi və bildirdi ki, bizim ona yalan danışmadığımıza inanır. Və çalışacaq ki, ermənilərlə bizim məsələni həll etsin. Erməni qruplaşmanın bizə bazanı tərk etmək üçün verdikləri sonuncu müddət barədə atamana bildirdik. Ermənilər həmin vədədə bazaya gəlmədilər. Sonradan xəbər tutduq ki, tikinti materialları bazarının qarşısında ermənilərlə kazaklar arasında ciddi toqquşma baş verib. Yaralananlar, hətta ölən də var. O vaxtdan ermənilər bizə ilişməyə cürət etmədilər».

C.Cəfərlinin sözlərinə görə, Rostovda kazaklarla ermənilər arasında məhəlli münaqişələr tez-tez baş verir. Kazakların ermənilərə qarşı kəskin münasibəti var. Erməni xarakteri onlar üçün qəbuledilməzdir. Qafqazlılar həmişə öz aralarında «ilan ulduz görməsə ölməz» məsələni belə interpretasiya edirlər: «erməni kazak görməsə ölməz».
Belə baxanda kazaklarla azərbaycanlıları bir-birinə yaxınlaşdıran əbədi səbəb ermənilərdi. Çünki ermənilər nəinki bu xalqların həyatına mane olurlar, onlar eyni zamanda bu xalqların torpaqlarına qarşı iddialarını ortaya qoyublar. Kazaklar öz izlərinin məhv edilərək erməni izləri ilə əvəz edilməsini həzm etmək istəmirlər. Elə Rusiyada hələlik məhəlli xarakter daşıyan kazak-erməni davalarında bu faktor da əsas rollardan birini oynayır.

Onlar doğrudanmı türkdürlər?  

Kazaklar kimlərdirlər? Bu sual son 6 əsrdir ki, verilir. Amma bu sualın konkret cavabı yoxdur. Tarixi mənbələrdə dövlət üsul-idarəsinə məhəl qoymayan, azad yaşamağa üstünlük verən kazakların formalaşma tarixi 14-cü əsr kimi göstərilir. Baxmayaraq ki, onlar hələ 13-cü əsrdə baş verən döyüşlərdə öz məharətlərini göstərirdilər.

L.Qumilyovun və V.Şambarovun fikrincə, kazaklar türklərlə Qafqaz xalqlarının qarışığıdırlar. Kazak sözünün etimologiyası üzərində dayanan tarixçilər türklərə məxsus kasok, kasak sözlərinin təhrif olunmuş forması olan kazak məfhumunun daşıyıcılarının mənşəcə türk olduğunu iddia edirlər. «Azadlığı həyat normasına çevirmək, dövlətləri və onların sərhədlərini tanımamaq, at belində çapmaq, heç kəsə və heç nəyə məhəl qoymadan öz yoluyla getmək, qabağına çıxana aman verməmək, cəsarət, ağlına deyil, qüvvəsinə qürrələnmək – tamamilə türk xarakteridir. Kazakların mayasında türklük dayanır» - Qumilyovla Şambarovun kazaklarla bağlı gəldiyi ortaq nəticə budur.

Lakin zaman keçdikcə, kazaklar arasında rus elementi çoxalıb. Onların müxtəlif millətlərdən olan tərəfdarları meydana çıxıb. Kazaklar əsasən Don və Dnepr çayları vadisində məskunlaşıblar. Bu gün Zaporojye, Don, Kuban, Stavropol, Volqoqrad deyəndə ağla ilk gələn bu yerlərin məşhur sakinləri - kazaklar olur.  Kazaklar Rusiyanın həyatında həmişə fəal rola malik olublar. Çarlar kazaklardan bir çox məsələlərdə vasitə kimi istifadə ediblər. Onların süvari dəstələri Çar ordusunun fəxri olub. Kazaklar eyni zamanda tarixə səs salan bir sıra kəndli üsyanlarının da önündə gediblər. Çara qarşı çıxan, azadlıqların məhdudlaşdırılmasını istəməyən kazaklardan Puqaçovun, Stepan Razinin üsyanları tarixə öz möhürünü vurub. Həmişə dövlət içində dövlət kimi yaşamağa üstünlük verən kazaklar 1917-ci il inqilabının sonra bir icma kimi məhv ediliblər. Sovetlər onların bütün imtiyazlarını əllərindən alıb.

Yalnız SSRİ-nin dağıldığı 90-cı illərdən sonra onlar təzədən dirçəlməyə başlayıblar. İlk tələbləri isə silahlanma ilə bağlı olub. Hazırda Rusiya Federasiyasına tabe olan kazak süvari polkları da var. Onlardan hansı məqsədlər üçün istifadə olunduğu tam aydın deyil. Aydın olan odur ki, kazaklar öz ənənələrinə sadiqdirlər. Onlar özlərini silahsız və atsız təsəvvür edə bilmirlər. Onlar azadlıqlarının peşindədirlər və bütün məhdudiyyətləri rədd edirlər. Statistik məlumatlara görə, təkcə Rusiyada kazakların sayı 140 mini ötür. Kazaklar Ukraynada da çoxminlidirlər. Keçmiş sovetlər birliyinin ərazisində, o cümlədən, Azərbaycanda onların icmaları mövcuddur.

Və Azərbaycan kazakları arasında ermənilərə münasibət birmənalı olaraq mənfidir. Azərbaycandakı Kuban kazaklarının atamanı, general Viktor Merejkin bir müddət bundan əvvəl demişdi ki, «ermənilər kazaklığın düşmənidirlər, kazaklar da ermənilərin düşmənidir və kazaklar bunu yaxşı bilirlər». Azərbaycanda yaşayan kazakların buranı öz vətənləri saydıqlarını vurğulayan Merejkin, «biz istənilən vaxt silahı götürüb torpaqlarımızı erməni işğalçılarından təmizləməyə hazırıq» -deyə bəyan etmişdi.

Sən kimin dayısısan?

Maraqlıdır ki, kazaklar 13-cü əsrdə ruslarla monqolların Kalka yaxınlığındakı döyüşündə monqolların tərəfində döyüşüblər. Lakin Kulikovo döyüşündə (1380) kazaklar artıq rusların tərəfində döyüşürdülər. Kazakların muzdlu qoşunlar şəklində Macarıstanda, Polşada çıxış etdikləri də tarixə məlumdur.

Kazaklar Rusiyanın Şimali Qafqazda apardığı hərbi əməliyyatlarda Qafqaz xalqlarına qarşı da fəal şəkildə döyüşüblər. Amma kazaklar arasında muzdluların qafqazlılara qarşı döyüşməsi o qədər də yaxşı hal kimi qiymətləndirilmir. Belə təzadlı güc nümayişləri kazaklar haqqında birmənalı mülahizə yürütməyə çətinlik törədir. Adam tarixə boylanıb soruşmaq istəyir ki, balam, siz kimin dayısısınız, bizim, yoxsa, rusların? Amma biz ermənilərlə-kazakların «ilan-yarpız» sevgisindən dolayı ikincini dəstəkləyirik...

14 Fevral, 2011  14:24 Baxılıb: 1903
Teqlər :

Bu bölmədə