Simsar.az | bizi özünüzə Simsar bilin
Aybəniz Haşımova: “Haqsızlıq edildi”

Əməkdar artist “Eurovision-2011” Mahnı Müsabiqəsinin milli seçimindən narazıdır.

“Dörd aydır ki, ayaq üstə əziyyət çəkirik. Həm qızım Aynişan, həm də mən! Heyf o əziyyətdən, səhnədə görünmədi... Rejissorun qeyri-dəqiq işıqlandırması Aynişanın rəqslərinin ekranda yaxşı görünməsinə mane oldu. Ən kobud səhvlər qızım üçüncü mahnını oxuyanda özünü göstərməyə başladı. Aynişanın səhnə performansı ekranda səhv işıqlandırıldı. Canlı yayım zamanı zəng vurub, rejissorla əlaqə saxladım. O da mənə dedi ki, necə tapşırılıb, elə də çəkirəm. Niyə onun səhnə hərəkətlərinin 99 faizi göstərilmədi?” Bunu Lent.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib.

Aybəniz Haşımova “Eurovision-2011” Mahnı Müsabiqəsinin final iştirakçısı kimi çıxış edən qızı Aynişana qarşı haqsızlıq edildiyini iddia edib: “Mən öz ölkəm üçün çalışıram. Ana kimi yox, daha çox vətənpərvər kimi etiraz edirəm. Bu müsabiqəyə musiqi bayramı kimi baxırdım. Əslində mən “Eurovision”a maraqlı deyiləm, ümumiyyətlə SMS-li müsabiqələr həmişə məni təəssüfləndirir. Lakin qızım istədi, mən də etiraz etmədim. Bu münasibət təkcə Aynişana deyil, İlqarəyə də oldu, İlhamə oxuyan zaman qüsurlar yarandı. Aynişan oxuyanda, səhnə dekorasiyası, az qala “28 may” küçəsi də göstərildi, bircə Aynişanın çıxışı göstərilmədi”.

Müğənni seçimin nəticələrinə dair fikirlərini bölüşüb: “Ora kimin gedəcəyi məni maraqlandırmır, mən klassik Azərbaycan musiqisinin ifaçısıyam, qızımın arzusunu yerinə yetirdim vəssalam! Eldarın seçilməyinə söz yoxdur. O qızın isə səsi zəifdir, digər iştirakçılar ondan daha geniş imkanlara malikdirlər. Mən daha çox haqsızlıqdan inciyirəm, adını da qoydular ki, işıq sistemində nasazlıq var. Bu yeni təmirdən çıxan teatr binasıdır, belə texniki nasazlıqlara hazırlıqlı olmalıdır. İki gün teatrda vaxt itirmişəm, bütün detalları xatırlatmışıq, hər şeyin yüksək səviyyədə işıqlandırılması üçün əlimizdən gələni etmişik...”

13 Fevral, 2011  00:30 Baxılıb: 2469

Bu bölmədə