Simsar.az | bizi özünüzə Simsar bilin
Azay Quliyev: "QHT-lər məcburi auditə cəlb olunmayacaqlar"

Üçüncü sektor təmsilçilərinin adı siyahıdan çıxarılıb

Parlament İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər etməyə hazırlaşır. Yeni dəyişikliklərə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə məcburi auditdən keçməli olan təsərrüfat subyektləri bundan imtina edəcəyi halda 500 manatdan 2500 manatadək cərimə oluna bilərlər. Bununla bağlı hazırlanmış sənəd Milli Məclisin fevralın 11-də keçiriləcək iclasında müzakirə olunacaq. Qeyd edək ki, məcburi auditdən keçməli olan qurumlar siyahısına QHT-lər də salınmışdı. Bu isə vətəndaş cəmiyyətinin qurucularının haqlı narazılığına səbəb olmuşdu.

QHT nümayəndələri bildirlər ki, audit əslində müəssisə sahibinin marağı çərçivəsində göstərilən mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanması xidmətidir. Bu fəaliyyət əsasən müəssisənin maliyyə fəaliyyətinin inkişaf etdirilməsi üçün strategiyanın hazırlanması və səmərəliliyinin yüksəldilməsi metodlarının müəyyən edilməsi məqsədi daşıyır. Eyni zamanda audit aparılması vergitutma orqanlarında qanunvericilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kreditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qaytarılma ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün zəruridir. Belə olan halda vergilərin bir çoxundan azad olan, Maliyyə Nazirliyinə ildə 5 növ hesabat, Vergilər Nazirliyinə hər rüb hesabat verən, banklar və digər kreditor təşkilatlardan kredit götürmək qabiliyyəti olmayan, iqtisadi fəaliyyətdən gəlir əldə etməyən qeyri-kommersiya və qeyri-mənfəət təşkilatlarının məcburi audit yoxlamasından keçirilməsi və əks halda da cərimə olunması nəinki iqtisadi qanunauyğunluqlardan, həm də sadə məntiqdən uzaqdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Modern.az-a bildirib ki, artıq QHT-lərin adı məcburi auditə cəlb olunacaq qurumlar siyahısından çıxarılıb. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin qərarı ilə tənzimlənəcək. Auditorlar Palatası artıq QHT-lərin məcburi auditə cəlb olunan hüquqi şəxslər siyahısından çıxarılmasına razılıq verib.

11 Fevral, 2011  18:27 Baxılıb: 1662

Bu bölmədə