Simsar.az | bizi özünüzə Simsar bilin
Bahar Muradova: «Korrupsiya ilə mübarizənin Misirlə əlaqəsi yoxdur»

«Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə uzun müddətdir gedir. Bunun Misirdə, Tunisdə baş verənlərlə deyildiyi kimi, əlaqəsi yoxdur».

Bunu fevralın 11-də Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

«Ərəb ölkələrində gedən proseslərin Azərbaycana sırınması barədə fikirlər müxalifətin xülyalarıdır», - deyə vitse-spiker əlavə edib.

Xanım Muradova deyib ki, nazirlərin iclaslar keçirməsi və korrupsiyaya qarşı fikirlər səsləndirməsi ölkədə korrupsiyaya qarşı aparılan mübarizənin tərkib hissəsidir.

- Son iclaslar korrupsiyaya qarşı mübarizənin tərkib hissəsidirsə, niyə bunlar yalnız prezidentin bu barədə çıxışından sonraya təsadüf etdi?

- Bu, sadəcə əvvəlcədən aparılan bir mübarizədir, indi də davam edir.

Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirib, bu sahədə mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb. O, dövlət başçısının adından bəzi tapşırıqlar da verib. Bundan sonra dövlət qurumları bir-birinin ardınca müşavirələr keçirərək öz fəaliyyətlərində korrupsiyanı pisləyir, buna görə bəzi əməkdaşlarının işdən çıxarıldığını bildirirlər.

Prezident İlham Əliyev də fevralın 9-da Qərb bölgəsinə səfəri zamanı yerli sakinlərlə görüşündə korrupsiyaya qarşı mübarizənin daha da gücləndiriləcəyini bildirib. Prezident vətəndaşlardan xahiş edib ki, bütün xoşagəlməz hallar barədə Prezident Administrasiyasına məlumat versinlər.

11 Fevral, 2011  18:19 Baxılıb: 1551

Bu bölmədə