Sahibkarlar gömrükdə haqlarını tələb etdi
Korrupsiya və rüşvətxorluqla bağlı hökumətdəkilərin özünütənqid ruhunda çıxışları səngiməmiş gömrük qiymətlərinin qaldırılması barədə xəbər almışıq. “Sədərək” ticarət mərkəzindəki I və II zonada çalışan iş adamları gömrükçülərin “şapka”nı 2 dəfə artırmalarına etiraz əlaməti olaraq avtobuslarla Bakı Baş Gömrük İdarəsinin qarşısına getmək istəyiblər. Yolda polis onların qarşısını kəsib və sahibkarları geri qaytarıblar.
“I və II zonada əsasən parça ticarəti ilə məşğul olan sahibkarlar çalışırlar. Onlar Türkiyə, Çin, Suriya və Pakistandan aldıqları tonlarla parçanı yük maşınlarına doldurub Azərbaycana gətirirlər. Gömrükdə 1 kiloqram parçaya görə dünənə qədər “şapka” şəklində 1 dollar 70 sent alınırdı. Bu gün isə gömrükdə qiyməti 3 dollar 50 sentə qaldırıblar. Əvvəl bir “trayler”ə yükə görə 25 min dollar alınırdı. Təzə qiymətlə isə 52-55 min “şapka” alınır. Bir belə əlavə pul verən sahibkar sonradan malı neçəyə satmalıdır ki, maya dəyərini, gömrükçülərin “şapka”sını, yer pulunu, kommunal xərcləri ödəyə bilsin? Bunu heç düşünən yoxdur. Gömrükçülər sahibkarlara sağmal inək kimi baxırlar”. Bunu adının çəkilməsini istəməyən sahibkarlardan biri deyib. Sahibkarlar onu da deyiblər ki, etiraz aksiyası baş tutmasa da, effekt verib: “Baş Gömrük İdarəsindən gələn nümayəndə dedi ki. rəhbərliyin adından danışır və “şapka”nın bizlərdən əvvəlki qaydada, yəni 1 dollar 70 sentdən alınacaq. Bundan sonra camaat sakitləşdi”.
7 Fevral, 2011 23:00 ⁄ Baxılıb: 1799
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |