Simsar.az | bizi özünüzə Simsar bilin
İslamı qəbul edən məşhurlar

Ötən XX əsr həqiqətən də İslam üçün dirçəliş əsri hesab oluna bilər. Bir neçə on illik ərzində müsəlmanların sayı çoxaldı, XXI əsrdə isə bu tendensiya daha da sürətləndi. İslamı qəbul edənlər siyahısında liderlik Afrika ölkələrinə məxsusdur. Müsəlman olmaq istəyənlərin sayı ABŞ-ın qaradərili əhalisi arasında çoxalmaqdadır. On minlərlə xristian Avropada müsəlman olur. Elə bu məqalə də İslamı qəbul edən məhşur şəxslərə həsr olunur. 

Alimlər 

Vaxtı ilə doktor J. Miller Kanadanın ən məhşur xristian təbliğatçılarından biri idi. İndi isə o, Kanadanın ən məhşur müsəlman təbliğatçılarındadır. Elmlər içində ən çox riyaziyyatla maraqlanan alimin sözlərinə görə, riyaziyyat məntiqi düşüncəni inkişaf etdirir. Günlərin birində Quranda səhv axtarıb müsəlmanları xristianlığa dəvət etmək məqsədilə doktor Miller Qurani-Kərimi oxumağa başladı. O, elə təsəvvür edirdi ki, açdığı kitab 14 əsr bundan öncə səhra həyatı barədə bəhs edən bir salnamədir. Lakin alim özü üçün kəşf etdi ki, Quranda olan dərin məzmun heç bir kitabda yoxdur. “Ənbiya” surəsinin 30 - cu ayəsinə çatdıqda alim bir daha təəccübləndi:

“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?”

Axı bu ayə 1973-cü ildə Nobel mükafatına layiq görülən elmi bir kəşflə üst-üstə düşürdü. Beləcə doktor J. Miller müsəlman oldu.


Rusiyanın Xalqlar Dostluğu Universitetinin xarici dillər kafedrasının müdiri Andrey Podqurenko da kəlməyi-şəhadətini iqrar edərək müsəlman olduğunu elan etdi. Etnik müsəlmanlara müraciət edərək, Podqurenko bildirdi ki, əgər onlar öz dinlərinin qədrini bilməsələr, başqa xalqlar bu dinə sahib çıxacaq. Yaşının çox olmasına baxmayaraq digər rusiyalı alim, Sankt-Peterburq sakini, iqtisadi elmlər doktoru Taruşkin Aleksandr Borisoviç də İslamı qəbul edib. Onun öz təəbiri ilə desək, İslamı qəbul etmirlər, İslama qayıdırlar, çünki Allah insanları müsəlman olaraq yaradıb. Alim öz müsahibəsində deyirdi: “İslamın sadəliyi və aydınlığı mənim diqqətimi cəlb etdi. Mən dinlə çoxdan maraqlanırdım, Allaha tərəf aparan yol axtrırdım. Bu yolu ancaq İslamda tapa bildim”.


“Əgər Quranla əvvəlcədən tanış olsaydım, elm axtarışı üçün kor-koranə yol getməzdim, Quran mənim rahnümam olardı”. Bu sözləri məşhur fransalı cərrah Moris Buke deyir. 1981-ci ildə cərrah Fransa hökumətindən maraqlı tapşırıq alır. Beləki, Fransa Misirdən xahiş edir ki, elmi tədqiqatlar üçün fironlardan birinin mumiyası Parisə göndərilsin. Tədqiqat qrupunun rəhbəri, mütəxəssis cərrah kimi cənab Buke təyin olunur. Alimlər mumiyanın ilkin görüntüsünü canlandırmalı idilər. Fironun ölüm səbəbini öyrənən Moris Buke gecə ikən bildi ki, firon dəniz suyunda boğularaq ölüb. Bu hadisədən sonra Moris Buke Səudiyyə Ərəbistanında təşkil olunan cərrahiyyəyə həsr olunmuş elmi konfransına yola düşür. Müsəlman həmkarları ilə öz araşdırması barədə danışarkən ona firon barədə nazil olan ayəni oxudular:

”İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!” – dedi. (Firona deyildi): “İndimi? Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün sənin bədənivi xilas edəcəyik”. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir! (Yunus surəsi, ayə 90-92).

Bu an Büke uca səslə: “Mən İslamı qəbul etdim və bu Qurana iman gətirdim” – dedi. Bundan sonra vətənə dönən alim Quranın elmi ayələri sahəsində tədqiqatlara başladı və bütün Qərb aləmində maraq doğuran “Quran, Tövrat, İncil və elm” adlı kitab yazdı. Bu kitabın taleyi də maraqlıdır. Oxucu marağı və tələbat bu kitabın dəfələrlə nəşr olunmasına səbəb oldu. Ancaq bir çox qısqanc alimlər Quranın məhşurlaşması razılaşa bilmədiyindən onun əksinə kitablıar yazmağa başladı. Nəticə də, Quranın öyrənilməsinə maraq artdı, və əvvəlcə onu inkar etmək istəyən alimlər özləri İslamı qəbul etməyə başladılar.

“Xahiş edirəm, məni Məhəmmədin ümmətindən sayasız...”


Buke ilə eyni dövrdə digər tatınmış fransız da İslama gəldi. Bu beynəlxalq kommunist hərəkatının liderlərindən biri, “Yumanite” qəzetinin baş redaktoru, yazıçı, filosof Roje Qarodi idi. Onun 1982-ci ildə müsəlman olması nəinki Qərbi, hətta SSRİ ideoloqlarını da təəccübləndirmişdi. Lakin cənab Qarodi burada təəccüblü bir şey görmür. Qərbdəki mənəvi boşluğun artdığını görən mütəfəkkir marksizmə onun üçün üz tutmuşdu ki, qərb dəyərlərinə müxalif ideologiya kimi yalnız kommunizmi tanıyırdı. Marksizmin təbliğ etdiyi bərabərlik, ictimai ədalət, qardaşlıq ideyaları onu cəlb etmişdi. Ancaq Qarodini bir məsələ narahat edirdi: mənəviyyatı danan bir ideologiya bu ideyaları necə təbliğ edə bilər? Ona görə o, kommunist olsa da, daha kamil bir məfkurənin axtarışında idi. Kommunizm ideoloqları ilə tam razılaşmadığına görə onu Fransa Kommunist Partiyası sıralarından xaric etdilər. Nəhayət filosofun düşüncələri onu İslama gətirdi. Jurnalistlərlə görüşündə isə o qəribə bir söz dedi: “Bəli, bu gün mən müsəlmanam! Nəyə görə islamı qəbul etdiyimi soruşursuz? Öz seçimim ilə zamanı qabaqladım”.

Məhşur alman filosofu, müasir Qərb etikasının banilərindən biri İmmanuil Kantın müsəlman olması barədə bəzi məlumatlar var. O tez-tez irfani şerlərə müraciət etməyi xoşlayırdı. Kantın müsəlman olması barədə dəqiq məlumat olmasa da, onun diplomunda öz xətti ilə ərəbcə “bismillahir-Rəhmanir-Rəhim” yazılıb. Digər dahi Lev Tolstoyun müsəlman olması müasir rus tarixçiləri tərəfindən inkar olunsa da, onun həyatının bəzi məqamları inkarolunmazdır. Həqiqət axtarışlarına görə kilsədən uzaqlaşdırılan, dost-tanışın biganəliyini qazanan dahi yazıçı ölərkən vəsiyyət edirdi: “Xahiş edirəm, məni Məhəmmədin ümmətindən sayasız...”

Sənətçilər

Emili Fransua hələ uşaq ikən Ceyn Ostinin eyniadlı əsəri əsasında çəkilmiş “Ağıl və hiss ” (“'Sense and Sensibility”) filmində kiçik Marqaret Deşvudun rolunu ifa edirdi. Bu film ekranlara çıxdıqdan sonra gənc Emili ötən əsrin 90-cı illərində məşhurlaşdı. İndi isə onun məşhurluğuna səbəb İslama gəlişi oldu. Aktrisa Britaniyada Islama gələn orta təbəqəli savadlı qadınların uzun siyahısını bir nəfərlə də doldurdu.

Məryəm adını götürən Emili bildirir ki, müsəlman olmasına səbəb 11 sentyabr 2001-ci il olayları oldu. Həmin hadisədən sonra o dinlə maraqlanmağa başladı və İslamı qəbul etdi. Bundan sonra karyerası ilə vidalaşmaq təhlükəsi ilə üzləşən Emili Peyğəmbərin (s) həyatından ilham aldığını deyir. Ən sevdiyi hədislərdən birini dilə gətirən Emili deyir: “Peyğəmbər (s) buyururdu: “Sənə pislik edəni bağışla, səndən ayrılana qoşul, sənə pislik edənə xeyirlə cavab ver, ziyanına olsa belə düz danış”.

Bu arada, MTV musiqi kanalının Almaniya bölməsinin aparıcısı Kristianne Baker də müsəlman olub. Mətbuat bunu negativ bir hal kimi qələmə versə də, aparıcı qərarından peşman olmadığını söyləyir. O deyir: “Mən həyatımda bir çox məşhur və maraqlı insanlarla görüşmüşəm, lakin həyatım boş idi”. MTV-ni “Empty-V” (boş telekanal) adlandıran aparıcı “entertainment”dən (əyləncə) “inner-tainment”ə (özünütanıma) üz tutduğunu bildirir: “Mən sirkdəki at kimi sürətlə eyni yerdə fırlanırdım, səhnədə idim, evimdə tapılmırdım və boş idim. Bu mənim mənəvi böhranıma səbəb oldu, axı niyə belə yaşadığımı anlamırdım. Bu zaman İslamla tanış oldum”. Kristianne deyir ki, həmin zaman o “Emel” jurnalının redaktoru Zara Yozefə (Sarah Joseph) müraciət etdi və qadının İslama bağlanmasının səbəbini soruşdu. O isə cavab vedi ki, İslama qarşı təbliğat bəzilərini bu dinə qarşı yönəltsə də, digəriləri bu dinlə tanış olub onu sevirlər.

Məşhur rusiyalı müğənni Yulian da eyni səbəbdən müsəlman olmağı qərara aldı. Çeçenistana səfəri zamanı hamının qarşısında kəlmeyi şəhadətini deyən müğənni özünə Cəbrayil adı seçdi. Bu qərarın səbəbini ondan soruşduqda, artist dedi: “... Həmişə məzlumların tərəfində olmuşam. Bu gün isə haqsız olaraq İslam məzlum vəziyyətə düşüb. Bir çoxu onu terror və təcavüzlə eyniləşdirsə də, bu belə deyil. İslam insanlara sülh bəxş edir... Mən bu müdrik təlimi qəbul etməyə bilməzdim”.



“Ey Tanrı! Məni xilas et və sənə xidmət edəcəm!”

1977-cü ildə məşhur britaniyalı rok-musiqiçi Ket Stivens gözlənilmədən müsəlman olduğunu elan edir. Londonda Müqəddəs İosif adına katolik məktəbinin məzunu, nümunəvi xristian yeniyetməsi birdən birə “küçə uşağı” olur. Artıq onu xristian dəyərləri deyil, “Bitlz” qrupu kimi olmaq maraqlandırırdı. Nəticədə, o məşhur rok-musiqiçi oldu. Var-dövlər, şan-şöhrət onun bütünə çevirildi. Yüngül həyat tərzi onu spirtli içkilər və narkotik maddələrdən istifadə etməyə sürükləyirdi. Ancaq qəfil xəbər onun sevincinə son qoydu: müsiqiçidə vərəmin ağır forması aşkarlandı. 19 yaşlı gənc ölümlə üz-üzə gəldi. Yenidən İncil oxumağa başlayan musiqiçi oxuduqlarını məqbul hesab etmədiyindən sənətini davam etdirdi. 1971-ci ildə ifa etdiyi “Ay kölgəsi” mahnısı Atlantik okeanın hər iki sahilində xitə çevirildi. Məhşurluğun pik nöqtəsində olan gənc günlərin biri dənizdə çimərkən batmağa başladı. Xilas olacağına ümid etməyən Ket öz-özünə dedi: “Ey Tanrı! Məni xilas et və sənə xidmət edəcəm!” Bu zaman güclü dalğa onu sahilə atdı. Ket xilas oldu və vədinə əməl etməyi qərara aldı. Burada sual yarandı: Allaha necə xidmət etsin? Bu suala cavab tapa bilməyən müğənni Allahda bir işarə istədi. İslam isə onun qapısını gözlənilmədən döydü. Ketin Qüdsdən dönən qardaşı ona hədiyyə olaraq Quran verdi. Quranı oxuyanda Ket dəhşətə gəldi: “Məgər müsəlmanlar vahid olan Allaha sitayiş edirlər?!” Quranı oxuyan gəncin yeganə istəyi İslamla tanışlıq idi. Bu məqsədlə o qardaşı kimi Qüdsə yola düşür. Buradakı məscidlərin birində ondan soruşanda ki, sən kimsən, özü də gözləmədn cavab verdi: “Mən müsəlmanam!” londona qayıdanda, Ket müsəlman olduğunu elan etdi.

Lakin Ketin tükürpədici qissəsi bununla bitmir. 1978-ci ildə müğənni şou biznesi tərk etdiyini elan edir: “Artıq Ket Stivens yoxdur, onun yerini Yusif İslam tutdu”. O özünə Yusif adını seçdi. Sonradan Ket deyirdi: “(Yusif surəsini oxuyarkən) ağlamağa başladım. Anladım ki, bu insan sözləri deyil, bu Allahın kəlməsidir!” Heç kəs anlaya bilmirdi ki, karyerasının ən parlaq nöqtəsində sənətçini şou-biznesdən kənarlaşmağa nə vadar etdi. Saysız-hesabsız var dövlətini Ket xeyriyyə işlərinə xərclədi. 1983-cü ildə o, britaniyada ilk müsəlman məktəbini – “İslamiyyə”ni təsis etdi. Hazırda 4 müsəlman məktəbini idarə edən Yusif, Keti xatırlayaraq deyir: “Keçmişimə qayıtmaq istəməzdim”.

Dini qanı bahasına qəbul edən Eduardo

2000-ci il noyabrın 15-i Turin şəhərində Italiyanın qeyri-rəsmi hökmdarları sayılan məşhur Aniellilər klanının tək varisi, Eduardo Anielli gözlənilmədən özünü körpüdən atdı. Aniellilər ailəsi Italiyanın nəhəng bizneslə məşğul olan klanıdır. Dünyanın bir çox ölkələri ilə müqavilələri olub onlara avtomobil ixrac edən "Fiat" firması da Aniellilər ailəsinə məxsusdur. Eyni zamanda bir çox zavod və fabriklərə malikdirlər. Vertalyot istehsal edən böyük zavod, böyük sahələri əhatə edən əkinçilik kompleksləri və məhşur "Yuventus" futbol klubu da bu ailəyə məxsusdur.

Ilkin baxışdan, hadisə Avropada adiləşən intihardan heç nə ilə fərqlənməsə də,bir çox suallar cavabsız qalırdı. Iki ilə yaxın heç bir araşdırmaya yol verməyən Anielli klanının qoca sahibi, senator Covanni Anielli oğlunun ölüm hadisəsini araşdıran jurnalistlərin həbsinə göstəriş verirdi. Niyə? Anielli imperiyasının yeganə varisi Eduardo gənc yaşlarından fəlsəfə ilə maraqlanırdı, onun statusunda olan gənclərdən fərqli olaraq var-dövlət və əyləncəyə o qədər də meylli olmur. Eduardo fəlsəfə üzrə təhsil alır, dini araşdırmalar və təriqətlər haqqında elmi baxışların təhlili ilə məşğul olur. O, eyni halda insan hüquqlarının müdafiəsi yönündə də çalışıdı.

Euardo hələ 20 yaşında ikən (1974) universitet kitabxanasında kitablar qarşısında təsadüfən Qurani-Kərimi görür. Quranın mənəvi dünyasından zövq alan Eduardoda islama qarşı rəğbət yaranır. İslamla yaxından tanış olmaq məqsədilə Eduardo İrana yola düşür. Onu maraqlandıran suallara alimlər tərəfindən cavab aldıqdan sonra Eduardo müsəlman olmağı qərara alır. Lakin, bu qərar ona baha başa gəlir. Bu hadisədən xəbər tutan İtaliya mediası Eduardonun tilsimləndiyini yazdı. Bu yazılarda onun Islamı qəbul etməsi əsla qeyd olunmurdu. Təbii ki, bu xəbər senator Aniellini heç də sevindirmədi. Eduardo sıxılır, əzilir, təhqir olunurdu. Onun hər nəyi vardısa, əlindən alınmışdı. Lakin o, əqidəsi naminə buna dözürdü. Onu hətta ev dustağı kimi şəhərkənarı qəsrlərdən birinə göndərirlər. Atası Eduardonu bu yolla əqidəsindən döndərə bilməyəcəyini görüb yeni bir təzyiqə əl atdı: ata oğlunu ruhi xəstəxanaya göndərdi. Lakin o, təmkinli olmağa çalışır, təbəssüm edir və Allah yolunda iradəli olmağın önəmli bir şərt olduğunu söyləyirdi. 80-cı illərin sonunda Eduardo Anielli rəsmi surətdə varislikdən məhrum edildi. Klanın bütün mirası Eduardonun bibisi oğlunun adına rəsmiləşdirilir. Eduardonu isə narkoman elan edirlər. 1997-ci ildə Eduardonun varisliyə təyin olunmuş bibisi oğlu qəflətən dünyasını dəyişir. Bundan sonra Covanni Anielli, qızının milliyyətcə yəhudi olan ikinci ərindən dünyaya gəlmiş oğlunu Con Elkonanı varis təyin edir. Lakin birinci varislikdən fərqli olaraq Eduardo kökü yəhudi olan Conun varisliyini çox sərt qarşılayır, kəskin surətdə bildirir ki, varislik hüququnu geri qaytaracaq. Qəfildən öz hüquqları uğrunda mübarizəyə qalxan Eduardonun intihar xəbəri yayıldı. Lakin, onun dostları bildirirlər ki, Eduardonu öldürdülər. Çünki, heç kim imkan verməzdi ki, Anielli nəslinin varisi müsəlman olsun...

İslamı qəbul etmiş məşhurların siyasını artırmaq olardı: Jak İv Kusto, Ovidio Salazar, Leopold Vays, Ahmed Holt, Venqataçalam Andiyar, Vilfred Xoffman kimi mütəfəkkir və dövlət xadimləri, Məhəmməd Əli, Nikola Anelka, Tieri Anri, Frank Riberi, Ferdinand Lüis Alsindor (Kərim Əbdül-Cəbbar), Kris Cekson kimi idmançılar və başqları. Lakin bu insanların hamısını birləşdirən bir cəhət var ki, o da Haqq axtarışıdır. Bu axtarışların nəticəsində Hidayət Kitabı ilə tanış olub düşünənlər Allahın əzəməti qarşısında necə əyilməsinlər:

“(Bu) mübarək Kitabı, onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik!” (“Sad” surəsi, ayə 29)

Mənəvi Dünya İctimai Birliyi

3 Fevral, 2011  16:44 Baxılıb: 5797

Bu bölmədə