Simsar.az | bizi özünüzə Simsar bilin
Azərin: “İbadət etdiyimə görə mənim baxış bucağım tamam fərqlıdır”

“Gözəl düşünən gözəl görər”
Mövlanə

Simsar.az saytının Psixologiya və Konsultasiya Mərkəzi ilə birgə təqdim etdiyi “Gözəl düşünən gəzəl görər” layihəsində bu dəfə sizlərə tamam fərqli bir disskusuya təqdim edəcəyik. Qonaqlarımız əməkdar artist Azərin və musiqiçi Cavid Abidov oldu.

İradə Nurəddinqızı -“Gözəl düşünən, gözəl görər”. Söhbətimiz Mövlanənin bu kəlamı ətrafında olacaq. 
Azərin - Fikrim olduqca yaxşıdır. Düşünürəm ki, insanların inandığı Həzrəti Mövlanə bu kəlamı söyləyibsə, mənim burada nə isə söyləməyim artıqdır. Bu sözün dərinliyinə gedərkən görürsən ki, həqiqətən də insan gözəl düşünürsə, gözəl də görür.
İradə Nurəddinqızı- Necə düşünürsünüz gözəl görürsünüz?
Azərin - Əgər insan hər bir nemətə gözəl yanaşırsa, deməli gözəl görür. O ki qaldı mənə, bir insan kimi buna çalışıram. Həyatda o qədər mənfi auralar var ki, onlardan qorunmaq çox çətindir. Bunun üçün gərək çox oxuyub və mütaliə edəsən. İbadət etdiyimə görə mənim baxış bucağım tamam fərqlıdır. Qarşımda çox oqressiv bir insan dayananda, onu təmkinlə, səbrlə dinləməyə və başa salmağa çalışıram. Məncə fərdi yanaşmada diqqətli olsaq, dediyimiz o gözəlliyə nail ola bilərik. Həm qarşında olan insana kömək edirsən, həm də eyni zamanda onunla bərabər ətrafı gözəlləşdirmiş olursan. Belə addım insana böyük rahatlıq gətirir.
Elnur Rüstəmov - Bütün depressiyalar və əksər psixi pozuntuların kökündə bizim düşüncəmiz durur. Sual oluna bilər ki, necə? Əgər, düşünürəmsə, mənim həyatımda nə isə alınmır, bu istər-istəməz şüuraltı olaraq mənim davranışıma, danışığıma, hərəkətimə, insanlarla rəftarıma və ətrafımda olan bütün proseslərə təsir göstərəcək. Əksini fikirləşirəmsə, sadaladığım halların əksi baş verəcək. Məhəmməd peyğəmbərdən (s.ə.s) belə bir hədis də var: “Bir gün peyğəmbər bir dəstə adamla səhradan keçir. Yolda bir heyvan cəsədinə rast gəlirlər. Hər kəs heyvandan gələn pis qoxudan və çirklilikdən danışır. Peyğəmbər (s.ə.s) isə deyir: “Siz onun iyinə və ölü olmasına baxmayın, görün onun nə gözəl dişləri var”. Biz öz yaşamımızı gözəl etmək üçün çoxlu sayda doğru səbəblər tapa bilərik. Amma çox təəssüflər olsun ki, insan daha çox çatışmayan cəhətlərə meyillidir. Yaşamaq, nəfəs almaq, gəzmək - bütün bunlar azdırmı bizim xoşbəxt olmağımız üçün? Qabriel Markizin maraqlı bir fikri var “İnsanlar həmişə dağın zirvəsində olmaq istəyirlər, ancaq unudurlar ki, xoşbəxtlik dağın ətəyindədir”.
Azərin - Dünya malı dünyada qalır. Ölümdən sonra sadəcə rəhmət aparırıq. İnsan ömrü bir zaman çərçivəsindədir. Müddət bitdikdən sonra insan dünyadan köçür. Mən bu günümlə yaşayıram. Evdəkilərlə münasibətimdə çalışıram ki, onların ürəklərini qırmayım. Kənarda kiməsə qarşı pis ünsiyyət görəndə mənə psixoloji təsir edir. Əgər o yerdə bir köməyim dəymirsə, çalışıram ki, ordan uzaqlaşım.

Cavid Abidov “...insanlar standart bir çərçivənin içərisində ilişib qalıblar”
Elnur Rüstəmov - Mütaliə çox vacib bir məşğuliyyətdir. Cəmiyyət elə bir mərhələyə gəlib çatıb ki, artıq sos siqnalı verilməlidir. Qərb bu mərhələdən keçdi. Yadınıza gəlirsə, məşhur “Bitlz” qrupu var idi. Bu qrup səhnəyə tək avanqard üslubu gətirmədi, eyni zamanda narkotika və içki satışının dövriyyəsini də artırdı. Bu gün bizim cəmiyyətimizin üzdə olan insanları, yəni müğənnilər kitab oxumur. Bu çox pis tendensiyadır. Əgər bu gün hər hansı bir müğənni metroda kitab oxuyarsa, sabahdan hamı kitab oxumağa başlayacaq. Əksinə, müğənni əlində alkollu içki şəhərdə gəzərsə, inanın onun fanatları eynən həmin hərəkəti təkrarlayacaqlar.
Cavid Abidov – Mən isə düşünürəm ki, bizdə müxtəliflik yoxdur. Standart bir yol var, bu bütün sahələrə şamil edilə bilər. Əslində hər bir insanın maraq dairəsi olmalıdır, bizdə isə bu yoxdur. Bu gün musiqidən danışılanda, ancaq şou-biznesdən danışılır. Sanki danışılacaq başqa mövzu yoxdur. Sanki, insanlar standart bir çərçivənin içərisində ilişib qalıblar. Müxtəliflik irəli sürmək üçün məncə bir balaca savada və biliyə ehtiyac duyulur.
-Elnur Rüstəmov - Sənətçilərin millətə və gənc nəsilə təsir imkanları çox böyükdür. Onlar millətin maariflənməsi üçün işlər görməlidirlər. Psixologiyadan söhbət gedirsə, bu Azərbaycana təzə gəlib və heç birimizi maraqlandırmayan bir elmdir.
İradə Nurəddinqızı - Əgər hər hansısa bir sənətçinin intellektual səviyyəsi aşağıdırsa, mütaliə etmirsə onun cəmiyyətə hansı təsiri ola bilər? Əlbəttə ki, adi danışıq qabiliyyəti olmayan, savadsız sənətçidən tamaşaçı cahillik və özünü apara bilməməkdən başqa heç nə öyrənməyəcək.
Azərin - Əksər insanlar cəmiyyəti qınaq atəşinə tutur, amma cəmiyyətdə bu gün inamsızlıq var. Məsələn, ailə mövzusunda olan proqrama elə sənətçini dəvət edirlər ki, onun ailəsinin normal olmadığı hamıya bəllidir. Ona görə də artıq cəmiyyət inamsız mövqe göstərir. Bu gün televiziya ailəyə yaxın olan bir vasitədir. Əgər sənə nümunə olaraq, nümunəvi olmayan bir insanı göstərirlərsə, buna necə inanasan?
İradə Nurəddinqızı – Tamamilə doğrudur, sənətçinin cəmiyyətə birbaşa təsiri var və bu danılmazdır. Deyirsiniz ki, cəmiyyət gördüyünə inanmır, ancaq onun arxasınca gedir axı. Bu gün açıq-saçıq geyinən sənətçilər cəmiyyətin dəb güzgüsü olub.
Cavid Abidov - Əgər bu gün cəmiyyətin qarşısına bir yemək təklif etsən və söyləsən ki, bu yeməkdən başqa yemək yoxdur. Cəmiyyət bu yeməkdən bezsə belə ac qalmasın deyə yeyəcək. Bu gün televiziya verilişlərində söyüş də eşitmək mümkündür.

Elnur Rüstəmov: “Bizdə nəinki psixi təhlükəsizlik, heç psixi sağlamlıq haqqında qanun yoxdur”
Elnur Rüstəmov - Yadıma gəlir ki, əvvəl sovet dönəmində verlişlərin birində bir xanım demişdi ki, sovet hökumətində seks yoxdur, seks amerikadadır. Bilirsiniz o niyə elə düşünürdü? Çünki onu elə tərbiyə etmişdilər. Sovet dönəmində uşaqlar elə fikirləşirdi ki, ata uşağı hardansa alıb. Amma bu gün uşaq özü bilir necə dünyaya gəlib. Mən informasiyanın verilməsinin əleyhinə deyiləm, ancaq kontingent nəzərə alınmalıdır. Efirdə “Kurdlar Vadisi” filmi yayımlanırsa, mütləq kinodan öncə xəbərdarlıq edilməlidir ki, 8 yaşınadək uşaqların baxması qadağandır. Məncə bunu yazmaq çətin bir şey deyil. Bu psixi təhlükəsizlik qanunudur və dünyada bu qanun mövcuddur. Bizdə nəinki psixi təhlükəsizlik, heç psixi sağlamlıq haqqında qanun yoxdur. Bu gün heç kim psixoloq yanına getir. Amma siz elə bir toy görmüsünüz ki, orada müğənni olmasın? Təbii ki, hamımız yox deyəcəyik. Fikir verirsinizmi, biz bayaqdan çox stressli şəkildə söhbət edirik.
Cavid Abidov - Mən bütövlükdə stress içindəyəm.
Azərin - Bu baxımdan mən daha sakit insanam.
İradə Nurəddinqızı - Məndə də bir balaca stress var.
Elnur Rüstəmov - Cavid sizə bir sual verim. Falçı yanında olmusunuz?
Cavid Abidov – Xeyr, siz nə danışırsınız? Əvvəllər tələbəlik dövründə işləmək üçün toylarda çalışırdım. Təzə ailə həyatı qurmuşdum, imkansızlıq idi. Sevmədiyim bir işlə məşğul olurdum. Bu da məni hədsiz dərəcədə alkoqollu içkiyə qurşanmağa sövq etdi. Bir yaxın dostum məni Pirşağa qəsəbəsində yaşayan seyyidin yanına apardı. O insan mənim üçün dualar oxudu, mən düzəldim. Ona falçı deməzdim, o, mənə dini yolla kömək etdi.
Elnur Rüstəmov – Burda inamin da öz yeri var ancaq. Qayıdaq bayaqkı söhbətimizə. Eevləndirmə verlişində bir gənc deyir ki, ailə qurub boşanmış da olsa, mən o qızı alıram, ancaq evi olsun. Kim bu insanın sağlamlığına təminat verir?
Cavid Abidov - Siz o verlişin aparıcılarının simalarını görmürsüz? Hər ikisinin sifətindən şeytanlıq yağır.
Azərin - O efirdə olanlar şeytana bənzəyə bilər. Sadəcə belə verlişlərə nəzarət yoxdur, ora psixoloji problemi olanlar da gələ bilər.
İradə Nurəddinqızı – Məlum məsələdir ki, dünya görüşü olan insanlar təsir altına düşmürlər. Bəs yeni gələn nəsil, görəsən onların dünya görüşləri necə formalaşacaq?
Azərin - Azərbaycanda yaxşı potensialı olan gənclər var. Onlar sözügüdən televiziya verlişlərinin təsiri altına düşmürlər. Təsir altına düşən məhz orta nəsildir. Dəhşətlisi isə bax budur.
İradə Nurəddinqızı - Bizim həqiqətən də intellektual səviyyəyə malik olan gənclərimiz var, bu danılmazdır. Burada isə ümumilikdə kütlədən danışırıq.
Elnur Rüstəmov – Doğrudur gənclərdə dəyişiklik var. Dörd il bundan öncə kimə desəydin, psixoloq yanına get, cavab verəcəkdi ki, dəliyəm? İndi yavaş-yavaş psixoloq yanına gəlirlər, konsultasiyada oturub söhbət də edirlər. İstənilən iş yetərki başlasın.

İradə Nurəddinqızı:“Savadsız müğənninin ictimai verlişə ziyalı, mütəxəssis və ya ekspert kimi dəvət olunması faciədir”
Azərin - Sənətlə, siyasəti götürsək sənət siyasətdən güclüdür. Siyasətin eliyə bilməyəcəyini sənət çox tez bir zamanda edir.
İradə Nurəddinqızı – Tamamilə doğrudur, çünki sənətçilər cəmiyyətin diqqət mərkəzində olan inasanlardırlar. Bu gün bizim sənətçilərin əksəriyyəti savadsızdırlar, ancaq ziyalı kimi sosial və ictimai mövzular qoyulmuş verlişlərə dəvət alırlar. Savadsız müğənninin ictimai verlişə ziyalı, mütəxəssis və ya ekspert kimi dəvət olunması faciədir. Axı o müğənninin fikri necə meyar ola bilər?
Azərin – Mən də sosial və ictimai mövzular qoyulmuş verlişlərə məhz sənətçilərin dəvət olunmasının əleyhinəyəm. Çünki, Azərbaycan sənətçiləri göstərici deyil.
Cavid Abidov - Axı içərilərində yaxşı olanları var. Ancaq o yaxşılar da efirə çıxmır. Rəhmətlik atamın 78 yaşı vardı. Bir dəfə məndən soruşdu ki, ay bala Röya ilə Aygünün məsələsi nə yerdə qaldı? Təsəvvür edirsiz 78 yaşlı insanı da bu maraqlandırır. Niyə Nadir Qafarzadə bütün efirləri zəbt etməlidir, amma Alim Qasımov yox? Axı Alim Qasımovun oxuduğu musiqinin sirli təsiri var. Efirlər elə səviyyədədir ki, ya xörək bişirirlər, ya falçıları göstərirlər, ya da kimisə evləndirirlər. Məsələ burasındadır ki, nə bişirə bilirlər nə də evləndirə.
Elnur Rüstəmov – Bizdəki evləndirmə verlişlərinə gələn oğlanlar elə bil ərə getməyə gəlirlər. Biz söhbətimizi gözəl düşünən, gözəl görərlə başladıq. Gərək cəmiyyətə gözəl nemətlər verəsən ki, gözəl də görəsən.
İradə Nurəddinqızı - Yekunlaşmaya doğru belə sualla mürciət etmək istəyirəm. Diskusiya apardiğimiz bu məsəslələrin içində gözəl düşünüb, gözəl görmək olarmı?
Azərin - Psixoloji baxımdan bu çox çətin bir prosesdir. Əgər sən səhər qalxanda birinin əlini digərinin cibində və ətrafda haramçılıq görürsənsə bu dəhşətdir. Amma özünə, ailənə və bu torpağa görə gərək gözəl görəsən. Yoxsa sən də onlardan biri olacaqsan.
Elnur Rüstəmov - Məncə yaxşı işləri təbliğ etməliyik. Çünki stress və oqresiya gözlərimizin önündədir. Hər yanda bunu görə bilirik. Bu gün öndə gedən işimiz doğru qərar verməyimizdir. Bir məsəl var ki, özünə rəva bilmədiyini, özgəsinə də rəva bilmə. Əgər bir şeyi cəmiyyətə verəcəyiksə, yalnız onun doğru olduğunu biləndn sonra verək. Pislik edəcəksənsə, qayıdacaq üstünə. Əgər bu müsahibəni kimsə oxuyacaqsa və onun həyatında irəlləyiş olacaqsa biz xoşbəxtik
Narınc Rüstəmova - Həmişə zəiflər arxada qalır, güclülər isə qabaqda olur. Gərək dağın üstünü istəyəsən ki, heç olmasa ətəyinə gəlib çıxa biləsən. Ətəyində oturub bura mənə kifayət edir deyərsə, o insan heç vaxt qabağa gedə bilməz. Mübarizə olmalıdır. Mübarizəni də gözəl düşünüb, gözəl görərək apara bilərik.
Cavid Abidov - Mən sizinlə tamamı ilə razıyam. “Gözəl düşünən gözəl görər” Həzrəti Mövlanənın sözləridir, mən bunu bilmirdim. Bura gələndə lövhədə o sözləri oxudum və başa düşdüm ki, mən artıq belə yaşayıram. Biz öz torpağımızdayıq, öz vətənimizin və öz millətimiz içindəyik. Ona görə də mənə elə gəlir ki, bizi hər gördüyümüz neqativ şeylər düşündürməlidir və biz ordan özümüzə yaxşı nəticə tapıb çıxartmalıyıq. Mən şəxsən öz şəxsi adıma özümü buna həmişə hazırlamışam. Biz Azərin xanımla çox xarici ölkələrdə olmuşuq, ancaq sizi inandırım ki, bizə bənzəri yoxdur. Analıqu olmayan millətimiz var. Bu sözləri mən ürəkdən deyirəm.
Sevda - İnsanlar gözəl olanı sevirlər. Gəlin Vətənimizdə də, sənətdə də gözəl olana baxaq çirkinləri aşağı qoyaq qoy insanlar gözəl olanları sevsinlər.
İradə Nurəddinqızı - Mən isə düşünürəm ki, Allah Təala insanları eyni yaradıb.Hər bir insanın fitrətində dediyimiz o gözəllik var. Dilindən, irqindən, milli mənsubiyyətindən və həyatda tutduğu mövqeyindən asılı olmayaraq, bütün insanlar gözəldir. Sadəcə, insanlar ətraf mühitin təsiri nəticəsində oğru, cinayətkar, paxıl xəbis və s. olurlar. Bütün insanlar, bütün millətlər, bütün xalqlar gözəldir. Yetər ki, o gözəlliyi görəsən.

3 Fevral, 2011  16:35 Baxılıb: 4636

Bu bölmədə