Simsar.az | bizi özünüzə Simsar bilin
"VAZ"-lar daha təhlükəli avtomobillərdir?

"Xəzər-Lada" yol polisinin bəyanatı ilə razılaşmır

"Xəzər-Lada" Açıq Səhmdar Cəmiyyəti Respublika Baş Dövlət Yol Polisi İdarəsinin "VAZ" markalı avtomobillərin təhlükəli olması ilə bağlı bəyanatını haqsız və ədalətsiz sayır.

ASC-nin idarə heyətinin sədri Fəxrəddin Qasımzadə çərşənbə günü Trend-ə bildirib ki, "VAZ" markalı avtomobillərin bütün modellərinin, xüsusilə "VAZ-21074" markalı avtomobilin gövdəsi xüsusi poladdan hazırlanmış metal qurğularla möhkəmləndirilib, kuzası tamamilə metaldan yığılıb.

"Bu model isə 2008-ci ildə yeniləşdirilərək beynəlxalq təhlükəsizlik normalarına cavab verən yüksək markalı polad karkasla yığılıb, əyləc sistemi yeniləşdirilib, təhlükəsizlik kəmərləri möhkəmləndirilib", - Qasımzadə vurğulayıb.

Onun sözlərinə görə, bu avtomobilin bütün modellərində nizamlayıcı təhlükəsizlik kəmərləri var.

"Priora" və "Kalina" modelləri isə təhlükəsizlik yastığı, ABS, sükanı idarə etmənin gücləndiricisi, parktronik sistemi, kondisioner, tunelə girdikdə işıqların avtomatik yanması və s. bu kimi təhlükəsizlik vasitələri və komfortla təchiz edilib. Hər modelə ayrı-ayrılıqda avro 3,4 və 5 normalarına uyğun xüsusi sertifikatlar verilib.

İdarə heyətinin sədri bildirib ki, "Lada-Niva" modelində bu komfortla yanaşı, uşaq kreslosunun yerləşdirilməsi üçün xüsusi şərait yaradılıb.

"Avto-VAZ" ASC-nin istehsal etdiyi bütün modellər beynəlxalq normalara uyğun sınaqdan keçirilib və onlara sertifikatlar verilib. Bu səbəbdən, "VAZ" markalı avtomobillər dünya bazarında özünə nüfuz qazanıb və çox satılan avtomobillərdən biridir", - Qasımzadə bildirib.

O, deyib ki, 1970-ci illərdən başlayaraq bütün dünya bazarlarında təhlükəsizlik, əlverişli qiymətlər və istismarda özünü doğrultmuş bu avtomobillərin ənənəvi yeri və dəyəri vardır.

Qasımzadə Azərbaycanda aşağı və orta təbəqənin nümayəndələrinin məhz bu avtomobillərə üstünlük verdiyini deyib.

O, qeyd edib ki, hər müəssisə bazarda haqlı və ədalətli rəqabət aparır. Bunun qanunvericiliklə nizamlandığını və qorunduğunu deyən Qasımzadə polis orqanının məlum bəyanatının haqlı rəqabətə ziyan gətirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Rusiya istehsalı olan avtomobillərdə qəza şəraitində ölüm və xəsarət riski daha çoxdur.

İdarənin məlumatına görə, ötən il yol qəzalarının 51,6 faizi texniki parametrlərə cavab verməyən, Rusiya istehsalı olan "VAZ" markalı avtomobillər tərəfindən törədilib və nəticədə 344 nəfər həlak olub.

"VAZ" markalı avtomobillərin digər ölkələrin istehsalı olan avtomobillərlə müqayisədə təhlükəsizlik baxımından geri qaldığını deyən Əliyev bildirib ki, bu avtomobillərdə qoruyucu hava yastıqlarının olmaması, zərbəyə dözümlülüyün az olması qəza zamanı ölüm riskini artırır.

Ölkədə qeydiyyatda olan milyona yaxın avtomobilin 468 mini "VAZ" markalı avtomobillərdir.

"Xəzər-Lada" ASC Rusiyanın Voljski "AvtoVAZ" ASC-si ilə birgə təsis edilmiş iki dövlətin hüquqi şəxsidir. Dövlətlərarası razılaşmaya əsasən, "Xəzər-Lada" ASC "VAZ" markalı avtomobillərin bir neçə modelini və onların ehtiyat hissələrini ölkəyə idxal edir. Satışdan sonra avtomobillərə zəmanət verir və pulsuz texniki xidmət göstərir.

2 Fevral, 2011  21:17 Baxılıb: 1978

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası