Simsar.az | bizi özünüzə Simsar bilin
Rəsul Quliyev: “Mühacir həyatı məni yazıçı etdi”

“Kitabı yazmaqda məqsəd avtoritar rejimlərin yaratdığı faciələrin daha dərin olduğunu anlatmaqdır”

Azərbaycanın eks-spikeri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Bayramın (Quliyev) "kultaz.com"a müsahibə verib. Modern.az müsahibəni təqdim edir. R.Quliyev müsahibəsində son zmanalar çapdan çıxan kitabından və digər məsələlərdən danışıb.

ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan “Xlibris’’ Azərbaycanın eks-spikeri Rəsul Quliyevin “Axının əksinə’’ (“Ageinst The Tide’’) adlı romanını nəşr edib.
“Rasul Bayram’’ imzası ilə çap olunan roman artıq dünyanın bir çox məşhur kitab sərgilərində oxuculara təqdim olunub. Kitab Almaniyanın Frankfurt şəhərində keçirilən məşhur kitab yarmarkasında, habelə Amerikanın daha 3 kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olunub.
Əsər ötən ilin sonlarından ABŞ-ın kitab bazarında, habelə “google’’, “yahoo’’ və “amazon.com’’ internet səhifələrində satışa çıxarılıb.

Romanın baş qəhrəmanı Daud adlı livanlı gəncdir. O, Fransada tələbə ikən, Çində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün bu ölkəyə gedən könüllülərə qoşulur. Burada o özü də dağıntıların altında qalaraq, xəsarət alır. Çoxlu qan itirən Daudu huşsuz vəziyyətdə dağıntılar altından Syuzan adlı bir qadın xilas edir və ona ilk yardım göstərir. Syuzan da Çinə gələn könüllülərdən biri olur. Daud isə yalnız bir neçə həftə sonra özünə gəlir. Amma ayılanda ona qulluq etmiş Syuzan artıq orada olmur. Beləliklə, Daud Syuzanın axtarışına çıxır.
Romantik dram və siyasi detektiv janrında yazılmış roman Yaxın Şərqin 100 illik siyasi tarixinə də işıq salır. Roman çap olunandan sonra Tunis və Misirdə baş verənlər kitabı daha da aktuallaşdırıb.
Kitabda Yaxın Şərqdə baş verən proseslər, xüsusi ilə İsrail-Fələstin münaqişəsinin yaranma səbəbləri, Avropa və ABŞ-ın bu regionda apardıqları siyasətin qaranlıq tərəfləri açıqlanır.

- Rəsul bəy, doğrusu, roman yazmağınız barədə xəbər bir çoxları üçün gözlənilməz oldu. Bir neçə siyasi-analitik kitabdan sonra birdən-birə bədii janra müraciət etməyiniz hansı zərurətdən yarandı?

- Ola bilər ki, məni yaxından tanımayanlara bu, gözlənilməz addım kimi görünür. Məni yaxşı tanıyanlar bilir ki, belə bir potensial məndə həmişə olub. Həm də bu əsəri mütləq mənada bədii əsər hesab etmək olmaz. Kitabın bədii şəkildə yazılmasında məqsəd oxucuların sayını kifayət qədər artırmaqdır. Əslində məqsəd XIX əsrin axırlarından bu günə qədər dünyanın aparıcı demokratik ölkələrinin öz maraqları naminə Yaxın Şərqdə apardıqları siyasətin nəticəsində yaranmış rejimlər və bu rejimlərin sadə insanların həyatında oynadığı neqativ rolu göstərməkdir. İstənilən totalitar rejimin represiya qurbanlarını təxmini olsa da saymaq mümkündür. Ancaq bu rejimlərin nəticəsində milyonlarla sındırılmış insanların talelərini həmin represiya qurbanlarının siyahısına heç vaxt salmırlar. Kitabı yazmaqda məqsəd ictimaiyyətin fikrini bu istiqamətə yönəltmək və bu tipli rejimlərin yaratdığı faciələrin daha dərin olduğunu anlatmaqdır. Kitabda I və II dünya müharibələrinin başlama səbəbləri, SSRİ-nin dağılması, İran İslam İnqilabı, Misirin yaranması və Yaxın Şərqdə oynadığı rol, Yasir Ərəfatın bir terrorçu kimi formalaşmasında Misirin rolu, Hezbullahın yaranma səbəbləri və onların İsrail üzərində qələbə çalması analiz edilib. Əmin ola bilərsiniz ki, bu əsər bədii janrda, yəni iki gəncin taleyi və siyasi dedektiv janrında yazılmasaydı, oxucuların sayı 100-200 adamdan çox olmazdı.

- Əsərdə Azərbaycanla bağlı məqamlar varmı?

- Xeyr.

- Roman birbaşa ingilis dilində qələmə alınıb, yoxsa sonradan tərcümə olunub? Ümumiyyətlə, kitab konkret hansı tarixdə dərc olunub? Niyə məhz “Rəsul Bayram” imzası?

- Roman sözsüz ki, Azərbaycan dilində yazılıb. Mənim İngilis dilimin kitab yazmaq səviyyəsinə qalxması şansı sıfıra bərabərdir. Satışa isə ötən ilin avqust-sentyabr aylarında çıxıb. Rasul Bayram imzası ilə kitabın nəşr olunması təbiidir. Bayram mənim atamın adıdır. Biz slavyan soyadlarından azad olmalıyıq. Sözsüz ki, artıq mənim soyadımı dəyişməyim gecdir. Dəyişsəm belə, onu qəbul etməyəcəklər, yamaq kimi görünəcək. Ancaq roman müəllifi kimi məmuniyyətlə Quliyevi Bayramla əvəz etdim.

- Kitaba reaksiyalar necədir? Peşəkarlardan, oxuculardan rəylər gəlirmi?

- Rəylər kifayət qədərdir və onlar gələcəkdə hansısa yazılarımda öz əksini tapacaq.

- Romanın Bakıda və Azərbaycan dilində nəşrini planlaşdırırsınızmı?

- Hələ ki, o barədə düşünməmişəm.

Əvvəllər bədii yaradıcılıqla məşğul olmusunuzmu, yoxsa bu təcrübə sizin üçün yenidir?

- Söhbət əgər lap gənc, yəni 18-21 yaşlardan gedirsə, həddən artıq çox bədii kitab oxuyan, bir qədər də emosianal olan bütün gənclər kimi bir-iki şeir yazmışam. Əgər ciddi cavabdan söhbət gedirsə, hər bir istər siyasi, istər texniki yazı olsun, bədiilik elementlərindən məhrum deyildir. Ona görə də eyni mövzuda müxtəlif müəlliflərin yazıları da fərqlidir. Məsələn, Çörçilin II dünya müharibəsinə həsr etdiyi və Nobel mükafatı alan əsəri siyasi-tarixi əsər olsa da, bədiiliyinə görə bu mövzuda yazılmış yüzlərlə əsərlərdən fərqlənir. Eyni mövzuda xatirələrini yazan marşal Jukovun əsərini zorla , marşal Rokosovskini isə bədii roman kimi oxuyursan. Ona görə siyasi və ya tarixi yazı ilə bədii əsər arasında siz təssəvvür etdiyiniz kimi uçurum yoxdur.

- Roman yaradıcılığınızı davam etdirəcəksinizmi?

- Siyasi roman yaradıcılığı çox ehtimal ki,davam edəcəkdir.

- Sevdiyiniz yazıçılar kimlərdir? Onların arasında təsirləndikləriniz varmı?

- Bu suala cavab vermək çox çətindir. Onların sayı həddən artıq çoxdur. Ancaq bir neçəsinin adını çəkə bilərəm. Qırğız Aytmatov, rus Çexov, avstriyalı Kafka, ingilis Konon Doylun tarixi əsərləri, amerikalı Mark Tven, Cek London, qismən Heminquey, kolumbiyalı Markes və bir çoxları. Azərbaycandan Yusif Səmədoğlu, Anar, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, şairlərdən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Musa Yaqub və başqaları. Ancaq mən həm müasir, həm də klassiklərdən bir çoxlarının yaradıcılığına böyük məhəbbətlə yanaşıram. Ən çox siyasi və tarixi kitablar oxuyuram. Dinlə əlaqədər, Buddizm, İudaizm, Xristianlıq və İslamın tarixinə dair də çoxlu kitablar oxumuşam.

- Sırf Azərbaycanla bağlı siyasi və ya başqa məzmunlu roman, yaxud memuar yazmağı düşünürsünüzmü?

- Hər şeyin bir qədər zamana ehtiyacı var

- Son illər Azərbaycanda Yazıçılar Birliyinin monopoliyasından kənarda yeni, demokratik ədəbi qüvvələr formalaşıb. Bu gün daxili kitab bazarında ən çox satılan da əsasən bu gənclərin kitablarıdır. Onların arasında müstəqillik dövrünün həqiqətlərini özündə əks etdirən siyasi romanlar da var. Azərbaycan ədəbiyyatındakı bu yeni dalğa haqqında məlumatlısınızmı?

- Təəssüf ki, xəbərim yoxdur, ancaq alqışlayıram. Hər bir yeni cərəyanın ancaq proqressiv rolu ola bilər.

- Nəhayət sonuncu sual. İqtisadçı, siyasətçi, parlament sədri, zorən mühacir və … yazıçı. Taleyiniz yetərincə ağır və qəribə səslənsə də, maraqlıdır. Yazıçılıq əvvəlki statuslarınızdan nə ilə fərqlənir?

- Yazıçılığımın səbəbini zorən mühacir olmağımda axtarmaq lazımdır. Bilirsiniz, mən 23 yaşımdan orta hesabla gündə 12-14 saat işləmişəm. Azərbaycanda işlədiyim 26 ildə maksimum 3 dəfə məzuniyyətdə olmuşam. Elə günlər olub ki, məsələn 24 yaşımda və 1993-1995-ci illərdə 3-4 gün bir saat da yatmamışam. Belə bir rejimə öyrənmiş adam bekar dayana bilməz, o nə isə etməlidir. Ömrü boyu çalışmışam ki, ətrafımda olanlara bir xeyrim dəysin. Onun da miqyası hər il dəyişirdi. Yəni qurğu rəisi kimi ancaq 23 insan üçün nə isə edə bilərdimsə, parlamentin sədri kimi xalq üçün çalışmalı idim. İndinin özündə də ancaq özünü düşünən adamlardan zəhləm gedir. Söhbət ondan getmir ki, kimlərsə özünü düşünməməlidir, qazanmamalıdır. Xeyr, söhbət başqasının çörəyini əlindən alıb varlananlara nifrətdən gedir.
Dünyada mənim üçün azərbaycanlıları sivil və xoşbəxt görməkdən böyük hədiyyə yoxdur. Yazıçılıq da bu gün xalqa xidmət etmək məqsədini güdür. Ümid edirəm ki, kimsə oxuyacaq və başa düşəcək ki, məsələn, qüdrətinə heç kimin şübhə etmədiyi şah rejimi necə oldu ki, İranda bir həftəyə mütləq süquta uğradı. Mən özümün şəxsi həyatımın bu şəkildə formalaşmasından yox, potensialımı bu xalqın xeyrinə yönəldə bilmədiyimdən narazıyam.

2 Fevral, 2011  17:43 Baxılıb: 1990

Bu bölmədə