Simsar.az | bizi özünüzə Simsar bilin
Vaşinqtonda Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Vaşinqton. İzabel Levin-APA. Fevralın 25-də Vaşinqtonda Corc Vaşinqton Universitetində Xocalı qətliyamının 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir Azərbaycan-Amerika Şurası, Amerika Azərbaycan Cəmiyyəti, Türk-Amerika Assosiasiyaları Assambleyası və Corc Vaşinqton Universitetinin Türk Tələbələr Assosiasiyası tərəfindən təşkil olunacaq. 

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, ABŞ tarixçiləri və tədqiqatçıları, həmçinin yerli jurnalistlər iştirak edəcəklər.

Təşkilatçıların bununla bağlı yaydığı bəyanatında deyilir ki, Xocalı qətliyamı 20-ci əsrin ən böyük qətliyamlarındandır”.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və bir vaxtlar əhalisi Azərbaycanlılar olan Xocalı şəhəri 1992-ci il Fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

Şəhərin əhalisi etnik təmizlənməyə məruz qalıb və işğalçılar tərəfindən qətlə yetirilib. Human Rights Watch təşkilatının məlumatına görə, qətliyamda 613 azərbaycanlı və Ahıska türkü, o cümlədən 106 qadın və 83 uşaq həlak olub.

Amerikalı azərbaycanlılar və türklər ABŞ-da Xocalını anım həftəsi keçirməyi planlaşdırırlar. Həftə çərçivəsində San-Fransiskoda, Vaşinqtonda, Nyu-Yorkda Xocalıya dair panel müzakirələr və Kanadanın Toronto şəhərində xatirə konfransı keçiriləcək.

2 Fevral, 2011  16:38 Baxılıb: 1811

Bu bölmədə