Simsar.az | bizi özünüzə Simsar bilin
Elman Rüstəmov: “Mərkəzi Bankın hansısa bankları bağlamaq planı yoxdur”

Bakı - APA-ECONOMICS. “Bu yaxınlarda Azərbaycanda bağlanan bankların heç bir fəaliyyəti yox idi. Buna görə də biz onları sistemdən kənarlaşdırdıq”.

“APA-ECONOMICS”in xəbərinə görə, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov son bir ayda 3 bankın fəaliyyətinin dayandırılması barədə jurnalistlərin sualını belə cavablandırıb.

Elman Rüstəmov gələcəkdə özəl bankların bağlana biləcəyi ehtimalına da münasibət bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankın hansısa bankları bağlamaq planı yoxdur: “Əslində bağladığımız banklar çoxdan işə yaramırdı. Onlar çox zəif idi və faktiki olaraq fəaliyyət göstərmirdilər. Amma biz bunu böhran dövründə etmədik. Çünki bu, maliyyə bazarlarına başqa bir impuls verə bilərdi. Yəni o dövr çox həssas dövr idi və bankların bağlanması başqa cür başa düşülə bilərdi. Artıq böhran geridə qalıb. Postböhran dövründə bankların özlərinin də böyüməyə ehtiyacı var. Çünki banklar daha çox dayanıqlı olmalı, daha böyük kapitallara və aktivlərə malik olmalıdır”.

Elman Rüstəmov problemli kreditlər barədə sualları da cavablandırıb. O qeyd edib ki, artıq Azərbaycanda problemli kreditlərin meylləri azalmağa doğru istiqamətlənir: “Problemli kreditlər onunla əlaqədardır ki, böhran prosesi artıq arxada qalıb və kreditlərin, necə deyərlər, bir qədər köhnəlməsi, qocalması baş verib. Artıq bankların özləri bu kreditləri geri almaq üçün öz ehtiyatlarını yaradıblar”.

Xatırladaq ki, 2010-cu ilin dekabrın 1-də “Debütbank” ASC və “Kövsərbank” ASC-nin, 2011-ci il yanvarın 28-də isə “Birlikbank” ASC-nin lisenziyası ləğv edilib. Həmin banklar Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bağlanıb.

2 Fevral, 2011  01:39 Baxılıb: 1907

Bu bölmədə