Simsar.az | bizi özünüzə Simsar bilin
Qarabağ və Respublika Uğrunda Hərəkat niyə bərpa edildi?

Əli Əliyev və Əvəz Temirxan söz-söhbətlərə münasibət bildirdilər

Qarabağ və Respublika Uğrunda Hərəkatın (QRUH) fəaliyyətinin yenidən bərpa edilməsi müxtəlif söz-söhbətlərə yol açıb. 
Bəzi fikirlərə görə, bərpa olunan bu hərəkat gələcəkdə, daha doğrusu 2013-cü ildə Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyini dəstəkləyəcək. Artıq «Qarabağ» siyasi blokunun bununla bağlı niyyət ortaya qoyduğu bildirilir. Həmin blokda Azərbaycan Demokrat Partiyası və Ümid Partiyası təmsil olunurlar.
Digər bir versiyaya görə, QRUH ölkənin aparıcı müxalifət partiyalarının seçkidən sonra yaratdıqları İctimai Palatanın siyasi təsir yükünü zəiflətmək məqsədilə yenidən meydana atılıb. Qeyd edək ki, QRUH-da təmsil olunan partiyalar (ADP istisnadır) İctimai Palatanın aparıcı fiquru olan Müsavat Partiyasına qarşı müxalif mövqedədirlər və zaman-zaman münasibətlərdə gərginliklər olub.
Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkat (QRUH) 2010-cu il parlament seçkilərindən öncə, partiyaların seçkilərdə iştirakla bağlı maraqları üst-üstə düşmədiyi üçün dağılmışdı. Daha doğrusu, Müsavat Partiyası bəyan etmişdi ki, o, seçkilərə Ümid Partiyası ilə bir blokda getmək istəmir. Və bundan sonra hərəkatın fəaliyyəti dayandırılmışdı və onun törəməsi kimi «Qarabağ» seçki bloku yaradıldı. «Ümid», Demokrat, və Aydınlar partiyalarını özündə bu blokda birləşdilər. Seçkidən sonra Aydınlar Partiyası bu birlikdən uzaqlaşandan sonra siyasi blok təsis olundu. VİP və Liberal partiyalarının da bu siyasi bloka qoşulmaları bir qədər gözlənilməz oldu. Məsələ ondadır ki, «Ümid» və Demokrat partiyaları siyasi bloku elan etməklə yanaşı yaxın vaxtlarda 2013-cü ilin prezident seçkilərinə öz namizədini də açıqlamaq niyyətindədir. İki partiyanın razılığına əsasən, İqbal Ağazadə «Qarabağ» blokunun prezidentliyə vahid namizədi olacaq. «Ümid» və Demokrat partiyaları arasında belə bir razılığın əldə olunmasından sonra VİP və Liberal partiyalarının bu birliyə hansı şərtlərlə qoşulduqları maraq doğurur. Xüsusən də Lalə Şövkət kimi nüfuzlu və prezidentliyə iddialı lideri olan liberalların yeni blokda iştirakları diqqəti cəlb edir.
Liberal Partiyasının sədri Əvəz Temirxan isə bildirir ki, 2013-cü il prezident seçkilərinə hələ xeyli vaxt var: «Qarabağ və Respublika Uğrunda Hərəkat İqbal Ağazadənin və ya başqa bir şəxsin namizədliyini dəstəkləmək üçün yaradılmayıb. Ümumiyyətlə,
Hərəkatın Qarabağ siyasi bloku ilə heç bir əlaqəsi yoxdur. Bu hərəkatın yaranma zərurəti ərəb dünyasında baş verənlərlə və ölkədə gözlənilən yeni siyasi proseslərlə bağlıdır».
Vətəndaş və İnkaşaf Partiyasının sədri Əli Əliyev isə mətbuata açıqlamasında qeyd edib ki, QRUH anti-referendum hərəkatı olaraq yaranmışdı: «İsa Qəmbər Ümid Partiyası ilə əməkdaşlıq etmək istəmədiyi üçün onun fəaliyyətinə xitam verilmişdi. Dünyada baş verən siyasi proseslərin fonunda, bölgədəki vəziyyəti nəzərə alaraq fəaliyyətimizi bərpa etmək qərarını verdik. Qərarı Məmmədəmin Rəsulzadənin doğum günündə verdik. Amma ola bilsin ki, yaxın günlərdə bununla bağlı xüsusi törən keçirilsin».
VİP sədri bildirdi ki, QRUH-a üzv olanlar arasında hansısa qarşılıqlı öhdəlik yoxdur. Və heç bir digər quruma qarşı yaradılmayıb: «Siz İctimai Palatanı nəzərdə tutursunuzsa, bu qurum seçkilərin nəticələrinə etiraz olaraq yaradılmış emosional təşkilatdır və biz bu günə qədər yaradılan belə təşkilatların aqibətini görmüşük. Hərəkatı nativini düşünmədən bərpa etmişik. Hesab edirik ki, dünyada cərəyan edən hadisələrin fonunda partiyalar səylərini ümumiləşdirib sınaqdan çıxmış hərəkatda əməkdaşlıq etməlidirlər. Bizim yeganə hədəfimiz Azərbaycan hakimiyyətidir».

RUSLAN

1 Fevral, 2011  21:43 Baxılıb: 1779

Bu bölmədə