Simsar.az | bizi özünüzə Simsar bilin
Fevralın ilk günlərində Azərbaycan ərazisində hava soyuq və yağıntılı keçəcək, bəzi rayonlarda qar yağacaq

Fevral ayının ilk günlərində Azərbaycan ərazisində hava soyuq və yağıntılı keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, belə hava şəraitinin müşahidə edilməsi şimaldan arktik soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ilə bağlıdır. Fevralın 1-dən 3-dək respublikanın rayonlarında fasilələrlə yağıntılar olacaq. Bəzi rayonlarda yağıntının sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Fevralın 1-də, fevralın 1-dən 2-ə keçən gecə və səhər saatlarında yağıntıların ayrı-ayrı rayonlarda, xüsusilə də şimal və şərq rayonlarında intensivləşəcəyi proqnozlaşdırılır. Ötən günlərə nisbətən havanın temperaturu 4-6 dərəcə aşağı enəcək. Bakı və Abşeron yarımadasında gözlənilən yağıntılarla yanaşı, fevralın 1-də və 2-də gecə və səhər saatlarında şimal küləyinin güclənəcəyi gözlənilir ki, bu da soyuq diskomfort şəraitin kəskinləşməsinə səbəb olacaq. 

Fevralın 1-də Bakı və Abşeron yarımadasında gündüz havanın temperaturu 5, axşama doğru isə 2 dərəcə isti olacaq. Temperaturun düşməsi, eyni zamanda, güclü şimal küləyinin əsməsi nəticəsində fevralın 1-dən 2-ə keçən gecəyə doğru Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qara keçməsi istisna olunmur.

U. Tağıyeva bildirib ki, buna baxmayaraq, temperatur hələ də müsbət olaraq qalacaq. Fevralın 2-də gecə saatlarında da temperatur 1 dərəcə isti olacaq. Buna görə də qarın qalması ehtimalı çox azdır.

Azərbaycanın rayonlarında fevralın ilk 3 günündə gecə saatlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti, dağlarda isə gecə saatlarında 4-9 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

31 Yanvar, 2011  20:11 Baxılıb: 1821

Bu bölmədə