Simsar.az | bizi özünüzə Simsar bilin
Cüdoçumuz erməniyə məğlubiyyətin intiqamını aldı

İlqar Müşkiyev Dünya Kubokunun finalına vəsiqə qazandı

Yanvarın 28-də Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə kişilər arasında Dünya Kuboku start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə idmançılar 7 çəki dərəcəsindən 3-də mübarizə aparıblar. 


22 ölkənin qatıldığı turnirdə Azərbaycanın 22 təmsilçisindən 12-si tatami üzərinə çıxıb. Onlardan yalnız 1-i mükafatçılar sırasına düşüb. Bu, 60 kq çəki dərəcəsində çıxış edən İlqar Müşkiyevdir. Müşkiyev 1/8 finala təsadüf edən ilk görüşündə Ermənistan yığmasının üzvü Qriqor İvanyanı məğlub edib. İki həftə öncə Bakıda keçirilmiş “World Masters”də Rusiya millisinin erməni cüdoçusu Arsen Qalstyana 26 saniyəyə uduzan cüdoçumuz onun intiqamını İvanyandan 1 dəqiqə 31 saniyəyə alıb. Müşkiyev növbəti görüşündə latviyalı Andrey Mageri də yenərək, yarımfinala çıxıb. O, finala vəsiqə uğrunda qarşılaşmada gürcüstanlı David Asumbanini də yenib. Müşkiyev həlledici qarşılaşmada qazaxıstanlı Yerkebulan Kossayevi də üstələsə, Dünya Kubokunun qalibi olacaq.


60 kq çəkidəki digər təmsilçilərimizdən Vüqar Şirinli ikinci, Rasim Əsədullayev və Asim Xələfov isə birinci görüşündə uduzublar. 66 kq çəkidə Emil Həsənov 1/8 final mərhələsinə təsadüf edən ikinci görüşündə uduzduğu üçün bürünc medal uğrunda təsəlliverici mərhələyə qatıla bilməyib. Samir Dadaşzadə, Rüstəm Orucov və Rauf Mövlanov isə elə ilk qarşılaşmalarındaca məğlub olub. 73 kq çəkidə yer alan Ramil Qasımov, Elvin Əhmədli, Nadir Babayev və Renat Mirzəliyev də tatamiyə çıxmalarına peşman olublar. Qalan 10 cüdoçumuz yanvarın 30-da mübarizəyə qoşulacaq.


Qeyd edək ki, Tiflisdə keçirilən Dünya Kuboku 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

29 Yanvar, 2011  20:41 Baxılıb: 2900

Bu bölmədə