Simsar.az | bizi özünüzə Simsar bilin
YAP gənclərinin sədri dəyişdi

YAP Gənclər Birliyinə yeni sədr seçilib

Yanvarın 29-da Qəbələ şəhərində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin III konfransı keçirilib.

Tədbirdə YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva hesabat məruzəsi ilə çıxış edib.

O bildirib ki, YAP hazırda 520 mindən artıq üzvü ətrafında birləşdirir. Partiya üzvlərinin 39,6%-ni gənclər təşkil edir. 1995-2005-ci illərdə Gənclər Birliyinin üzvlərinin sayı 25 mindən 135 min nəfərə, son beş ildə isə 208 min nəfərə çatıb. YAP üzvü olan gənclərin 80 895 nəfəri ali təhsillidir.

Sonra YAP Gənclər Birliyinin 10-a yaxın şəhər və rayon təşkilatının sədri çıxış edərək II konfransdan bu günədək görülən işlər, əldə edilən uğurlar barədə məlumat verib.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov, təhsil naziri, YAP İdarə Heyətinin üzvü Misir Mərdanov, YAP sədrinin müavini-partiyanın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin üzvü Fəttah Heydərov çıxış edərək, Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılan uğurlardan, ölkənin tərəqqisində bu siyasi qurumun üzvü olan insanların əvəzsiz rolundan bəhs ediblər.

Tədbirdə YAP Gənclər Birliyinin ötən dövrdəki fəaliyyəti qənaətbəxş hesab edilib, 58 nəfər qurumun şura üzvü seçilib, İdarə Heyətinin 17 nəfərdən ibarət yeni tərkibi müəyyən edilib. Sonda Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Seymur Orucov YAP Gənclər Birliyinin sədri seçilib.

Qeyd edək ki, YAP Gənclər Birliyinin sədri postu Ramin Həsənov Türk PA-nın baş katibi təyin edildikdən sonra boşalmışdı

29 Yanvar, 2011  20:41 Baxılıb: 1686

Bu bölmədə