Simsar.az | bizi özünüzə Simsar bilin
Qazaxda böyük yazıçıya hörmətsizlik

Mehdi Hüseynin heykəli də sökülür, adına olan park da 

Azərbaycanın böyük şairi Mehdi Hüseynin Qazax rayonunun mərkəzi küçəsində yerləşən heykəli bir müddət bundan öncə götürülüb. Qazaxlıların Mehdi Hüseyn parkı kimi tanıdığı, əsasən rayon ağsaqqallarının yığışdığı həmin parkın içərisindəki çayxana da uçurulub. Rayon sakinləri isə bundan narazıdırlar. 
Qazax sakini İmran Mahmud deyir ki, hər gün o parka gedib, öz həmyaşıdları ilə dərdləşirmiş: «Gül kimi çayxana idi, dincəlirdik, domino, nərd oynayırdıq. İndi çayxananı da sökdülər, rəhmətliyin (Mehdi Hüseyni nəzərdə tutur) heykəlini də yoxa çıxardılar. İndi də xəbərlər dolaşır ki, başçımız parkın yerləşdiyi ərazini satışa çıxarıb».
Mehdi Hüseyn parkının yaxınlığında kafe işlədən İlqar isə deyir ki, şairin heykəli xeyli müddət bundan əvvəl götürülüb: «Əvvəllər deyirdilər ki, burada abadlıq işləri aparılacaq və heykəl ondan sonra yerinə qaytarılacaq. Bunun üzərindən bir müddət keçsə də hələ ki heç bir abadlıq işi filan aparılmır. İndi də el arasında deyirlər ki, icra başçısı buranı satışa çıxarıb. Düzdü, rəsmi şəkildə demirlər ki satılır. Amma bəziləri deyir ki, icra başçısı 50 min manat müqabilində buranı satacaq. Lakin icra başçısının buranı hər adama satmayacağı da söylənilir. Nə bilim vallah hərə bir cür danışır. Amma onu da deyim ki, icra başçısından nə desən gözləmək olar. Rayonda o əməllər yoxdur ki, R.Hüseynov törətməsin. Kafe işlədənin, restoran işlədənin qəniminə çevrilib sanki».
Məsələ ilə əlaqədar Qazax rayonu İcra Hakimiyyətindən isə mövqe öyrənmək müşkülə çevrildi. Rayon İcra Hakimiyyətinə açdığımız aramsız zənglərə cavab verən tapılmadı.
Mövzunu diqqətdə saxlayacağıq.
Anar

29 Yanvar, 2011  18:23 Baxılıb: 1999

Bu bölmədə