Simsar.az | bizi özünüzə Simsar bilin
Ərəb inqilablarının Azərbaycana dəxli var

Zərdüşt Əlizadə: “Hakimiyyət müsəlman ölkələrində baş verənlərdən qorxar, amma islahatlara getməz”

Eldar Namazov: “Əgər ciddi islahatlar aparılsa, gözlənilən gərginliyi aradan qaldırmaq olar”

Ərəb ölkələrində cərəyan edən siyasi hadisələr, hakimiyyət dəyişikliyi digər öləkələrin xalqlarında inam, iqtidarlarında isə narahatlıq yaradıb. Tunisdə xalq hakimiyyətin zülmlərinə dözməyərək ayağa qalxıb avtoritar, ailəni devirdi və ölkədən qaçmağa məcbur etdi.  
Misirdə də sadə insanlar, gənclər Hüsnü Mübarəkin əməllərinə dözməyərək ayağa qalxıb. Qahirədə xalq etirazları bu gün də davam edir. Artıq paytaxt ələ keçirilib, şəhərdə fövqəladə vəziyyət elan olunub.
Yəməndə də eyni ssenari davam edir. Yüzlərlə insan ayağa qalxaraq Əli Abdulla Salehi on illərlə davam edən hakimiyyətindən əl çəkməyə çağırırlar.
Ərəb ölkələrində baş verən bu üsyanların son dayanacağı
hara olacaq?

Müxalifət ümidlə yaşayır

Artıq bir çox ölkələrdə bu qanlı hadisələr yeni siyasi dəyişikliklərə təkan vermiş kimi görünür. Azərbaycan da bu sırada istisna deyil.
Hakimiyyəti ərəb ölkələrində baş verənlərlə qarşılaşmamaq üçün çevik qərarlar qəbul edib, islahatlar aparacaq.
Mətbuatın yazdığına görə, bu islahatlar paketi artıq hazırdır.
Belə ki, prezident İlham Əliyevin tapşırığı ilə dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasını keçirib.

Hakimiyyətin açıq bəyanatı: «Dövlət qurumları korrupsiyaya bulaşıb...təmizləmək lazımdır»

AzərTAc-ın yaydığı məlumata görə, Ramiz Mehdiyev deyib: “Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.
Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs etmiş, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənmiş, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub.

Bu, böyük etirafdır

Komissiyanın toplantısında aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Bu yayılan rəsmi məlumatdır. Amma deyilənlər daha çox hansısa beynəlxalq təşkilatın Azərbaycandakı vəziyyətlə bağlı tənqidi hesabatını xatırladır. Sanki Administrasiyanın rəhbəri bu günə qədər bütün sahələrdə olan neqativ faktlarla bağlı səsləndirilən fikirləri qəbul edib və onların aradan qaldırılması üçün belə bir tədbir keçirib.
Əvvəlki tədbirlərdən fərqli olaraq bu dəfə diqqət çəkən məqam iclasın iclasın daha tünd olmasıdır. Korrupsiya, rüşvətxorluq, monopoliya, özbaşnalıq, sahibkarların incidilməsi və s. məsələlər etiraf olunub və onların aradan qaldırılmasına rəsmi göstəriş verilib. Müxalifətin qaldırmalı olduğu məsələləri, xalqın maraqlarına xidmət edən islahatları hakimiyyət özü vacib amil kimi səsləndirib və bu istiqamətdə işləmək niyyətindədir.

Zərdüşt Əlizadə: «...nə də məmurlar hakim ailənin dannaqlarına qulaq asacaq»

Amma politoloq Zərdüşt Əlizadə pessimistdir. «Gündəm siaysət»ə açıqlamasında bildirib ki, mövcud hakimiyyətin korrupsiyaya qarşı mübarizə aparması mümkün deyil: «Mən 50 ildir ki, qəzet oxuyur, siyasi prosesləri izləyirəm. Kommunist Partiyasının hər yeni iclası əvvəlki iclasdan daha sərt tonda keçirilirdi. Çıxış edənlər sənayedə və kənd təsərrüfatı sahələrində islahatların aparılmasının vacibliyindən danışırdılar.
Vəziyyət o yerə çatdı ki, hər bir SSRİ vətəndaşının mənzillə təmin olunması məsələsi qaldırıldı. Axırı onunla yekunlaşdı ki, SSRİ tarappadan yıxıldı və tarixin arxivinə gömüldü. Rusiya ziyalıları yazırdılar ki, Avropanı görən ruslar ölkəyə qayıdandan sonra islahatların aparılması məsələsini qaldırırdılar. Bu yöndə uzun-uzadı müzakirələr aparılırdı. Amma islahat aparmağa gələndə heç nəyi dəyişdirə bilmirdilər. İndi Azərbaycanda da vəziyyət belədir. Korrupsiya Azərbaycan hakimiyyətinin siyasi kursunun anna xəttini təşkil edir. Ramiz Mehdiyevin dediyi kimi korrupsiya bütün sahələrdə - polisdə, təhsildə, səhiyyədə, ədliyyədə və başqalarında var. Hakimiyyət pramidasının başında duran insanların korrupsiya ilə mübarizə aparacaqlarına inanmıram. Bu mənə Büro üzvlərin islahatlar aparmasını xatırladır. Sinqapurun baş naziri ölkəsindjə korrupsiyanın kökünü necə kesməsi barədə suala cavab verərkən deyib ki, o, əvvəlcə xəbərdarlıq edib. Sonra isə korrupsiya ilə məşğul olan ən yaxın dostunu həbsə atdırıb. Bununla da Sinqapurda korrupsiyanın kökü kəsilib».
Politoloqa görə, hakim ailə nə Ərəb dünyasında baş verən etirazlardan ibrət götürəcək, nə də məmurlar hakim ailənin dannaqlarına qulaq asacaq: «Əgər hakimiyyət sisteminin özü islahatlara hazır deyilsə, əvvəldən-axıra qədər hər şey zor üzərində qurulubsa, hansı dəyişiklikləri gözləmək ola bilər. Hakimiyyət müsəlman ölkələrində baş verənlərdən qorxar, amma islahatlara getməz».

Eldar Namazov: «100 min adam meydana çıxır, heç nəyi dəyişə bilmir»

Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov simsar.az-a açıqlamasında bildirdi ki, əgər ciddi islahatlar aparsa gözlənilən gərginliyi aradan qaldırmaq olar: «Amma hakimiyyətin mövcud kadr potensialı islahatların aparılacağına olan inamı öldürür. İslahatlar barədə çox danışmaq, ictimai rəyi sakitləşdirmək olar. Real addımlar atılmayacaq».
E.Namazov bildirir ki, siyasi dəyişikliyin baş verməsi etirazlara çıxanların sayından və hakimiyyətin daxili monolitliyindən çox asılıdır: «Bəzən 100 min adam meydana çıxır, heç nəyi dəyişə bilmir. Bəzən isə 10 min adam hakimiyyəti dəyişir. Əgər hakimiyyətdaxili birlik möhkəmdirsə hər şeyi nəzarətdə saxlamaq olar».

Ruslan XƏLİL

29 Yanvar, 2011  17:41 Baxılıb: 1829

Bu bölmədə