Simsar.az | bizi özünüzə Simsar bilin
Nazirin açıqlaması abituriyentlərin kefinə soğan doğrayıb

Ekspert: “Təhsil haqlarının qaldırılmasına yox, azaldılmasına çalışmaq lazımdır” 

Dövlət məktəblərində təhsil haqları qaldırılacaq. Təhsil naziri Misir Mərdanov deyib ki, Təhsil Nazirliyi ali məktəblərdəki dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqının artırılması üçün Tarif Şurasına müraciət edəcək. Nazir deyib ki, ali məktəblərdə dövlət sifarişli ixtisaslar üzrə illik təhsil haqqı özəl ali məktəblərdəki təhsil haqqından yüksək olmalıdır. 
Nazirin bu fikrinə abituriyentlərin münasibəti birmənalı olaraq mənfidir. Söhbət etdiyimiz tələbə adını qazanmaq istəyənlərin heç biri nazirin təklifini dəstəkləmədi.
Nərgiz Qasımova : - Necə olur e bu? Məndən qabaq az pul verirdilər, mən çox pul verməliyəm? Indi neyləyək tələbə olmayaq?...
Eyvaz Kazımov: - Bizim nazir gündə bir söz deyir. Bir gün hicaba qadağa qoyur, bir gün təhsil haqqını qaldırır. Gəlib soruşan da yoxdu ki, sizin evə pul gətirən nə qədərdi və necə gətirir?
Təbriz Mehdi : - Açığı instituta girmək istəyirdim, müəlim yanına da gedirdim. Bizim nazirin açıqlamasından sonra gedib avara olacam.Nəyimə lazımdır ....
Vüsalə Əsgərova:- Atam təqaüdçüdür, anam da işləmir. Özüm işləmək istəyirəm. Ancaq indi təhsili olmayan ancaq fəhlə işləyə bilər. Təhsil haqlarını qaldırsalar, mən tələbə olmaq arzumun üstündən xətt cəkəsi olacam
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü Simsar.az saytına bildirdi ki, gələn il təhsil haqları artırıla bilər : ”Təhsil haqlarının artırılması gələn ilə planlaşdırılır. Həm də bu proses dövlət sifarişli ixtisaslar üzrə aparılacaq. Mən düşünürəm ki, təhsil haqlarının qaldırılmasına yox, azaldılmasına çalışmaq lazımdır”. Məlahət Mürşüdlünün sözlərinə görə, təhsil haqlarının artırılması artıq tələbə adını qazanan köhnə tələbələrə aid olmayacaq. Belə ki, bu, ancaq növbəti təhsil ilində universitetə qəbul olanlara aiddir.
Pullu təhsil tələbələr arasında təbəqələşmə yaradacaqmı sualına gəlincə, Mətanət Mürşüdlü bildirdi ki, pullu təhsilin tətbiqi zamanı tələbələrin ailə vəziyyəti də nəzərə alınmalıdır: “Sözsüz ki, cəmiyyətimizdə hər kəs eyni iqtisadi duruma, imkanlara malik deyil. Düşünürəm ki, burada ailə vəziyyəti nəzərə alınacaq. Əgər bu baş verərsə, imkansız ailələrin uşaqları çətinlik çəkəcək. Bu halda ya universitet, ya da dövlət həmin tələbələrə dəstək olmalıdır. Azərbaycan cəmiyyətinin, ailələrinin şəraitini nəzərə alaraq həyata keçirilsə, problem olmayacaq.”.
AYNURƏ

28 Yanvar, 2011  22:02 Baxılıb: 1857

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası