Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident İsa Qəmbərə «İstiqlal» ordeni verə bilər?

Pənah Hüseyn buna inanmır, Fərəc Ulusoy isə «hər kəsin haqqı verilməlidir» deyir

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” sərəncamında bir sıra tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul edib. 
Sərəncamda bildirilir: “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.
2. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
3. Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
43 deputatın təşəbbüsü ilə hazırlanan Müstəqillik Aktı layihəsi 1991-ci il oktyabrın 18-də qəbul olunub.
Müstəqillik Aktı layihəsini hazırlayan və onun qəbulunun lehinə səs verən deputatların əksəriyyəti bu günə qədər dövlət tərəfindən lazımınca qiymətləndirilməyiblər. Akı imzalayanlar arasında hazırda Müsavat Partiyasının başqanı olan İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiysının sədri Tahir Kərimli, Milli Dirçəlik Hərəkatının lideri Fərəc Ulusoy və başqaları var. Aktı imzalayanların bəziləri sağlığında dəyərləndirilmədən dünyalarını dəyişiblər.
Digərləri isə artıq yaşlanıb. Maraqlıdır ki, ötən illər ərzində «İstiqlal» ordeni ilə təltif olunan şəxslərin bəzisi hətta istiqlaliyyətin əleyhinə çıxmış insanlardır.
Bəs görəsən, müstəqilliyimizin 20-ci il dönümündə müxalifət liderləri «İstiqlal» ordeninə layiq görülə bilərlərmi?
Sabiq millət vəkili Pənah Hüseynin sözlərinə görə, siyasi reallığı nəzərə alsaq bu sual yersiz səslənir: «İndiki hakimiyyətin istiqlaliyyətin əldə olunmasında xidməti olmuş insanlara, qüvvələrə ən böyük yaxşılığı iqtidardan getməsidir. Mövcud iqtidar hakimiyyətdən əl çəkməli, demokratik seçki yolu ilə yeni hakimiyyət yaradılmalıdır. Məhz bundan sonra digər məsələlər müzakirə oluna bilər».
Milli Məclisin deputatı Fərəc Ulusoy özünü istiqlalçı deputat sayır: «Mən müstəqil Azərbaycan parlamentinin ilk deputatı olmuşam. Mən aktı imzalıyanlardan birisiyəm. Və buna görə heç kəsdən çox sağ ol gözləmirəm. Amma eyni zamanda həmin akta imza atan bütün deputatların addımlarını təqdir edirəm. Hesab edirəm ki, hər kəsə eyni münasibət göstərilməli, hər bir insanın haqqı özünə verilməlidir».

RAMİL

27 Yanvar, 2011  19:16 Baxılıb: 2278

Bu bölmədə