Qənirə Paşayeva: “Daha sərt mexanizmlər tətbiq olunmalıdır”
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 25-də keçirilmiş plenar iclasında fransalı məruzəçi Jan-Klod Minyonun “Avropa Şurasında islahatlar” adlı hesabatı ətrafında keçirilən müzakirələrdə çıxış edib. Millət vəkili çıxışında AŞPA-nın qəbul etdiyi qətnamələrə üzv ölkələrin əməl etməməsini xüsusi vurğulayıb: “AŞPA-da qəbul olunan qərar və qətnamələrin yerinə yetirilməsi üçün daha ciddi mexanizmləri axtarıb tapmalı və işə salmalıyıq. Çünki bir çox qərarlar üzv ölkələrin bir çoxunda yerinə yetirilmir. Sadəcə, bir neçə ölkə üzrə monitorinq aparmaq yox, bütün ölkələri monitorinq altında saxlamaq lazımdır. O zaman biz bir çox problemlərin qarşısını vaxtında ala biləcəyik. Ən vacib məsələlərdən biri də odur ki, AŞPA-nın nüfuzunun gözlənilməsi, ona etimad göstərilməsi və hörmət edilməsi üçün qəbul olunan qərarların üzv ölkələr tərəfindən yerinə yetirilməsinə çalışmaq lazımdır. Burada çıxış edən Ermənistan nümayəndəsi, xanım Zöhrabyan ölkəm haqqında yalan və böhtan dolu məlumatlar verdi, guya ki, Konstitusiyamıza etdiyimiz dəyişikliklərin AŞ-nın normalarına uyğun gəlmədiyini, onun prinsiplərinə zidd olduğunu dedi. Əslində isə belə deyil. Bizim Konstitusiyaya etdiyimiz dəyişikliklər insan haqları və demokratiyanın inkişafı baxımından çox vacibdir və biz dövlət olaraq, hər zaman AŞ-ya və onun qərarlarına çox böyük hörmətlə yanaşmışıq. Amma gəlin görək bu hörməti, bu sayğını Avropa Şurasına, onun qərarlarına, təməl prinsiplərinə xanım Zöhrabyanın ölkəsi olan Ermənistan göstərirmi? AŞ-nın təməl prinsiplərindən biri də odur ki, bir üzv ölkə digər üzv ölkənin ərazisini işğal edə bilməz. Amma AŞ-nın üzvü olan Ermənistan təşkilatın digər üzv ölkəsi Azərbaycanın 20 faiz ərazilərini işğal edib və 20 ildir, bu əraziləri işğal altında saxlayır”.
26 Yanvar, 2011 22:31 ⁄ Baxılıb: 3442
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |