Simsar.az | bizi özünüzə Simsar bilin
KİTAB OXUYANLARIN SAYI GETDİKCƏ AZALIR.

GƏNCLƏR KİTABDAN UZAQ DÜŞÜB

Kitab oxuyanların sayı azalır. Bu tendensiya çoxdan başlayıb, bu gün də davam edir. İnternet insanların istər bədii, istərsə də elmi ədəbiyyat oxumağa marağını azaldıb. Əgər 10 il əvvəl nəinki kitabxanalarda, hətta metro və ictimai nəqliyyatda da kitab oxuyanlara tez-tez rast gəlinirdisə, indi onların sayı barmaqla sayılacaq qədər azalıb. Kompüter əsrində yaşayıb, gündəlik informasiyaların əksəriyyətini internet vasitəsilə əldə etdiyimiz üçün kitab öz aktuallığını itirib. Elektron kitabxanaların mövcudluğu müxtəlif oxucu təbəqəsinin zövqüncə olsa da, canlı kitabla ünsiyyətin əvəzsiz olduğunu düşünənlər hələ də var. 

İNSANLAR DAHA ÇOX ELEKTRON KİTABXANALARA ÜSTÜNLÜK VERİRLƏR.

Kitab Klubunun direktoru Elxan Rzayevin fikrincə, elektron kitabxanaların mövcudluğu son zamanlar oxucu sayının artmasına təsir göstərib. “Elektron kitabxanaların öz yeri var, adi kitabxanaların öz yeri. Elektron kitabxanaların üstünlüyü ondan ibarətdir ki, kitab materiallarının arxivləşdirilməsi məsələsində onun əvəzi yoxdur. Milyonlarla kitabı fərdi komputerin yaddaşına yığmaq mümkündür. Elektron kitabları oxuyanların sayı gündən günə artır”.

KİTAB OXUMAĞA MARAĞI ARTIRMAQ VACİBDİR.


Kitabxana mənəviyyat, bilik və zəka mənbəyidir. Bu mədəniyyət ocağında illərin yadigarı olan yaradıcılıq nümunələri ilə dövrünün görkəmli ədəbiyyat, elm xadimləri və oxucu arasında sirli üunsiyyət yaranır.
Axundov adına milli kitabxanın direktoru Kərim Tahirov texniki vasitələrlə məlumat toplamağın kitabla ünsiyyətdən fərqinin çox olduğunu deyir: ”Elektron kitabxana operativliyi təmin edir. Oxucunun vaxt itirib kitabxanaya gəlmədən, öz evində, öz iş yerində kitabdan istifadə etmək imkanı yaranır. Amma kitabla canlı təması heç bir şey əvəz edə bilməz. Kitabla canlı üunsiyyət, alınan zövqlər, təsir mexanizmi fərqlidir”.
Kitabxanada kataloqda olan kitabların bəzən oxucuya verilməməsi məsələsinə münasibət bildirən Kərim Tahirov yaxın vaxtlarda bu məsələlərin də aradan qalxacağını bildirdi: "Azərbaycan Milli Kitabxanasında mövcud olan kataloq artıq öz ömrünü başa vurmaqdadır. Hazırda elektron kataloq yaranır və bütün kataloqlar yenilənir”.

KİTABXANALARIN MODERNLƏŞMƏYƏ EHTİYACI VAR


Mədəniyyət və Turizm Nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova: ”Azərbaycan kitabxanalarında ilk olaraq modernləşmə çox vacibdir. Onların yenidən qurulması, orada təmirin olması, yaxşı şəraitin yaradılması, internet xətlərinin olması, komputer avadanlıqlarının olması, elektron kataloq və elektron kitabxanaların olması kitabxanaya daha da çox oxucu gətirə bilər.

KİTAB MAĞAZASINA ƏSASƏN ƏCNƏBİLƏR VƏ RUS DİLLİ AZƏRBAYCANLILAR ÜZ TUTUR


Son zamanlar kitab dükanlarında qiymətlərin artımı, kitab oxumağın aktuallığını azaldıb. Bakıdakı ən məşhur mağazalardan biri – “Əli və Nino” mağazalar şəbəkəsində satılan kitabların 90 faizi rusca, 6-7 faizi ingiliscə, cəmi 3-4 faizi azərbaycancadır. Mağazanın direktoru Nigar Köçərli belə deyir: “Biz kitabları bazarın tələbinə uyğun gətiririk. Paolo Koelonun “Əl-kimyagər” əsəri bizdə həm Azərbaycan, həm də rus dilində var, amma adamlar daha çox rusca alırlar. Səbəbini soruşanda deyirlər ki, tərcümə xoşumuza gəlmir”.

 

AYNURƏ HƏSƏNOVA

26 Yanvar, 2011  21:40 Baxılıb: 2727

Bu bölmədə