Simsar.az | bizi özünüzə Simsar bilin
LEYLA YUNUSUN OFİSİNDƏ GÖRÜŞ: İSLAMÇILAR QƏRB DİPLOMATLARI İLƏ BİR ARAYA GƏLİBLƏR

Qərb dindarların həbsini diqqətdə saxlayır

Yanvarın 25-də Azərbaycan İslam Partiyasının nümayəndələri Norveç, ABŞ və Avropa Birliyi ölkələrinin Azərbaycandakı təmsilçiləri ilə görüşüblər. Görüş Sülh və Demokratiya İnstitutunun ofisində keçirilib. “Faktxeber.com” saytının məlumatına görə, AİP Salyan komitəsinin sədri İnqilab Əhədli və Baş Məclisin üzvü Natiq Kərimlinin diplomatlarla görüşündə dindarların həbsindən danışılıb. 

Görüşün təşəbbüskarı olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus qeyd edib ki, bu, islamçılarla Qərb diplomatlarının ilk görüşüdür: “Məqsəd diplomatları Azərbaycan İslam Partiyası üzvlərinin kütləvi həbsi barədə məlumatlandırmaq idi. Görüşdə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun vəkili Anar Qasımov da iştirak edirdi. O, müdafiə etdiyi şəxsin həbsi zamanı yol verilən qanun pozuntularından danışdı”.

Yanvarın 7-dən Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb.

Partiya lideri Mövsüm Səmədov Mövsüm Səmədova qarşı Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi qaldırılıb - 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə); 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama).

Onun əmisi oğlu Dəyanət Səmədov Cinayət Məcəlləsinin 228.3-ci maddəsi ilə ittiham olunur.

Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin hansı maddə ilə ittiham olunduğu bilinmir. Onun həyətindən silah çıxıb.

AİP təşkilat şöbəsinin müdiri Vaqif Abdullayev Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunur.

Partiyanın Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ittiham olunur.

DİN-nin rəsmisinin verdiyi məlumata görə, Masallının Xıl kəndinin axundu Hacı Fəramiz Abbasovun evindən silah tapılıb. Lakin rəsmi məlumatda onun hansı maddə ilə ittiham olunduğu qeyd edilməyib.

Partiya üzvü olanlardan başqa ilahiyyatçı dindarlar da saxlanılıb və barələrində cinayət işi qaldırılıb. İlahiyyatçı Zülfüqar Mikayılzadəyə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Gəncədən olan dindarlar Azər Cəbiyev və Fəxri İlyasov barəsində isə Cinayət Məcəlləsinin 221.3 (qrup halında xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

26 Yanvar, 2011  19:08 Baxılıb: 1995

Bu bölmədə