Simsar.az | bizi özünüzə Simsar bilin
İQBAL AĞAZADƏ TƏHSİL NAZİRLİYİNİ İTTİHAM ETDİ

«hökumət xarici qüvvələrin Azərbaycanda qarışıqlıq salmalarına şərait yaratmamalıdırlar»

«Region həddən artıq həssasdır və etnik milli konfliktlərlə çox üz-üzə qalmış bir regiondur. Bura daxili qeyri-stabillik də əlavə olunsa, bu qeyri-stabillikdə qanunların vasitəsi ilə idarə olunan siyasi partiyalardan kənarda formalaşan qruplar da ortaya çıxsa, çətin olacaq. Yəni hakimiyyət yeni siyasi münasibətlər sisteminin yaranmasına imkan verməsə, qanundan kənar formalaşan qüvvələr meydana çıxacaq».
Bunu Simsar.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
İ.Ağazadə son vaxtlar islamçıların fəallaşmasının günahını hakimiyyətdə görür: «Ümumiyyətlə, mən indiki mərhələdə hicaba qadağanın qoyulmasının tərəfdarı deyiləm. Bu insanların vicdan və əqidə azadlığının kobud şəkildə pozulmasıdır. Əgər hökumət orta məktəblərdə şagirdlərin hicab geyinməsini istəirsə və hesab edirsə ki, bu təhsilin keyfiyyətinə mənfi təsir göstərir qanunvericilikdə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etməlidir. Hələlik isə vahid məktəbli forması ilə bağlı qanunvericilikdə heç bir bənd yoxdur. Bunu qanuniləşdirəndən sonra şagirdlərin məktəblərə hicabla gəlməsinə qadağa qoymaq olar. Təhsil Nazirliyi və digər hökumət qurumları xarici qüvvələrin hicab məsələsindən istifadə edib Azərbaycanda qarışıqlıq salmalarına şərait yaratmamalıdırlar. Düşünürəm ki, yaranmış problemin günahı Təhsil Nazirliyindədir».
Onun sözlərinə görə, parlament seçkilərindən sonra müxalifətin zəifləməsi əslində arzuolunan hal deyil: «Hər bir partiyanın qalxış və eniş dövrləri olur. Ola bilər ki, hansısa partiya tənəzzül dövrünü yaşasın, proseslər fərqli istiqamətə getsin, amma bütövlükdə köhnələrdən daha çox əslində yeni mübarizə üsulu olan siyasi xətt üstün gələcək. Diqqət etdinizsə, parlament seçkilərində bəzi müstəqil şəxslər adlı-sanlı müxalifət nümayəndələrindən daha yaxşı kampaniya apardılar. Bu adamlar artıq siyasətin qapısını döyürlər, siyasətə yeni nəfəs gətirirlər. Təbii ki, bu, növbəti illərdə özünü göstərəcək».
«AXCP-Müsavat Partiyası birliyi» məsələsinə də münasibət bildirən İ.Ağazadə qeyd edib ki, o, başqa partiyalar haqqında fikir yürütməyi özü üçün düzgün saymır: «Birləşirlərsə birləşsinlər. Allah işlərin avand eləsin. Qaldı ki, prosesləri izləməyim. Mən mətbuatı yaxından izləyirəm. Bir oxucu olaraq məlumatlarla qəzetlər, saytlar vasitəsilə tanış oluram».
Rəsulzadə-Elçibəy yolunda olan partiyaların birlik məsələsinə gəlincə partiya sədri: «Rəsulzadə-Elçibəy yolu barədə danışanlar ictimaiyyətə açıqlasınlar görək bu yol nədən ibarətdir? Bu yolun fəlsəfəsi nədir? Əgər Rəsulzadə-Elçibəy yolu, ideologiyası Azərbaycan demokratikləşməsinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edirsə, təbii ki, biz də bu yoldayıq».

RAMİL

26 Yanvar, 2011  17:26 Baxılıb: 1999

Bu bölmədə