Simsar.az | bizi özünüzə Simsar bilin
BAKI KƏNDLƏRİNDƏ TORPAQ İŞĞALI? (araşdırma)

Bakı Kəndlər İctimai Birliyinin sədri Nəsir Ağayev həyacan təbili çalır

Bakı kəndlərinin torpaqlrının zəbt olunması məsələsi yenidən gündəmin mövzusuna çevrilib. Kəndlərin əhalisi məmur özbaşnalığı nəticəsində torpaqlarını itirdiklərini, xaricilərin hektarlarla kən torpağına sahiblənməsinə etiraz edirlər. «Simsar»ın əməkdaşı ilə söhbətində Bakı Kəndləri Birliyinin sabiq sədri, Milli Azadlıq Hərəkatının liderlərindən olmuş Nəsir Ağayev də kəndlərdə olan problemlər, torpaqların ayrı-ayrı şəxslər tərəfindən zəbt edilməsi və bunun yaratdığı fəsadlarla bağlı danışıb. Onun sözlərinə görə bu gün ictimaiyyəti narahat edən ən böyük aqrar problemlərdən biri torpaq məsələsinin düzgün həll olunmamasıdır: «Zahirən görünüş gözəldir. Villalar tikilir, rahatlıq var. Amma əslində bu rahatlıq Bakı kəndlərinə və onların sakinlərinə aid deyil. Xaricilərdir bu villaların sahibləri. Elə evlər var ki, onun həyatyanı ərazisi hektarlarladır. Yerli əhali isə 3 sot torpaq tapa bilmir ki, orada ev tiksin. Bir zaman mətbuatda yazıldı ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Bakı kəndlərinin torpağını zəbt edib. Düzdü bu amil də var. Amma bu yalnız Eskuderonun məsələsi deyil. Ondan əvvəllər də bu sahələr satılırdı. Təəsüf ki, Bakı kəndlərinin torpaq probleminin Milli Məclisin gündəliyinə çıxarılıb müzakirə edilməsi nədənsə gecikdirilir». 

Xaricilərin torpaq işğalı

N.Ağayev deyir ki, əgər erməni təcavüzkarları, separatçı qüvvələr Azərbaycanın 20 faiz torpağını işğal edibsə, Azərbaycanın malı, mülkü ilə qidalanan xaricilər torpağın 40 faizini öz hesablarına keçiriblər: «Kasıb təbəqəyə isə cəmi 25 faiz ərazi qalır. Bu da sual altındadır. Belə bir şəraitdə kənd caamatının həyacan siqnalı çalması çox təbiidir. Çünki, biz dinc dövrdə, müharibə aparılmayan ərazidə hektarlarla torpağı itiririk. Bəzən deyirlər ki, Qarabağda torpağı satdılar. Bəs Bakıda? Paytaxtda bu gün torpaq alveri gedir. Əraziləri alanlar kimlərdir, satanlar kimlərdir, onların arxasında dayananlar kimlərdir. Söhbət bundan gedir. Hələ 1992-1993-cü illərdə çağırış edilmişdi ki, bunun qarşısı alınsın. Yəni mülkiyyət üzərində xalqın sahiblik hüququ özünə qaytarılsın. Çünki bu demokratiyanın əsas prinsiplərindən biridir. Demokratiya yalnız seçki dövründə, məişət şəraitində deyil, eləcə də iqtisadi sahədə də özünü göstərməlidir. Yəni bərabər iqtisadi hüquqlara malik olan məmləkət rahat yaşaya bilər». N.Ağayev vurğulayıb ki, Məhəmmədi ərazisindən keçəndə adamı dəhşət bürüyür: «Ağla gəlməyən yerlərdə villalar tikilir. Bəs əkin yerləri hara getdi? Bu torpaqlarda bir dənə də olsun əkin yeri qalmayıb. Eləcə də Digahda, Maştağı ilə Kürdəxanı arasında, Buzovnada, Türkanda, Zeytunluqda belə tikililər əmələ gəlib. Bunlar kimlərinsə monopolyasındadır. Artıq heç kim hərəkət edə bilmir. Cəsarət göstərənlər isə xalqdan, dövlətdən, millətdən kənar qüvvələrin əli ilə elə vəziyyətə salınır ki, bu həqiqəti üzə çıxarmaq üçün uzun hüquqi proses lazımdır».

Gənclər evlənmək istəmir

N.Ağayev bildirir ki, torpaqların satılması sanki əhalini biganələşdirib: «Çünki bu əhali nə üçün mübarizə aparıbsa, onu itirib. Torpaq üçün mübarizə aparanların təqribən yarısı aldığı torpağı satıb. Satıb yenidən torpaq axtarışındadır ki, bu da yerli caamatın qüsurlarından biridir. Gəlin Abşeron rayonundakı demoqrafiq quruluşa nəzər salaq. Demoqrafiq quruluş iki halda - böyük müharibələr və təbii fəlakətlərdən dəyişir. Azərbaycan ərazisinin təcavüzə məruz qalması demoqrafiq strukturu eybəcər hala salıb. Məsələn elə adam var ki, qeydiyyatı Xızıdadır, özü isə Keşlədə məskunlaşıb, qeydiyyatı Altıağacda olan mənzilini Buzovnada tikib. Bu çox maraqlı və acınacaqlıdır. Bunun nəticəsidir ki, Bakı kəndlərində ailə qurmaq istəyən gənclər evlənmirlər. Səbəb isə ev tikməyə torpaq sahəsini tapa bilməməsidir. Gənclər evlənmək üçün ya Qubaya ya da başqa bir rayona torpaq almaq üçün üz tutmalıdırlar. Təsəvvür edin ki, Abşeronda elə kənd var ki, Azərbaycanın bütün rayonlarından orda adam var. Yəni qəsəbələrdə və kəndlərdə urbanizasiya elə eybəcər formada aparılır ki, bu heç bir qanuna uyğun deyil. Qanunauyğunluqlar pozula-pozula gedir. Kim nəyi bacarırsa satır, kim nəyi bacarırsa alır. Kimin adamı varsa, o qanundan qabaqda gedir. Adamı olmayan isə qabaqda gedənlərin əli ilə əzilir. Bu gün Abşeron ərazisində hasara alınmış torpaq sahələri hazır cinayət işidir. Sadəcə araşdırma aparılmalıdır ki, bu hasarları kim və nə haqla çəkib. Bu elə torpaq qıtlığının yaranmasıdır. Eyni zamanda bu Bakı kəndlərinin psixologiyasına da təsir göstərir. Əxlaqi vəziyyəti dəyişdirir. Bununla da əhali biganələşir».

Vaxtilə paytaxt buraların məhsulu ilə yaşayırdı

Torpaqların zəbt olunması ilə təsərrüfatçılığın da sıradan çıxdığını deyən N.Ağayev qeyd edir ki, əgər Buzovnada təsərrüfatçılıq üçün sahələr vardısa, bu gün onlar yoxdur: «Ona görə də xaricdən gətirilən mallara ehtiyac yaranır. Cürbəcür marketlər, xarici şirkətlər keyfiyyətsiz mallarını əhaliyə sırıyır. Ümumiyyətlə demək olar ki, Abşeron kəndlərinin təsərrüfatçılığı sıfra bərabər olub ki, bunun da ilkin səbəbi torpaqların, ərazilərin alınmasıdır. Nardaranda, Bilgəhdə, Qalada, Digahda torpaq sahələri qalmayıb. Yəni Bakı kəndlərinin daxili bazarı artıq özünün istehsal etdyi mallarla dolmur. Amma vaxt vardı ki, paytaxt buranın məhsulları ilə yaşayırdı». Onun sözlərinə görə torpaqların satılması, yerli əhali ilə kənar rayonlardan gələn əhalinin qarışması kəndlərdə kriminogen duruma da mənfi təsir göstərib: «Vaxt vardı ki, arvadın ərini öldürməsi, qardaşın bacını bıçaqlaması haqqında informasiya nəinki Bakı kəndlərində, ümumilikdə Azərbaycanda heyrətlə qarşılanırdı. İndi isə belə hadisələr adi hala çevrilib. Əhalinin sanki psixologiyası pozulub. Problemlərlə bağlı tədbirlər görülməsə, bir neçə ildən sonra Abşeron kəndlərindən əsər-əlamət qalmayacaq».
Anar

25 Yanvar, 2011  22:08 Baxılıb: 2423

Bu bölmədə