Simsar.az | bizi özünüzə Simsar bilin
BƏXTİYAR HACIYEV ƏSGƏR OLMAQ İSTƏMİR

“NATİV HƏRBİ XİDMƏT MƏNİM HÜQUQUMDUR”

Yanvarın 24-də Gürcüstana getmək istəyərkən Qazax rayonunda sərhəd-keçib məntəqəsində saxlanılan gənc fəal Bəxtiyar Hacıyev hazırda Gəncə Şəhər Prokurorluğundadır. 

Bəxtiyar Hacıyev yanvarın 24-ü gecə saatlarına qədər Qazax Rayon Polis Şöbəsində saxlandıqdan sonra Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsinə aparılıb.

Yanvarın 25-i səhər isə Gəncə Şəhər Prokurorluğuna gətirilib. Burda o, Gəncə şəhər prokuroru ilə görüşüb.

Günorta saatlarında “SİMSAR.AZ” saytına açıqlamasında Bəxtiyar Hacıyev bildirib ki, hazırda ondan ifadə alınmasını gözləyir: “Prokuror haqqımda hərbi xidmətdən yayınmaqla bağlı cinayət işi açıldığını və Gəncəni tərk etməməyim barədə qətimkan tədbiri seçildiyini bildirdi. Hələlik isə ifadə verməli olduğumu söylədilər.

Məlum məsələdir, saxlanmağım yenə siyasi səbəblərdəndir. Qazaxın polis şöbəsində həddindən artıq kobud rəftar edildi mənimlə. Hətta qoluma qandal da vurmaq istəyirdilər, xeyli mübahisəmiz oldu. Mən Respublika Hərbi Prokurorluğuna ərizə yazıb müraciət etmişəm ki, nativ hərbi xidmətdən istifadə etmək istəyirəm. Bu, Azərbaycan Konstitusiyasının 76-cı maddəsinin 2-ci bəndi ilə və hərbi xidmət haqqında qanunla vətəndaşa verilən hüquqdur. Hələlik nativ hərbi xidmət haqqında qanun qəbul olunmasa da, ölkədə bir neçə vətəndaşa bu imkan yaradılıb. Mən əsaslandırılmış arqumentlərlə ərizə yazıb bildirmişəm ki, nativ hərbi xidmət mənim hüququmdur”.

2010-cu ilin noyabrında keçirilmiş parlament seçkisində 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev seçkidən bir neçə gün sonra, noyabrın 19-da təhsil üçün Gürcüstana getmək istəyərkən Qazax rayonunun Qırmızı Körpü sərhəd-keçid məntəqəsində saxlanmışdı. O zaman Konstitusiya Məhkəməsi seçkinin nəticələrini hələlik təsdiq etmədiyindən deputatlığa namizəd statusunda olan Bəxtiyar Hacıyev bir gün sonra azad edilmişdi.

Bəxtiyar Hacıyev 2007-ci ildə təsisçisi olduğu “Susmayaq.biz” saytına giriş əngəlləndikdən sonra da həbs olunmuşdu. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 12 sutka həbs cəzasına məhkum edilmişdi.

25 Yanvar, 2011  18:19 Baxılıb: 2007

Bu bölmədə