Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda prokurorluq işçiləri imtahan verirlər

Azərbaycanda prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığının səviyyəsi yoxlanılır.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində təşkil olunan yoxlamalara ötən ilin dekabr ayından start verilib. İlk olaraq Baş Prokurorluğun əməkdaşları, dünəndən etibarən isə Bakı şəhəri üzrə rayon Prokurorluqlarının əməkdaşları prosesə cəlb edilib. 100 sual çərçivəsində hazırlanan yoxlama imtahanları test üsulu ilə aparılır. Lazımı bal toplamayan şəxslər Elm Tədris Mərkəzində təşkil olunacaq kurslara cəlb ediləcəklər. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Simsar-a açıqlamasında prokurorluq orqanlarında tədris işinin daha da təkmilləşdirilməsi, işçilərin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin yüksəldilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirildiyinini bildrib. O, həmçinin qeyd edib ki, 2001-ci ildən etibarən hər həftənin şənbə günlərində Prokurorluğun bütün struktur qurumlarında tədris məşğələləri və ya seminarlar keçirilməklə, qüvvədə olan qanunvericilik aktları, beynəlxalq təcrübə, fəaliyyət istiqamətləri üzrə işin təşkili məsələləri barədə Baş Prokurorluq üzrə müvafiq əmr, sərəncam və göstərişlər ətraflı öyrənilir: “Prokurorluq orqanlarında formalaşmış tədris prosesinin təkmilləşdirilməsi yolu ilə səmərəliliyinin yüksəldilməsi və bu istiqamətdə görülən tədbirlərin stimullaşdırıcı əhəmiyyətinin daha da artırılması məqsədilə, prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyələrinin mütəmadi olaraq yoxlanılması prosedurları müəyyənləşdirilməklə bu barədə müvafiq qaydalar işlənilib hazırlanıb. Qeyd edilən qaydalara müvafiq olaraq prokurorluq işçiləri Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən həyata keçiriləcək həmin yoxlamalara cəlb ediləcəklər. Əsas məqsədi əməkdaşların nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi olan bu yoxlamalarda zəruri tələblərə uyğun bilik nümayiş etdirməyənlərin Elm-Tədris Mərkəzində təşkil ediləcək ixtisasartırma kurslarına cəlb edilməsi kimi vasitələrdən istifadə olunacaqdır. Yoxlamanın nəticələri prokurorluq işçilərinin attestasiyadan keçirilməsi və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı nəzərə alınacaqdır”.

25 Yanvar, 2011  16:24 Baxılıb: 2175

Bu bölmədə