Simsar.az | bizi özünüzə Simsar bilin
NÖVBƏTİ MÜHARİBƏ BƏYANATI

Əli Həsənov: "Azərbaycan bütün beynəlxalq ictimaiyyətə və işğalçı qüvvələrə bir daha xəbərdarlıq edir"

- Bir neçə gün öncə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı tərəfindən Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlik növbəti çox ciddi bəyanat səsləndi. Dövlət başçısı bildirdi ki, Azərbaycan ordusu bu gün elə bir vəziyyətdədir ki, nəinki Dağlıq Qarabağdakı, hətta, Ermənistandakı vəziyyəti dəyişdirmək iqtidarındadır. Siz Prezident Administrasiyasının rəsmisi olaraq, dövlət başçısının bu bəyanatı barədə nə deyə bilərsiniz?

– Dövlət başçısı bu məsələni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların uzanması fonunda səsləndirdi və qeyd etdi ki, Ermənistan rəhbərliyi bu danışıqları süni şəkildə uzadır, hər dəfə razılaşdırılmış məsələləri təkrar-təkrar gündəmə gətirməklə problemin həllinə süni maneçilik yaradır. Bu da bizə əsas verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yönümündə digər nativ məsələlər haqqında düşünək və gələcəkdə belə davam edəcəyi təqdirdə, Azərbaycan digər vasitələrə əl atmaq məcburiyyəti ilə üzləşə bilər.

Odur ki, cənab prezident iclas zamanı ordu quruculuğunun, ölkədə hərbi sənayenin inkişafı faktlarını diqqətə çatdırdı və son illərdə Azərbaycanın hərbi büdcəsinin getdikcə artdığını, 2011-ci il üçün bu büdcənin Ermənistanın ümumi dövlət büdcəsindən artıq olduğunu nəzərə çatdıraraq, bunu bu danışıqları süni surətdə uzatmağa çalışan Ermənistan rəhbərliyinə, eləcə də, məsələnin həllində ciddi iradə ortaya qoymayan beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna, onun həmsədrlərinə bir mesaj kimi ünvanladı. Əlbəttə, cənab prezident birmənalı bəyan etdi ki, Azərbaycan öz torpaqlarının başqa bir dövlətin tərkibinə keçməsinə və yaxud da Azərbaycanın ərazi bütövlüyünün pozulmasına heç vaxt razı olmayacaq.

Cənab prezident burada beynəlxalq hüququn normalarını da xatırlatdı və son bir ildə həm Avropa Parlamentinin, həm NATO sammitinin qərarlarını diqqətə çatdırdı ki, bu sənədlərdə də Azərbaycanın ərazilərinin işğal olunması və ərazi bütövlüyünün təmin edilməsi faktı təsdiq olunub. Ona görə biz bu çərçivədən də istifadə edərək gələcəkdə torpaqlarımızın azad olunması vasitəsi kimi istənilən beynəlxalq və daxili imkanlarımızdan istifadə edəcəyik.

– Prezidentin bu bəyanatından təxminən bir neçə gün öncə müxalifət qəzetlərində də Azərbaycanda müharibəyə start veriləcəyi ilə bağlı yazılar yer almışdı. Bunun üstündən çox qısa müddət keçəndən sonra isə bu məsələ yuxarıda qeyd edildiyi kimi, dövlət başçısının özü tərəfindən dilə gətirildi. Belə olan halda, Azərbaycan doğrudanmı, artıq müharibəyə, hərb variantına start verir və ya verməyə hazırlaşır?

– Düşünmürəm ki, bu, müharibəyə hazırlıq startının verilməsidir. Amma Azərbaycan bununla bütün beynəlxalq ictimaiyyətə və işğalçı qüvvələrə bir xəbərdarlıq edir ki, öz torpaqlarını azad etmək hüququnu saxlayır. Bu hüququ reallaşdırmaq üçün öz iqtisadi, siyasi, hərbi qüdrətini günü-gündən artırır və bu, belə də olacaq. Bu, Azərbaycanın öz işidir və buna heç kim qarışa bilməz. Bizim ərazi bütövlüyümüzü bərpa etmək üçün istənilən vasitələrdən istifadə etməyə haqqımız var.

– Azərbaycan dövləti və ordusu müharibə aparmağa qadirdirmi?

– Azərbaycan hakimiyyəti verdiyi bəyənatın məsuliyyətini dərk edir və hesab edirəm ki, biz bu məsələlərə də hazırıq.

25 Yanvar, 2011  16:07 Baxılıb: 2066

Bu bölmədə