Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan Ombudsmanı Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib.

Müraciətdə bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğu, bunların sırasında dövlət müstəqilliyinin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyi, Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 10 illiyi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bütün dünyada olduğu kimi, bu il Azərbaycanda da insan hüquqları sahəsində mühüm beynəlxalq hüquqi aktlar olan «Vətəndaş və siyasi hüquqlar haqqında» və «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktların qəbul olunmasının 45, qüvvəyə minməsinin 35 illiyinin qeyd olunacağı da vurğulanıb.

Qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.5-ci maddəsinə əsasən, Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər. E. Süleymanova göstərilənləri nəzərə alaraq, amnistiya haqqında qərarın qəbul edilməsini təklif edib.

Müraciətdə müstəqillik dövründə sayca onuncu olan bu amnistiya aktının qəbul olunmasının ölkədə və beynəlxalq aləmdə xüsusi əks-səda doğurmaqla, Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu, demokratik dəyərlərə, humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirəcəyinə və millət vəkillərinin bu təklifi dəstəkləyəcəyinə inam ifadə olunub.

24 Yanvar, 2011  23:10 Baxılıb: 1979

Bu bölmədə