Simsar.az | bizi özünüzə Simsar bilin
EYNULLANIN MÜRACİƏTİNƏ DEPUTATLARDAN CAVAB GƏLDİ

Fərəc Ulusoy, Asim Mollazadə və Fəzail Ağamalı onun hələ xeyli cəza çəkməsini istəyirlər

Məhbus jurnalist Eynulla Fətullayev Azərbaycanın hüquq ictimaiyyətinə müraciət edib. Azərbaycan Respublikası Prokurorluğuna, Milli Məclis üzvlərinə, hüquqşünaslara, vəkillərə ünvanlanan müraciətdə jurnalist yazır: “Azərbaycan hökumətinin mənə sərgilədiyi xüsusi münasibətin nəticəsi olaraq, Azərbaycan məhkəmələrinin mənəvi terroru və xüsusi amansızlığı sayəsində çoxsaylı sifarişli məhkəmə hökmləri və məhkəmə qərarları girdabına salınmışam. Cəza aparatının yaratdığı süni hüquqi bataqlığa çəkilmişəm. 
Bu gün məni daha çox düşündürən və qayğılandıran, nə qədər paradoksal səslənsə də, həbsdə qalmağım deyil (həbsxanadakı həyatım dövlət üçün və mənim üçün normaya çevrilib), həbsdə bundan sonra hələ nə qədər qalacağımdır.
Mən nə qədər həbsdə qalacam? Və bu haqda salfetka kağız parçalarından artıq hörmətə və nüfuza malik olmayan qanun və məcəllələr nə deyir?
Mən 20 aprel 2007-ci ildə Yasamal Rayon Məhkəməsinin hökmü ilə məhkəmə zalından həbs olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişəm. Həbsdə olarkən, 3 iyul 2007-ci il tarixdə mənə qarşı yeni ittihamlar (CM-in 214.3, 283.2.2, 213.2.2-ci maddələri ilə) irəli sürülüb və barəmdə həbs qətimkan tədbiri seçilib.
30 oktyabr 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə məni həmin ittihamlarla təqsirli bilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. CM-in 66.5-ci maddəsinə əsasən, Yasamal Rayon Məhkəməsinin 20 aprel 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 aylıq cəzanın çəkilməmiş hissəsini, yəni 2 il 3 ay 17 gün müddətini 8 il 3 ayla qismən birləşdirərək 8 il 5 ay qəti cəza təyin edib. Bu məhkəmə eyni zamanda 26 sentyabr 2006-cı ildə Ramil Usubovun şikayəti əsasında mənə verilmiş 2 illik şərti məhkumluğu 1 aya çevirərək mənə qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. Cəzanın əvvəli 3 iyul 2007-ci ildən hesablanıb.
6 iyul 2010-cu ildə Qaradağ Rayon Məhkəməsi qurama narkotik işinə görə mənə 2 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib.
Avropa Məhkəməsinin qərarını icra etmiş Ali Məhkəmənin Plenumu 20 aprel 2007-ci ildə mənə təyin edilmiş 2 il 6 aylıq cəzanı ləğv edərək, cinayət işinin icraatına xitam verərək mənim dərhal azad olunmağımı qərara alıb. Eyni zamanda 30 oktyabr 2007-ci ildə təyin olunmuş 8 il 3 aylıq cəzadan üzərimdə yalnız 213.2.2-ci maddə ilə (vergi məsələsi) 3 aylıq cəzanı saxlayıb, CM-in 214.1 və 283.2.2-ci maddələri ilə cinayət işinin icraatına xitam verib. Ali Məhkəmənin Plenumu 30 oktyabr 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ramil Usubovun 2 illik cəzasının 1 aya çevirdiyi qərarı təzədən 2 ilə qaytarıb, bunun üstünə də 3 ay (vergi məsələsi) əlavə edib mənə qəti olaraq 2 il 3 aylıq cəza təyin etdi. Plenumun qərarında göstərilib: “Eynulla Fətullayevin cəza çəkmə müddətinin əvvəli 3 iyul 2007-ci ildən hesablansın”. Deməli, 3 iyul 2007-ci ildən hesablanan 2 il 3 aylıq cəza 3 oktyabr 2009-cu ildə başa çatıb.
Beləliklə, 20 aprel 2007-ci ildən 3 iyul 2007-ci ilədək Bayıl həbsxanasında və MTN təcridxanasında məhkum qismində saxlandığım müddət - 2 ay 14 gün müddəti havaya sovrulub. 3 oktyabr 2009-cu ildən 6 iyul 2010-cu ilədək 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkum və Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs kimi saxlandığım 9 ay 3 günlük müddət tamamilə unudulub.
Sadə riyazi hesablama aparaq. Həbsə alındığım ilk gündən, yəni 20 aprel 2007-ci ildən növbəti məhkəmə iclasının təyin olunduğu 25 yanvar 2011-ci ilədək üst-üstə 3 il 9 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası çəkmiş oluram.
3 il 9 ay 5 gün müddətindən Ali Məhkəmənin Plenumunun qərarı ilə mənə təyin olunmuş 2 il 3 aylıq cəza müddətini çıxdıqda məlum olur ki, mən 1 il 6 ay 5 gün müddətinə barəmdə qanuni qüvvəyə minmiş hökm olmadan cəza çəkmişəm.
Mənə gün kimi aydındır ki, narkotik işi üzrə verdiyim apellyasiya şikayəti təmin olunmayacaq və Bakı Apellyasiya Məhkəməsinin hakimləri, Qaradağ Rayon Məhkəməsinin qurama narkotik işinə görə mənə verdiyi 2 il 6 aylıq cəzanı dəyişdirmədən saxlayacaqlar. Bu o deməkdirmi ki, əgər əvvəllər həbsdə saxlandığım və indiyədək nəzərə alınmayan müddətlər cəza təyini zamanı nəzərə alınacaqsa, mən daha 300 günümü həbsxana divarları arasında keçirməli olacam?!
Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə kollegiyası heç olmazsa mənim şərti məhkum olunmağım barədə və ya mənə təyin edilmiş cəza müddətini 1 il azaltmaqla məni azadlığa buraxa bilərmi? Azad və ədalətli məhkəmənin belə qərar verməsinə hüquqi mane varmı?
Apellyasiya şikayətim təmin olunmazsa, məhkəmə kollegiyası cəzanı necə hesablamalı, 20 aprel 2007-ci ildən 3 iyul 2007-ci ilədək Bayıl həbsxanasında və MTN təcridxanasında məhkum qismində saxlandığım 2 ay 14 gün müddətini və 3 oktyabr 2009-cu ildən 6 iyul 2010-cu ilədək 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkum və Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxs kimi saxlandığım 9 ay 3 günlük müddəti hökm qanuni qüvvəyə minənədək çəkilmiş cəza kimi nəzərə almalıdırmı?
Ən nəhayət, apellyasiya şikayətim təmin olunmazsa, mən hansı rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməliyəm?”
E.Fətullayevin müraciətinə münasibət bildirən millət vəkili Fərəc Ulusoy jurnalistin hələ bir müddət həbsdə qalmasını istəyir: «Mən Eynullanı müdafiə etmirəm. Çünki o, Xocalı faciəsinin xalq cəbhəsinin silahlı qüvvələri tərəfindən törədildiyini bildirib. Məhz bu səbəbə görə onu müdafiə etmirəm. Müraciətinə də münasibətim mənfidir».
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə hesab edir ki, Eynulla Fətullayev məhkəmənin kəsdiyi hökmə uyğun olaraq cəzasını çəkməlidir: «Məhkəmə ona hansı cəzanı layiq görübsə, həmin müddət çəkilməlidir. Hələlik mənə Eynullanın müraciəti daxil olmayıb. Müraciət daxil olsa uyğun cavab veriləcək. Bütün hallarda jurnalistin həbsdə qalması yaxşı hal deyil. Amma Azərbaycan hüquqi dövlətdir. Burada hər bir kəs qanun qarşısında cavabdehdir».
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da bildirir ki, Eynulla Fətullayev məhkəmənin kəsdiyi cəza bitənə qədər məhbus həyatı yaşamalıdır: «Oturub cəzasını çəksin. Ya ada cənab prezidentdən əfv diləsin. İki halda o azadlığa buraxıla bilər. Hər kəs öz əməli qarşısında cavab verməlidir. Bu mənada Eynulla Fətullayev istisna deyil».
Media Hüququ İnstitutunun eksperti Xalid Ağaliyev isə bildirir ki, E.Fətullayevin həbsdə qalmasının heç bir hüquqi əsası yoxdur: «Ona qarşı irəli sürülən ittihamlar qanunsuzdur və sifrişlidir. Onun nə vaxt azadlığa buraxılacağını deməyə çətinlik çəkirəm».

RUSLAN

24 Yanvar, 2011  19:38 Baxılıb: 2072

Bu bölmədə